“Sazişin imzalanmasına mane olan qüvvələr ermənilərdir”

“Avropa İttifaqı ilə sazişin mayın 13-də imzalanması nəzərdə tutulur”

“Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.

XALQ.AZ  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər. Ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.

Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane olan qüvvələr ermənilərdir:

“Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.

 

Orxan