Seçicilərin 89,32 faizi İlham Əliyevi dəstəkləyir

59

 

Bu gün QHT Əməkdaşlıq Alyansı 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərinin uzunmüddətli monitorinqinin I mərhələsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda Alyansın həmsədri Rufiz Qonaqov çıxış edərək bildirib ki, monitorinq Azərbaycanın regionlarında 12 avqust – 12 sentyabr dövrünü, 6 regionu əhatə edib.

R.Qonaqov qeyd edib ki, monitorinq çərçivəsində “Prezidentliyə namizədlərdən daha çox hansına inanırsız?” sualına rəyi öyrənilən respondentlərin 89,32 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər. Rəyi soruşulanların 10 faizdən bir az artığı isə qalan namizədlərə – Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, Ümid Partiyasının namizədi İqbal Ağazadəyə, Qüdrət Həsənquliyevə, İlyas İsmayılova, Sərdar Cəlaloğluna və digər namizədlərə inandıqlarını bildiriblər.

“Bu gün seçki keçirilərsə kimə səs verərdiz?” sualına cavabında da respondentlər tərəfindən birmənalı olaraq İlham Əliyev böyük üstünlüklə irəlidədir. Monitorinqə cəlb edilən on min nəfərin 89,32 faizi, yəni 8 932 nəfəri “İlham Əliyevə səs verərdim” deyə cavab verib. Yerdə qalanları “Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə və digər namizədlərə səs verərdim”, deyə cavab verib.

Alyansın həmsədri Rəfail Becanov isə siyasi partiyaların reytinqini açıqlayıb. O bildirib ki, bu sırada da birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur. “Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərdən 8932 nəfəri, yəni 89,32 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 10,68 faizi isə digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər. Bu sırada isə 2,45 faizlə AXCP, 2,43 faizlə Müsavat, 1,31 faizlə KXCP, 1,12 faizlə ALP. 0,91 faizlə Ümid Partiyası qərarlaşıb. 2,46 faiz Ədalət, ASDP, MMP və digər partiyalar arasında bölünüb”.

Alyansın həmsədri Yadigar Məmmədli çıxışında ölkədəki seçki mühiti ilə bağlı məlumat verib. O vurğulayıb ki, aparılan monitorinqlər zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb. Onun sözlərinə görə, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı, kütləvi aksiyaların keçirilməsinə məhdudiyyətlərin qoyulması müşahidə edilməyib: Əhali seçkidə iştirak etmək, səs vermək istəyindədir. Azərbaycanda keçirilən seçkiqabağı monitorinqin nəticələrinə görə, əhalinin 89 faizdən çoxu prezident seçkilərində İlham Əliyevi dəstəkləyir. Azərbaycan seçicisinin seçkidən gözləntisi iqtisadi artımın, sosial inkişafın, infrastruktur layihələrinin davamlı olmasıdır. Ölkənin ümumi inkişafını müsbət dəyərləndirən 94 faiz respondent bu tempin qorunub saxlanılmasının tərəfdarıdır”.

Qeyd edək ki, monitorinqin növbəti mərhələsi Naxçıvanda, Bakı və Sumqayıtda keçiriləcək.