Sevinc Fətəliyeva: Ermənistan AŞPA-nın qətnaməsinə riayət etmir

AŞPA-nın 70 illik fəaliyyətinin astanasındayıq. Həyata keçirilməyən qətnamələr, qərarlar qəbul etməyimiz bəs deyilmiş kimi, hələ bir onilliklər ərzində işğalçılarla birlikdə əyləşərək qərarlarımızı yerinə yetirməyə və işğalçı siyasəti dayandırmağa məcbur edə bilmirik.

XALQ.AZ xəbər verir ki, bu fikri AŞPA-nın payız sessiyası çərçivəsində qurumun səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsi ilə bağlı müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva söyləyib.

Sevinc Fətəliyeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməyə Ermənistan riayət etməyib və qurumun bununla bağlı heç bir sanksiyası olmayıb. Qərarlar hər hansı üzv dövlətin və ya xalqın deyil, yalnız müəyyən şəxslərin maraqlarına uyğun qəbul edilir. Üzv dövlətlərə bərabər yanaşma sərgilənməli, əməkdaşlıq şərtləri eyni olmalıdır. Təşkilatımızda buna böyük ehtiyac var. Bu baxımdan Assambleyada böhran yaşamağımız təəccüblü deyil.

“Son zamanlar qərarların qəbulunda dövlətlərin və xalqların maraqlarına əsaslanmaq əvəzinə müəyyən insanların, dairələrin maraqlarını güdürük. Bəyəm AŞPA elmi tədqiqat mərkəzidir ki, sadəcə problemləri qoyur, onlara baxır və həll yolu təklif edir, hər hansı prosesə təsir və qərar qəbul edə bilmir?

Yetmiş il əvvəl parlamentarilərin mübarizə apararaq, öz həyatlarını həsr edərək müəyyən etdikləri dəyərlər son zamanlar itirilir. Fundamental azadlıqlar və insan haqları araşdırma obyekti olaraq qala bilməz, bu məsələlər ciddi qərarlar və real addımlar tələb edir. Qərarların qəbul edilməsində daha ciddi olmaq, AŞPA-nın nüfuzunu qaldırmaq lazımdır. Səyləri birləşdirərək, üzvlər arasında dialoq yaratmaq və problemləri həll etmək lazımdır. AŞPA-da həmişə əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ən yaxşı həll olub”, – deyə Azərbaycan nümayəndə heyətinin üzvü bildirib.

 

 

Orxan