Seymur Nəsirov Şəvqi Əlləm ilə görüşüb

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı- alim Seymur Nəsirov Misirin baş müftisi (şeyxi) professor Şəvqi Əlləm ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, diaspora sədri Misir ilə Azərbaycan arasında tarixi, mədəni, siyasi əlaqələrdən, Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb. Azərbaycanda müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını qeyd edib.

Professor Şəvqi Əlləm öz növbəsində Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib. O, 2017-ci ilin dekabrında, İslam həmrəyliyi ilə bağlı Bakıda keçirilən yekun konfransda iştirakından söhbət açaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşdən xoş xatirələrini bölüşdü.

Görüş zamanı müfti həzrətləri Bakı şəhərinin gözəlliyini Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi vurğulayıb. O, Misir fətva evi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında yüksək əlaqənin olduğunu və onlar arasında qarşılıqlı səfərlərin gündən-günə artdığını qeyd edib.

S.Nəsirov Misir tarixində əvəzsiz rol oynamış əslən azərbaycanlı olan tarixi şəxsiyyətlər və alimlər haqqında geniş məlumat verib. Onların arasında, əslən azərbaycanlı olmuş böyük alim İbn Həcib əl-Düvini, Əbdulhəmid əl-Şirvani Misir müftisinin marağına səbəb olub.

Qeyd edək ki, diaspora sədri S.Nəsirov hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

 

Orxan