Seymur Orucov: “Azərbaycana qarşı olan ikili yanaşmanı, ikili standartları pisləyirik”

“Azərbaycana qarşı qərəzli mövqe hər zaman olub və bundan sonra da olacaq. Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarusun qondarma Dağlıq Qarabağa dəstək nümayiş etdirməsi bunun bariz nümunəsidir”.XALQ.AZ xəbər verir ki, bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, Avropa Parlamentinə (AP) üzv olan dövlətlər fikirləşirlər ki, qondarma Dağlıq Qarabağın ərazi bütövlüyünü və suverenliyini tanımalıdır: “Amma görürsən ki, bəzən terrorçu Ermənistan dövləti və digər buna bənzər dövlətlərlə əməkdaşlıq edirlər. Təbii ki, burada əsas amil Avropa Parlamentinin Azərbaycana olan münasibətidir. Azərbaycana qarşı olan ikili yanaşmanı, ikili standartları pisləyirik. Düşünürük ki, Eleni Teoxarusu da millət vəkili seçən xalqdır, millətdir. Hesab edirəm ki, bu məsələlərdə daha diqqətli olmalıdırlar. Əgər burada söhbət demokratik dəyərlərdən, insan hüquq və azadlıqlarından gedirsə, dünyadakı proseslərə bu cür reaksiya verən insanlar AP-də olmamalıdırlar. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu BMT tərəfindən, dünyanın bütün beynəlxalq təşkilatları tərəfindən qəbul edilib. Bununla bağlı BMT-nın qərarları, qətnamələri vardır. Burada həmin o insanlar erməni lobbisinin təsiri altına düşərək dəstək nümayiş etdiriblər. Sadəcə olaraq bunlar könül bulandıran hadisələrdir”.