Seymur Orucov: “Biz hər zaman tariximizlə fəxr etməliyik”

“Ümumiyyətlə bu gün Türk dünyasının birləşməyə, daha yaxından əməkdaşlıq etməyə çox böyük ehtiyacı var”.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, Türk dünyası müəyyən problemlərinin həlli üçün ortaq hərəkət etmək məcburiyyətindədir: “Bununla belə türkdilli dövlətlərin ölkə başçıları tez-tez bir araya gəlirlər. Eləcə də parlament səviyyəsində TURKPA, Türk Konseyi, Türk Şurası, həmçinin dövlətləri, parlamentləri birləşdirən Türkdilli Dövlətlərin Parlament Assambleyası fəaliyyət göstərir. Bunlarla birlikdə də bizim ortaq keçmiş olduğumuz bir tarix var. Yəni biz kökümüz bir millətdənik və ayrı-ayrı müstəqil dövlətlərə çevrilmişik. Təbii ki, idmanın dünyada hər zaman məqsədi o olub ki, insanları bir-birinə birləşdirsin, onlara həmrəylik nümayiş etdirsin.

Qırğızıstanın İssık-Kul gölünün sahilində yerləşən Baktuu-Dolonotu kəndindəki cıdır meydanında üçüncü Dünya Köçəri Oyunlarının da birinci üstün cəhəti odur ki, biz keçmiş tariximizə nəzər salaq. Biz müəyyən torpaqlara köçəri olub gəlmişik və geri qayıdaraq gələcək gənc nəsilə bunları xatırladırıq. Həmçinin biz tarixi köklərimizi bərpa edirik və insanlarımıza nümayiş etdiririk ki, biz həmrəy olmalıyıq, məsələlərimizi birlikdə həll etməliyik. Artıq mədəniyyət sahəsinə qədər bu məsələlər dərinləşməyə başlayıb. Təbii ki, bu çox müsbət haldır. Düşünürük ki, bunu gələcəkdə ənənə halına çevirmək lazımdır. Bu, bizim keçmiş tariximizdir və biz hər zaman tariximizlə fəxr etməliyik”.

 

 

 

Orxan