Şeyx Ermənistanın törətdiyi təxribatlardan danışdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş keçirilib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, BMT rəsmisi Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edib. Migel Anhel Moratinos ötən il Azərbaycana səfərini, Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirakını və QMİ sədri ilə çoxsaylı görüşlərini məmnunluqla xatırladığını bildirib.

Şeyxülislama regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bir daha diqqətə çatdıran BMT Baş Katibinin müavini QMİ sədrinin sülh və sabitliyin əldə edilməsi istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Şeyxülislam Allahşükür Paşazadə Moratinosa son günlər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar, Ermənistanın  vasitəçi dövlətlərin səyi ilə əldə edilən humanitar atəşkəsi dəfələrlə kobud surətdə pozması, dinc əhaliyə qarşı vəhşilik törətməsi və bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 65 nəfərin həlak olması barədə ətraflı məlumat verib, dünya ictimaiyyətini bu cinayətə qarşı biganə qalmamağa çağırıb. 

Video konfrans formatında keçirilən görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirə aparıblar.