Şeyx Gürcüstan səfirini qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul etdi.

XALQ.AZ xəbər verir ki, Ölkəmizə yeni təyin olunmuş səfiri səmimi salamlayan Şeyxülislam A. Paşazadə ona fəaliyyətində uğurlar dilədi. QMİ sədri Azərbaycan və Gürcüstan arasında qədim tarixə malik dostluq və qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz üçün böyük dəyər kəsb etdiyini bildirdi. Gürcüstan Respublikasının yeni seçilmiş Prezidenti xanım Salome Zurabaşvilinin ünvanına təbrik məktubu yolladığını qeyd edən QMİ sədri yeni seçimin gürcü xalqı üçün xeyirlərə vəsilə olmasını dilədi.

Şeyxülislam A. Paşazadə xalqlarımız arasında dini-mənəvi əlaqələrin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, bu münasibətlərin nümunəvi səviyyədə mövcudluğunda Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin səmərəli əməkdaşlığının rolunu qeyd etdi. Qafqazın ağsaqqal dini liderlərindən olan Ümumgürcüstan Katalikos-Patriarxı II İliya həzrətlərinin müdrik mövqeyi və tövsiyələrinə böyük dəyər verdiyini bildirən Şeyxülislam A. Paşazadə ona uzun ömur, can sağlığı arzuladı. 40 illik fəaliyyətində hər zaman II İliya həzrətlərindən Azərbaycan xalqına və dövlətinə, Şeyxülislam olaraq şəxsinə dərin ehtiram gördüyünü xüsusi vurğulayan A. Paşazadə Qafqaz bölgəsində sülh və əmin-amanlıq, dostluq və qarşılıqlı hörmət mühitinin hökm sürməsi naminə, ölkələrimiz arasında mənəvi körpülərin daha da möhkəmlənməsi yolunda bundan sonra da Patriarxla birgə səylərini əsirgəməyəcəklərini bildirdi.

Səmimi qəbula görə QMİ sədrinə minnətdarlığını bildirən səfir Z. Pataradze Azərbaycan və Gürcüstanı yaxın qonşu, strateji dost ölkələr kimi dəyərləndirdi. Qafqazda, o cümlədən, Gürcüstanda Şeyxülislam Allahşükür Paşazadənin böyük ehtiram bəslənilən şəxsiyyət olduğunu bildirən səfir, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsi üçün gördüyü işlərə və Patriarx II İliya həzrətləri ilə qardaşlıq münasibətlərinə görə QMİ sədrinə böyük dəyər verdiklərini qeyd etdi, dinlərarası dialoqun mövcud yüksək səviyyəsinin daha da möhkəmlənməsi, yeni mərhələyə qalxması üçün səfir olaraq da hər zaman yardımçı olacağını bildirdi. Dost, qardaş ölkədə fəaliyyət göstərmək imkanından məmnun olduğunu bildirən səfir ölkələrimiz arasında həyatın bütün sahələrində əlaqələrin artan xətlə inkişaf etməsinin qürur doğurduğunu bildirdi.

Qarşılıqlı səmimi dialoq zamanı Gürcüstanda yaşayan soydaşlarımız, Azərbaycan ərazisindəki gürcü dini-tarixi abidələri və qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.