Şeyx səfirlə görüşdü

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

QMİ-nin Mətbuat xidmətindən XALQ.AZ-a bildirilib ki, görüşdə səfir R.Sekuta yeni təqvim ili münasibətilə Şeyxülislamı və onun simasında bütün Azərbaycan müsəlmanlarını təbrik edərək xalqımıza və dövlətimizə sülh, səadət və tərəqqi arzulayıb.

Şeyxülislam A. Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb.

Şeyxülislam xüsusi vurğulayıb ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, İslamdaxili həmrəylik və müxtəlif dinlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər.
QMİ sədri bildirib ki, Bakı Beynəlxalq Konfransının iştirakçıları müasir dünyada mövcud olan problem və çağırışları nəzərə alaraq, dinlər və mədəniyyətlər arası dialoqun inkişaf etdirilməsini zəruri sayaraq, bu prosesin davamlılığını təmin etmək məramı ilə «Dialoqdan həmrəyliyə: dinlər və sivilizasiyalararası əməkdaşlıq» Mərkəzi yaradılması barədə qərara gəliblər.

Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi yanında daimi fəaliyyət göstərəcək Mərkəzin Himayədarlar Şurasında və Məşvərət Şurasında müxtəlif dünya dinlərinin təmsilçilərinin yer aldığını bildirən Şeyxülislam A. Paşazadə ABŞ-dan da 2 nümayəndənin burada üzv olduğunu səfirin diqqətinə çatdırıb.

Səfir R. Sekuta, öz növbəsində, dünyada gedən proseslər fonunda, dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verən faciəvi hadisələrin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd edib. O, ABŞ-dan bu önəmli təcrübənin öyrənilməsi məramı ilə xüsusi nümayəndə heyətinin ölkəmizə baş tutmuş səfəri barədə məlumat verib. Azərbaycanda, bölgədə sülh, dinlərarası dialoq mühitinin təmin olunması işində İslam dünyasının nüfuzlu şəxsiyyətlərindən biri kimi dəyərləndirdiyi Şeyxülislam A. Paşazadənin böyük rolu olduğunu bildirən səfir, ötən ilin sentyabrında Qafqaz Müsəlmanları İdarəsi sədrinin Bütün ermənilərin Katolikos-Patriarxı II Qareginlə Moskvada baş tutan görüşünün də bu baxımdan xüsusi önəmini vurğulayıb. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini Şeyxülislamın diqqətinə çatdırıb.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.