Şeyxin filosof qızı

 

85

 

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə.

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da…
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib – onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar…

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin qızı Əmanət Paşazadə haqqındadır.

Bu ilin avqustunda 65 yaşını qeyd edəcək Allahşükür Paşazadə 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində (QMİ) çalışır. O, əvvəlcə idarənin məsul katibi, sonra “Təzəpir” məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb.

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

A.Paşazadə 1990-1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qürultayında A.Paşazadə ömürlük Şeyxülislam seçilib.
O həmçinin Qafqaz Xalqları Ali Dini Şurasının sədri, MDB Dinlərarası Şurasının həmsədridir.

1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alan A.Paşazadə Bakı Dövlət Universitetinin professorudur.

A.Paşazadə Azərbaycan Respubliksı Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Müxtəlif orden və medallarla təltif edilib.

Allahşükür Paşazadənin 5 qızı və 1 oğlu, nəvələri var.

Modern.az saytının məlumatına görə, Əmanət Paşazadə QMİ sədrinin böyük qızıdır. Ali təhsilli olan Əmanət xanım evlidir, iki övladı var.

Əmanət Paşazadə fəlsəfə elmləri üzrə doktordur.

”Qadının savadlı, təhsilli olması, gözəl əxlaqa və mənəvi dəyərlərə sahib olması çox əhəmiyyətlidir. Cəmiyyətdə qadın ləyaqəti və şəxsiyyəti nə qədər uca olarsa, insan cəmiyyəti də bir o qədər sağlam ruhlu, möhkəm və əzəmətli olar. Bu baxımdan qadının bütövlükdə, cəmiyyətin formalaşmasında oynadığı rol dəyişməz və əvəzedilməzdir” deyən Əmanət Paşazadə 2011-ci ildə “Şərq və Qərb qadınlarının həyat tərzi” mövzusunda dissertasiya müdafiə edərək, fəlsəfə üzrə doktorluq dərəcəsi alıb.

Əmanət Paşazadə bir müddət atasının yanında Qafqaz Müsəlmanları İdarəsində çalışıb. Belə ki, Ə.Paşazadə QMİ-nin İctimaiyyətlə əlaqələr və Ailə məsələləri şöbəsində aparıcı mütəxəssis vəzifəsini tutub.

Ə.Paşazadə ailə vəziyyətilə əlaqədar hazırda ölkə xaricində – İsveç Krallığında yaşayır. Bu, onun həyat yoldaşının diplomatik fəaliyyətilə bağlıdır.
Belə ki, Əmanət Paşazadənin həyat yoldaşı Adış Məmmədov Prezident İlham Əliyevin 2013-cü il avqustun 12-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeri gəlmişkən, Adış Məmmədov əvəllər Bakı Dövlət Universitetində müəllim işləyib, sonralar Prezidenti Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2000-ci ildən isə Xarici İşlər Nazirliyində işə qəbul olunan Adış Məmmədov diplomatik fəaliyyətə başlayıb. XİN-də müxtəlif vəzifələr tutub, daha sonra Azərbaycanın İrandakı səfirliyində çalışıb. Artıq 8 aydır ki, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiridir.

 

86