Şeyxi dünya səviyyəsində tanıyırlar

35

 

Cavanşir Paşazadə: “Əgər ağzında şeyx deyirsənsə, gərək ona qarşı bir az korrekt olasan”

Son zamanlar ölkə KİV-lərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin özü, yaxud yaxın qohumları haqqında silsilə materiallar dərc olunmaqdadır. Bu məlumatları mətbuata ötürənlərin məram-məqsədləri barədə müxtəlif təxminlər səslənir və hesab olunur ki, hansısa görünməz qüvvə Şeyxi vurur.

Bəs dini lider özü bu barədə nə düşünür? Bu ətrafda suallara Şeyxin qardaşı, YAP-çı deputat Cavanşir Paşazadəyə müraciət etdik. Yenicə İran paytaxtından qayıdan deputata öncə səfərlə bağlı suallar ünvanladıq.

  • Cavanşir bəy, Tehrana səfərinizin məqsəd və məramı nə idi?

  • İslam Əməkdaşlıq Konfransı çərçivəsində keçirilən tədbirdə iştirak etdik. Bu təşkilata sədrlik İrana keçdi. Fevralın 13-dən 18-dək komitələr səviyyəsində müzakirələr aparılırdı, biz də üç millət vəkili olaraq iştirak edirdik. 18 fevralda isə hörmətli spikerimiz Oqtay Əsədov Tehrana səfər etdi. Bu tədbirdə 53 ölkənin spiker və baş nazirləri, həmçinin İran prezidenti iştirak edirdi. Oqtay müəllimin çıxışı, İran prezidenti, ayrı-ayrı rəsmi şəxslərlə görüşləri yüksək səviyyədə keçdi. Özü də İran prezidenti Azərbaycan nümayəndə heyətini birinci qəbul etdi.

  • Maraqlıdır, görüşdə İranda yaşayan milyonlarla azərbaycanlının durumu müzakirə mövzusu oldumu?

  • Yox, o məsələlərdən danışılmadı. İran və Azərbaycanın siyasətindən, dövlətlərarası əlaqələrdən danışıldı.

  • Elə sizin səfəriniz zamanı Təbrizin “Traktorsazi” komandası İran kubokunu qazandı…

  • Bəli, biz orda olan zaman Təbriz komandasının kubok qazanması xəbərini eşitdik. Cənubi azərbaycanlılar qələbəni qutlayırdılar, təbii ki, biz də sevindik, Azərbaycan bayrağı qaldırılmışdı. Soydaşlarımızın Azərbaycan bayrağının ətrafına toplaşaraq qələbəni bayram etməsi bizə böyük zövq verirdi.

  • Hakim partiyanın üzvü kimi bu dövrdə Ukraynada baş verənlər haqqında nə deyə bilərsiniz? Sizcə, Azərbaycan Rusiyanın qəzəbindən qurtuldumu?

  • Mən hesab etmirəm ki, Azərbaycan Rusiyanın təzyiqləri ilə üz-üzədir. Əlbəttə, Rusiya böyük dövlətdir və onun öz siyasəti var. Azərbaycan da regionun nüfuzlu, güclü dövlətidir və heç də Rusiyadan geri qalmır. Azərbaycanın əhalisinin, yaxud ərazisinin az olması o demək deyil ki, bu dövlət kiminsə təsir dairəsində olmalıdır. Ukrayna son vaxtlar sırf Rusiyanın müstəmləkəsinə çevrilmişdi. Elə buna görə idi ki, Rusiya Kiyevə 15 milyardlıq vəsait vəd etmişdi. Şükür Allaha ki, Azərbaycan belə bir təzyiqin, təsirin altında deyil və belə bir vəsaitə möhtac deyil. Məncə, bu proseslərin Azərbaycana aidiyyəti yoxdur.

  • Amma Rusiya Ukrayna ilə bərabər Azərbaycanın da Gömrük İttifaqına qoşulmasını istəyir.

  • Rusiyanın bunu istəməsi mümkündür. Ola bilsin ki, Rusiya bunu istəsin. Ancaq bizim də Rusiyadan çox istəklərimiz var. Biz istəyirik ki, Rusiya əlini Ermənistanın üzərindən götürsün, ona kömək etməsin, iqtisadiyyatına vəsait ayırmasın, işğalçı dövlətlə hərbi əməkdaşlıq etməsin. Ancaq gəlin görək, Rusiya bunları edirmi? Rusiya istəyir ki, Azərbaycan ona tabe olsun, onun üçün işləsin, qulaq assın. Biz isə bunları istəmirik. Bu mənada Rusiyanın Azərbaycana təzyiq etməklə bağlı arzuları ola bilər.

  • Son günlərdə Şeyxlə bağlı növbəti silsilə materiallar mətbuatda yayıldı. Şübhə yoxdur ki, bu məlumatlar hardansa qaynaqlanır, kimlərsə mətbuata sənədlər ötürür və bu yazılar təsadüfən ortaya çıxmır. Sizcə, Şeyxin əleyhinə fəaliyyətə keçən qüvvələr kimlərdir? Ümumiyyətlə, bu yazılanlar haqda nə deyə bilərsiniz?

  • Mən deyərdim ki, heç bir mənbədən sənəd gəlmir. Çünki mən axır vaxtlarda qəzetlərdə oxuduğum materialların heç biri digəri ilə uyğun gəlmir. Elə özümün haqqımda oxuduqlarım da. Məsələn, yazırlar ki, Şeyx vəhhabilərdən filan qədər vəsait aldı. Əvvəla, Şeyx vəhhabilərdən 800 milyon pul almışdısa, niyə keçirdiyi böyük tədbirdə Qazilər Şurası vəhhabilərə qarşı fətva çıxartdı? Şeyx pul alsaydı, vəhhabilərə qarşı getməzdi ki. 5-6 gün yazdılar ki, bu adam vəhhabilərdən pul alıb. Sonra gördülər ki, yox, pul alsaydı, vəhhabilərə tərəf gedərdi. Getməyibsə, gəlin taktikanı dəyişək, deyək ki, yox, şiələrdən pul alıb. Bütün bunlar suyu bulandırmaq üçündür və əsası, kökü olmayan, mənasız söhbətlərdir. Səudiyyədə pulu küçəyə töküblər ki, bunlar da gedib götürsün?

  • Yol çəkilişi ilə əlaqədar 200 milyon…

““Səudiyyədə pulu küçəyə töküblər ki, bunlar da gedib götürsün?”

  • Mən bu barədə demişdim ki, jurnalistlər 200 milyonu tapsınlar, bir faizini bizə versinlər, qalanı halal xoşları olsun. Belə iddialar birinci dəfə deyil. Düzdür, hər kəs kimi bizim qohumlarımız var. Kim harada nəsə edirsə, bu, o demək deyil ki, Şeyxin şəkli yuxarıdan vurulsun və adı bu söhbətlərə qarışdırılsın. Bu, özü acizlikdir.

  • Sizin qudanızın Şorsulu-Xırmandalı yolunun çəkilişi ilə 200 milyonluq layihəyə başçılıq etdiyi haqda məlumatlarla bağlı nə deyə bilərsiniz?

  • Yox, elə deyil… Sadəcə, bunlar eşidiblər ki, yol çəkilsə, bu qədər qazanmaq olar. Hökumət dəlidirmi ki, kiməsə 200 milyon versin, desin apar kef elə? Nədir, hökumətin ağlı yoxdur? Bütün bunlar yersiz söhbətdir. Əgər kimsə burada iş görərsə, hansısa şirkət işi icra edərsə, təbii ki, ona vəsait hissə-hissə ayrılacaq. Yol tikintisi üçün “Azəryolservis”, Nəqliyyat Nazirliyi var, onlar özləri bilərlər hardan yol çəkiləcək. Mazan adlı adam yol çəkən deyil axı.

  • Ancaq materiallarda bildirilirdi ki, qudanızın rəhbərlik etdiyi şirkət yol çəkilişində tenderi udub…

  • Yox, onun sadəcə asfaltzavodu var, həmin zavod müqavilə bağlayıb ki, guya yola asfalt verəcək. Təbii ki, yol çəkənlər asfaltı ordan almalıdır, asfalt vaqonla aparılası şey deyil, Bakıdan ora aparmaq olmaz, asfalt isti-isti vurulmalıdır. Cəlilabadda işləyəndə asfalt Cəlilabaddan, Biləsuvarda işləyəndə də Biləsuvardan alınmalıdır. Mətbuat da bu işləri böyüdüb özünə xal qazanmaq istəyir, olsun, özləri bilər.

  • Ancaq şüşə ticarətindən tutmuş kartof-soğan ticarətinə qədər Şeyxin adına yazılır. İndi də ərəblərdən yüz milyonlarla pulun alınmasında Şeyxin adı keçir. Bütün bunlar haradan qaynaqlanır, doğrudanmı iddiaların heç bir əsası yoxdur?

  • Mən sizə bir söz deyim. Statistika var, açırsan kompüteri, şirkətlərə baxırsan, kimin nə ilə məşğul olduğunu görürsən. Məsələn, mən Azərbaycanda heç bir şeylə məşğul deyiləm. Millət vəkiliyəm, nə tikinti biznesim var, nə də…Düzdür, bəzi tikintilər mənə Allah rizasına tapşırılıb, mən o tikintiləri icra etmişəm. Mənə bu işləri tapşıran dövlət başçısına da minnətdarlığımı bildirirəm ki, bu işlər mənə tapşırılıb. Çox böyük zövqlə o işlərə baxanda sevinirəm ki, Allah-təala bunu mənə qismət edib. Özümü xoşbəxt hiss edirəm. Qaldı ki, başqa məsələlərə…Neçə illərdir artıq siz belə iddiaları eşidirsiniz. Heç bir əsası, bizə aidiyyəti yoxdur. Kimlər ki, müəyyən işlərə rəhbərlik edir, bir replikadır, atırlar ortaya ki, öz işləri rahat getsin. Kimlərəsə deyirlər get, bu sözü de. Hansısa qüvvələr də ola bilər. Ancaq neçə illərdir belə davam edirlər, onlarla Allah bilsin.

  • Sizin adınız Astara gömrüyündə də hallanır. İddia olunur ki, orda sizin adamları görmədən keçmək olmaz…

  • Bizim adamları görmədən keçmək söhbəti yoxdur. Orda terminal var və maşınlar gəlib orda saxlayırlar. Qanuni şəkildə işlər həyata keçirilir və bunun mənə heç bir aidiyyəti yoxdur. Mən o şirkətin təsisçisi də deyiləm.

  • Bəlkə Şeyxin postunda hansısa dairələrin gözü var deyə, davamlı gözdənsalma kampaniyasına başlayıblar?

  • Lap nəzəri cəhətdən fikirləşək ki, kimlərinsə Şeyxin postunda gözü var. Axı bu, bina tikintisi, ya başqa iş görmək deyil. Əgər bu gün Azərbaycanın Şeyxini dünya səviyyəsində tanıyırlarsa, bu, Azərbaycan xalqı, dövləti üçün fəxrdir. İndi Şeyxin yerinə göz dikən, ya dikməyən adamın kartofdan danışması heç nəyi dəyişmir. Belə iddialar irəli sürən adam Şeyxdən sonra şeyx olacaqsa, onun dalınca da belə sözlər deyəcəklər, bu, təbiidir.

  • Yəqin ki, bu vəziyyəti öz aranızda müzakirə edirsiniz. Nə ruslarda, nə ermənilərdə, nə gürcülərdə dini liderin adının bu şəkildə hallandırılması məsələsi yoxdur. Əksinə, başqa ölkələrdə dini liderlər həlledici məqamlarda ortaya çıxıb tərəfləri barışa çağırır.

  • Mən Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, siz düz deyirsiniz. Ancaq kimlərsə deyəcək ki, qardaşıdır deyə, müdafiə edir.

  • Bəs özü nə deyir, nə danışır?

  • Əlbəttə ki, küsəcək. Onun gördüyü işlər var. 20 Yanvar hadisələrində, xalqın müsibətli günlərində onun Qorbaçova dediyi sözlər, dövlətə bir həftə rəhbərlik etməsi tarixdir. Dövlətin, xalqın çətin dövrlərində o sözünü deyib. Yaxud bu 30 ildə vəhhabilər neçə dəfə ona ölüm hökmü çıxarıb. Bütün bunları ortaya qoyanda, əziyyətlərini xatırlayanda, əlbəttə, bütün bu məsələlərə qiymət verilməyəndə təbii ki, hardasa küsür, inciyir, belə şeylər qəlbinə dəyir. Kimin haqqında belə iddialar olsa, inciyər. Bu da öz etdiklərini tərəziyə qoyur. Azərbaycanın müstəqillik qazanmasından 23 il keçib. Bu gün 18-20 yaşlı uşaqlar nə gəldi yazır, bu dövlətin necə qurulmasından belə xəbərləri yoxdur. Siz deyirsiniz ki, başqa dövlətlərin patriarxları, dini liderlərinin haqqında bu şəkildə danışmırlar. Bir deyim var, bəy dediyin nədir, bəyənmədiyin nədir. Ağzında Şeyx deyirsənsə, gərək ona qarşı bir az korrekt olasan. Onu hörmətdən salmaq istəyənlər əslində özünü hörmətdən salır. Əgər sən mənəvi atanı hörmətdən salırsansa, sən də onun oğlusan, onda özün də hörmətsiz olarsan.

  • Bəlkə Şeyxin bir sıra hallarda siyasi proseslərə ifrat formada müdaxilə etməsi də onu hədəfə çıxardı. Bəlkə balansı qorumaq daha yaxşı olardı. Məsələn, elə bugünlərdə həbsdə olan siyasilərin azadlığa buraxılması, ölkədə barış ovqatının yaradılması ilə bağlı hökumətə çağırış etmək olmazdımı?

  • Düzdür, biz deyirik ki, din dövlətdən ayrıdır, ancaq dindarlar dövlətdən ayrı deyil. Dindar da vətəndaşdır, onun da problemi, mövqeyi var. Təbii ki, Şeyx siyasətdən nə qədər kənarda qalsa da, istər-istəməz siyasətin içində olur, bu, müasir dünyanın tələblərindən doğur. O, kənarda qala bilməz. Şeyx hansısa ölkədə təbii ki, öz dövlətinin gücündən, qüdrətindən, prezidentinin düzgün siyasətindən danışmalıdır. Digər məsələyə gəldikdə, Şeyx özü də Əfv Komissiyasının üzvüdür. Komissiya üzvü olaraq o, siyasi məsələlərlə bağlı həbs olunanlar haqqında neçə dəfə məsələ qaldırıb. Bu məsələlər haqqında bir dəfə yazmırlar. Yaxud onlar tutulanda prezidentə, dövlətə müraciət edilib, Əfv Komissiyasında mövqe bildirib. Düzdür, söhbət bu gün Lənkəran, yaxud Salyan məscidində olan hadisədə tutulanlardan gedir. Əgər məsciddə silah çıxarılıb və kriminal hadisə törədilibsə, burada heç kim onları müdafiə edə bilməz.

  • Heç olubmu ki, Şeyx bu söz-söhbətlərdən, yaxud uzun müddətdir bu postu tutduğu üçün istefaya getmək niyyətinə düşsün?

  • Yox. Əvvəla, bu, ömürlük şeydir. Sizin 70-ci, yaxud sonrakı illərin Şeyxi ilə indiki dövrün Şeyxi, Qafqaz Müsəlmanları İdarəsini müqayisə edin, görün bu idarə nə qədər geniş miqyası əhatə edir. Gündə iki saat o idarədə oturub, Şeyxin gördüyü işləri müşahidə edin, görün bu idarənin miqyası nə boydadır. Baxıb görəcəksiniz ki, Şeyx kimlərlə əlaqədə olan adamdır. Bu işləri indiki mərhələyə çatdıran insan bu gün yetişdirdiyi bu vəziyyəti necə qoyub getmək istəyər? Təbii ki, yorğunluqlar, əziyyətlər olur. Ancaq Şeyx işləməyə can atan, yorulmayan adamdır. Şükür Allaha, cavandır, bu il 65 yaşı olacaq. Dünyada 65-70 yaşında şeyx, ya patriarxlar seçilir.

  • Şeyxin varisi, özündən sonra şeyx olaraq görmək istədiyi şəxs varmı? Heç bu barədə danışırmı?

  • Hələ ki biz varis barədə nə fikirləşir, nə danışırıq. Bu məsələ Allahın öz əlindədir. Nə, necə qismət olacaqsa, odur.

  • Azərbaycanda təriqətlərarası gərginliklər Şeyxi narahat edirmi?

  • Şükür Allaha ki, Azərbaycanda bununla bağlı qorxmağa bir əsas yoxdur. Təbii ki, boşluqlar yaranan dövrlərdə vəhhabilərlə bağlı problemlər ortaya çıxıb, bu barədə də danışmışıq. Belə hallar bütün dünyada var, amma Azərbaycanda o dərəcədə təhlükəli deyil. Əlbəttə ki, qarşısı alınmalıdır və dövlət tərəfindən zəruri tədbirlər görülür. Mən elə bilirəm ki, elə bir problemli məsələlər yoxdur, inşallah, hər şey yaxşı olacaq.Musavat