Allahşükür Paşazadə: “Məhərrəmlikdə təxribata cəhd edənlər xaricdən maliyyələşir”

“Bəzi təxribatçılar Məhərrəm ayı ilə bağlı sünni və şiələr arasında müəyyən fikir ayrılıqları yaratmağa cəhd edirlər. Lakin Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı sünni-şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislamın sözlərinə görə, Məhərrəm ayında belə təxribata cəhd edənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir.

“Bu da, əlbəttə, xaricdən tapşırıq alan və maliyyələşən bəzi qrupların atdığı addımlardır”.

A.Paşazadə əlavə edib ki, Azərbaycanda dindarlarla dövlət arasında vəhdət və bir körpü yaranıb:

“Bu körpü daha da möhkəmlənir. Dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır. Bu gün məscidlərin tikilməsi dinə, Allaha olan inamdan gəlir. Bu gün din sahəsində çalışanlara dövlət maddi dəstək verir, biz də bu inamı doğrultmalıyıq”.

 

 

Orxan