Şeyxülislamın “Sülh Alyansına” çevirdyi Madrid konfransı – Azərbaycandakı tolerantlıq dini liderləri necə təəccübləndirir?

5 noybar tarixi Madrid şəhərini müxtəlif dinlərin dialoqunun keçirildiyi dünya paytaxtına çevirmişdi. İspaniyanın baş şəhərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa dünyanın nufuzlu dini liderləri toplaşmışdı.

“Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə” mövzusunda beynəlxalq konfrans Azərbaycanın tolerantlıq ideyalarının Avropada təbliği baxımdan mühüm platforma oldu.

Konfransda Azərbaycanı hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və din xadimləri, habelə Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və digərləri təmsil edirdilər.

27 milləti təmsil edən 60-dan çox islam, xristian və yəhudi dini liderlərinin toplaşdığı bu konfransı dinlərarası “Sülh Alyansı” hesab etmək olardı. Ruhani liderlərin çıxışlarında səslənən qarşılıqlı hörmət, dünyada birgəyaşayış üçün çalışmaq çağırışları bugünkü gərgin münasibətlərin fonunda böyük dinlərin bəşəriyyətə miras qoyduğu tolerant dini ənənələrinin mühüm nümayişi idi.

Konfransın əsas mesajlarından biri qarşılıqlı nifrəti və dini zəmində təqibləri pisləmək oldu. İştirakçıların yekdil fikrinə görə, belə təhlükəli cəhdlər insan haqlarının fundamental əsaslarından sayılan dini etiqad azadlığına zərbə vurur. Çünki dini etiqad azadlığı olmayan yerdə real və tam azadlıq da yoxdur. Tədbir iştirakçıları bu gün müxtəlif dini konfessiyaların həmrəylik nümayişini vacib sayaraq, dünyada tüğyan edən fanatizmin, dini nifrətin hər bir etiqadlı insana böyük ziyan vurduğunu, cəmiyyətin əsaslarını sarsıtdığını vurğuladılar.  İştirakçılar bəyan etdilər ki, dünyada bütün bunlara rəğmən ədalət qaydalarına söykənən qarşılıqlı ehtiram və hörmət məbədi ucaldılmalıdır.

Konfransda əsas vurğulanan məqamlardan biri hökumətlərə ünvanlanan çağırış oldu. Qeyd olundu ki, bu gün hökumətlərlə dinlər arasında münasibətlərin simfoniyasını axtarmaq vacib detaldır. Bu zaman nə həddən artıq sərt sekulyarizmə, nə də ifrat fundamentalist konfessionalizmə yuvarlanmaq lazımdır.

Dünyada gedən bugünkü siyasi proseslər təəssüf ki, xalqların inamları ilə oynayan avantursitlərin əlində bir silaha çevrilib. Bu qüvvələr dini zəmində süni münaqişələr yaradaraq bunu zorakılığın əsası kimi təqdim edirlər. Nəticədə minlərlə insan dinin siyasi məqsədlər üçün istifadəsinin əzabını yaşayır. Konfransda qeyd olunub ki, bunun qarşısını almaq üçün bütün dini liderlər, tərəqqipərvər insanlar səylərini birləşdirərək,  xalqlar arasında uçurum yaradan bu qondarma faktora qarşı durmağı bacarmalıdır.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin çıxışı Azərbaycanın bu mənada nümunəsini ortaya qoydu. Eyni ölkənin 3 müxtəlif dini konfessiyanın liderləri ilə konfransa qatılan Azərbaycan nümayəndə heyətinin tərkibini elə dini həmrəyliyin dünyada arzu olunan simfoniyasının bir tablosu saymaq olardı. Şeyx çıxışında bugünkü dünyada dini zəmində gedən qorxunc proseslərdən danışaraq konfrans iştirakçılarını dini və milli zəmində dözümsüzlük, qarşıdurma halları, ekstremizmin tüğyan etməsinə çəkdi. A.Paşazadə qeyd edib ki, planetimizin müxtəlif güşələrində törədilən terror aktları, insan qırğını, maddi və qeyri – maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri  sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası  dialoqa ciddi zərbə vurur.

“Tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu gün dövlət başçısı İlham Əliyevin qlobal missiyası sayəsində dünyada gedən proseslərə özəl, dəyərli töhfəsini – multikulturalizmin real modelini təqdim edir”-deyə A.Paşazadə bildirib.

Sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan özünün belə tolerantlıq modeli ilə dünyanın ən böyük konfranslarına toplaşan dini liderlərində xoş təəccüb və qibtə yarada bilib.  Madrid konfransında müxtəli dinləri təmsil edən rəhbərlərin dünya dinləri arasında dözümlülük arzuları ifadə edən çıxışlarının qarşısında Azərbaycanın vahid multkultural və dini tablo ilə çıxması dövlətimizin apardığı uğurlu siyasi xəttin parlaq subutudur. Bu işdə Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri Allahşükür Paşazadənin rolu danılmazdır. Məhz Allahşükür Paşazadənin xüsusi mövqeyi, bütün məzhəb və konfessiyalara tolerant münasibəti və bu prosesi aparan lokomotivə çevrilməsi multkultural ideyaların cəmiyyətdə möhkəmlənməsinə öz töhfəsini verərək, ölkəmizin tolerant bir məkan kimi dünya çapında etiraf olunmasında rol oynayıb. Konfrans Azərbaycanın bu məsələdə nümunəvi imicinin xaricdə təbliği üçün mühüm mesajlarını verdi, dinlər və xalqlar arasında dialoq platformasının parlaq nümunəsini nümayiş etdirdi.

Azərbaycanın belə nümunəvi imici dövlətin apardığı siyasətin beynəlxalq müstəvidə təsdiqi üçün çox vacibdir.

Konfrans keçirildiyi günlərdə dünyanın digər yerində – Vatikanda Roma papası Fransisk Qafqaz dağ yəhudilərindən ibarət nümayəndə heyətini qəbul edirdi. Bu görüşdə Papa Fransisk Azərbaycana səfərini xatırlayıb və deyib: “Azərbaycanda dinlərin yarada biləcəyi harmoniyanı hiss etdim. Yalnız bir yol var – hər kəsə görə dua etmək və hər kəslə ünsiyyət qurmaq, dünya ilə harmoniyada yaşamaq”.

Azərbaycan da bu trendləri özü üçün başlıca prinsip olaraq qəbul edib. QMİ sədri Madrid konfransında dövlətimizin bu tolerant prioritetlərini dünya dini liderlərinin qarşısında bir daha bəyan etdi.  Bu baxımdan Madrid konfransı səmavi dinlərin vahid mövqeyini ifadə etməklə dünyanı məhvərindən çıxarmağa qoymayan  əbədi mənəvi dəyərlərin mövcudluğunu bir daha göstərdi.

Bu cərgədə inamla yer alan Azərbaycan humanist və ülvi dəyərləri daşıyan dövlət olmaqla öz nümunəsini və təcrübəsini dünya ilə bölüşməyə hazırdır.

 

 

Orxan