“Sığorta bazarında vəziyyət ürəkaçan deyil” – İTTİHAM

“Azərbaycanda sığorta bazarını genişləndirmək üçün bir sıra qanunlar qəbul və qanunlara dəyişiklik etdik. Hətta yaşayış binalarının, mənzillərin sığortası ilə əlaqədar qanun qəbul etdik. Təəssüf ki, sığorta şirkətləri bu sahədə irəliləyişə nail ola bilməyiblər”.
Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Vahid Əhmədov sığorta bazarındakı vəziyyəti şərh edərkən deyib.
Deputatın sözlərinə görə, bu sahənin inkişaf etməsi üçün təbliğata ehtiyac var:
“Birincisi, hər bir sığorta şirkəti başa düşməlidir ki, onun normal fəaliyyət göstərməsi üçün təbliğata, reklam çarxlarına çox böyük ehtiyac var. Əhali arasında təbliğat işləri aparmaq, reklama müəyyən qədər vəsait xərcləmək lazımdır. Bu zaman əhali başa düşsün ki, sığorta vacibdir. Bu sahədə müəyyən qədər problemlər, boşluqlar olduğu üçün sığorta bazarında vəziyyət ürəkaçan deyil”.
V.Əhmədov bildirib ki, sığortada ən ciddi problemlərdən biri qiymət qoymaqla bağlıdır:
“Məsələn, vətəndaş avtomobilini sığorta etdirir və sonra avtomobili qəzaya düşəndə gedib həmin qiymətə avtomobil ala bilmir. Bu cür problemlər var. Bu problemlər birbaşa qanunla əlaqədar deyil. Sığorta bazarının problemidir. Sığorta şirkətləri daha ciddi işləməlidirlər ki, hər bir insana düşən sığortanın qiymətini artıra bilsinlər. Bunun yeganə yolu təbliğat və reklamdır”.

Yeganə