Siraqəddin Cabbarov rayonda torpaq qoymayıb

 

5

Saatlının mərkəzində bir qarış torpaq qızıl qiymətinə olub

 

Saatlının mərkəzində torpaq sahəsi qalmayıb. Xalq.az-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarovun torpaq alverinə girişmiəsindən sonra rayon mərkəzində hal hazırda bir qarış ərazi tapmaq mümkün deyil.

 

Sakinlərin bildirdiyinə görə, icra başçısı bir neçə il bundan əvvəl başladığı prosesi elə keçən il yekunlaşdırıb. İddialara görə, Siraqəddin Cabbarov Saatlının mərkəzində torpaqları həddindən artıq baha qiymətə satdığından, onu alanların əksəriyyəti elə yerli məmurlar olublar.

 

Hətta belə bir xəbər də dolaşır ki, sözügedən şəxs hazırda illərdən bəri dükan tikərək işlədən şəxslərin də torpaq sahələrini əllərindən almağa hazırlaşır. Üstəlik, o da deyilir ki, həmin dükanlar sökülərək, yerləri başqalarına satılacaq.

 

Cabbarovun belə bir addım atmasının səbəbi kimi isə onun yaxın vaxtlarda rayonun rəhbərliyindən gedəcəyi göstərilir. Xalq.az-a verilən məlumata görə, hələ Abşeronda işləyərkən də Cabbarov torpaq alveri sahəsində məşhur simalardan biri olub. Onun Saatlıya icra başçısı təyinatı almasından sonra da həmin ənənəni davam etdirməsi təəccüb doğurmayıb.