“Siyasi Partiyalara münasibətdə çevik və operativ mövqe nümayişi var” – MÜSAHİBƏ

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin XALQ.AZ-a müsahibəsi

Elşən müəllim, ilk sualım dünən Ali Məhkəmənin Plenum iclasında bəraət alan İlqar Məmmədov və Rəsul Cəfərov barədədir. Qərar gözlənilən idimi?

Mənim üçün gözlənilən idi. Çünki bu gün siyasi sistemdə çox mühüm islahatlar gedir. Yeni siyasi konfiqurasiya yaranır. Artıq mühit də, məqam da, şərtlər də başqadır. Dialoqun davam etdiyi mərhələdə qarşı tərəf bir addım atırsa dövlət bunun əvəzində iki addım atır. Üstəlik, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, hansı siyasi qüvvə demokratik dəyərləri, milli maraqları, dövlətçilik fəlsəfəsini özü üçün prioritet biləcəksə, onlarla oturub söhbət eləməyə, fikir mübadiləsi aparmağa, bütün güzəştləri tətbiq eləməyə hazırıq. Bu da nümunə. Artıq ilkin addımlar atılır. Əməlli icraat göz qabağındadır. Əminəm ki, hələ eyni adlı və məzmunlu xoş, pozitiv presedentlərin davamı da olacaq. Çünki mövcud hakimiyyət heç bir siyasi qüvvəyə öz düşməni kimi baxmır. Tam əksi, hər zaman barış, həmrəylik mövqeyi nümayiş etdirir. Kim bu mövqeni düzgün qiymətləndirsə qarşılığı olacaq.

Yeni siyasi Partiyaların qeydiyyatı da gündəmi zəbt edən məsələlərdəndir. Nə dəyişdi ki, misal üçün 14 il əvvəl sənədlərini Ədliyyə Nazirliyinə təqdim edən Partiya qəfildən qeydiyyata alındı?

Mühit dəyişdi. Baxışlar dəyişdi. Qaydalar dəyişdi. Həm də kardinal şəkildə dəyişdi. Öncə qeyd elədiyim kimi, mövcud iqtidar yeni və böyük yolun bünövrəsini qoyub. Siyasi sistem və konfiqurasiya artıq fərqli komponentlərlə əhatə olunur. İnnovativ prinsiplər prioritetə çevrilir. Siyasi Partiyalara münasibətdə çevik və operativ xətt, mövqe nümayişi var. Təbii, bu kontekstdə siyasi partiyaların qeydiyyatı da istisna ola bilməzdi. Ona görə də məlum hadisələr baş verdi. Və əmin olun ki, bundan sonra siyasi müstəvidə izlənəcək proseslər, hadisələr daha maraqlı və daha cəlbedici olacaq. Çünki meydandakı rəngarənglik, siyasi palitradakı fərq, hərarət, funksionallıq dəyişəcək. Növbəti etapda, məsələn seçkilərdə çoxlu sayda rəsmi qeydiyyatı olan partiyaların iştirakı həm siyasi aktivliyi artıracaq, həm fərqli fikirlərin fonunda maraqlı rəqabəti şərtləndirəcək, həm də bütün bu dediklərimin müqabilində faydalı, səmərəli bir nəticə hasil olacaq. Yəni, sivil mübarizə kontekstində radiusun artması bütün hallarda müsbət, xoş və təqdirəlayiq haldır.

“Azadlıq” Partiyasının sədri Əhməd Orucun oğlu ailəsi adindan cənab Prezidentə təşəkkür məktubu ünvanlayıb. Atasının müalicəsi ilə bağlı dövlətin göstərdiyi qayğıya görə. Gerçəkdən maraqlı hadisələr baş verir…

Maraqlı, amma həm də…gözlənilən, qürurverici hadisələr baş verir. İlham Əliyev ilk dəfə rəhbər seçiləndə bəyan etmişdi ki, mən bütün azərbaycanlıların Prezidenti olacam. Və o, bu söylədiyi fikrə, sözə hər zaman sadiq qaldı. Əhməd bəy mövcud iqtidara qarşı qatı müxalif olan insandır. Onunla çox üzbəüz gəlmişik. Debatlarda. Verilişlərdə. Hər zaman da fikirlərimiz çarpaz, fərqli, əks olub. Amma diqqət edin: bu hakimiyyətə müxalif olmasına rəğmən onun müraciəti, çağırışı dərhal cavablandırılıb. Daha dəqiqi, müsbət cavablandırılıb. Bunun üçün siyasi iradə lazımdır və bu iradə dövlətimizin rəhbərində var. Alqışlayıram, məlum addımı. Zatən, İlham Əliyev kimi ləyaqətli, ürəkli, qayğıkeş insandan gözlənilən budur. Başqa cür ola bilməzdi. Ölkə rəhbəri heç bir zaman vətəndaşlar arasında siyasi mənsubiyyət fərqi qoymayıb. Ayrıca, onu da qeyd edim ki, biz dövlət tərəfindən atılan bənzər addımı hüquq müdafiəçisi Oqtay Gülalıyevin timsalında da görmüşük. Heydər Əliyev Fondu, onun rəhbəri, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva o zaman məsələni dərhal nəzarətinə götürdü və həmin şəxsin müalicəsi bu günə qədər davam edir. Yəni, presedentlər, nümunələr çoxdur. Məna, məğz, çıxarılan nəticə isə budur ki, dövlət və onun rəhbəri həqiqətən hamıya eyni gözlə baxır. Hər kəs Prezidentin, vitse-prezidentin nəzərindədir. Və məlum kontekstdə bir məsələni də qeyd eləmək yerinə düşər: Bu gün radikal siyasət xətti götürən “Milli Şura”, Əli Kərimli, Cəmil Həsənli indi görəsən haralardadır? Niyə öz dostlarının, həmfikirlərinn dadına, köməyinə çatmırlar? Mənəvi dəstək göstərməkdəmi çətindir? Ailəyə zəng edib xəbər almaqdamı çətindir? “Milli şura” bircə Gülalıyevin müalicəsi ilə bağlı arada şou yaratmağa çalışdı ki, guya yardım yığırlar. O yığılan pul da hara getdi, heç kimin xəbəri yoxdur. Yəni, deməyim odur ki, hakimiyyətlə radikal müxalifətin fərqi bax budur. Hakimiyyətdəkilər hətta siyasi rəqiblərə, onların ailələrinə də sahib çıxırlar. Radikallar isə burnunun uclarından o yananı görmürlər, hətta ən yaxın dostlarını da zərbə altında, çətinliyin məngənəsində qoyub qaçmağı bacarırlar.