Siyavuş Novruzov: Dağlıq Qarabağ problemi mitinqlərlə deyil, dövlətin məqsədyönlü siyasəti ilə həll olunur

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bütövlükdə Azərbaycan iqtidarı, Azərbaycan xalqı məşğul olur.

XALQ.AZ xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, stadionda keçirilən bir mitinqlə Dağlıq Qarabağ problemi ilə bağlı münasibət formalaşdırmaq olmaz: “Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı zəruri addımları atır. Həm danışıqlarda, həm də ordunun gücləndirilməsində, yeni silahlarla təchiz olunmasında lazımi işlər görülür. Elə Bakıda keçirilən son iki hərbi parad buna daha bir nümunədir. O cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə diqqət və qayğı bilavasitə Dağlıq Qarabağ münaqişəsinə olan bir münasibətdir”.

Deputat qeyd edib ki, həmçinin dövlətin bütün strukturları, demək olar, hər gün bu məsələ ilə, bu məsələnin həlli yolları ilə məşğuldur:

“Milli Məclis, Nazirlər Kabineti, güc strukturları, xarici siyasət idarələri, iqtisadi qurumlar və digərləri bu münaqişənin həllinə çalışırlar. Bu baxımdan da Dağlıq Qarabağ adı altında hər hansı bir mitinq keçirmək və bundan istifadə etmək bü gun yersiz addımdır. Bugünkü mitinqin mahiyyəti ondan ibarətdir ki, bir qrup insan öz ətrafına adam toplaya bilmədiyi üçün Azərbaycanın taleyüklü məsələsini, yaxud hər bir Azərbaycan vətəndaşını düşündürən bir məsələni ortaya atmaqla orada insanları bir yerə cəmləyib öz maraqlarını həyata keçirməyə çalışırlar. Həmin qruplar Avropadan, başqa yerlərdən çağırışlar edirlər. Azərbaycanda mitinq keçirməyə nə ehtiyac var? Bütün Azərbaycan xalqı işğal olunmuş ərazilərimizin azad edilməsini istəyir. Əgər bu insanların Dağlıq Qarabağla bağlı belə ürəkləri yanırsa, onda Avropa küçələrində, Ermənistan səfirliklərinin, beynəlxalq təşkilatların qarşısında nümayiş keçirsinlər, Xocalı soyqırımı ilə bağlı müxtəlif təbliğat materialları yaysınlar, etirazlarını bildirsinlər. Ancaq əksinə, həmin insanlar orada Azərbaycan əleyhinə iş aparırlar, Azərbaycanın daxilində isə Dağlıq Qarabağ məsələsini qaldırırlar”.

S.Novruzov vurğulayıb ki, Dağlıq Qarabağla bağlı çağırış edən mitinq təşkilatçılarının hamısı övladlarını xaricdə saxlayıb, hərbi xidmətə göndərməyib:

“Çağırış edən şəxs birinci növbədə öz övladını gətirər, təqdim edər və deyər ki, Vətənin müdafiəsi üçün gəlib, müharibə başlayarsa, istənilən an iştirak edə bilər. Yalnız bundan sonra o insanlar xalq qarşısında hansısa fikir irəli sürə bilər. Onlar müxtəlif siyasətlərə xidmət edən və bununla xalqın heysiyyəti ilə oynamağa cəhd göstərən insanlardır. Deyirlər ki, guya mitinqə gəlməyən Qarabağı istəmir. Bunlar hamısı yanlış fikirdir. Qarabağ mitinqi kiçik bir futbol stadionuna sığan mitinq ola bilməz. Qarabağ mitinqi bütün Azərbaycandır, bütün xalqdır, dünya azərbaycanlılarıdır. Bu baxımdan da bu cür bəhanələrdən istifadə edərək Qarabağ adı altında öz çirkin məqsədlərini yerinə yetirmək istəyən insanların çağırışlarına heç kəs uymayacaq”.

Qeyd edək ki, bu gün bir qrup ictimai-siyasi fəal tərəfindən Qarabağla bağlı mitinq keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) keçirilməsinə razılıq verib.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.