Siyavuş Novruzov narazılıq etdi

 

88

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin “Rossiya 24” telekanalının canlı yayımında Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərməsinə, prezident İlham Əliyev haqda səsləndirdiyi müsbət fikirlərə münasibət bildirib.

SİA-nın verdiyi məlumata görə, S.Novruzov virtualaz.org saytına açıqlamasında fürsət düşdükcə Azərbaycanı sərt şəkildə tənqid edən Jirinovskinin bu çıxışını belə şərh edib: “Jirinovski Azərbaycana qarşı həmişə qərəzli mövqe nümayiş etdirib. Həmçinin Şimali Qafqaz xalqlarına və Türkiyəyə qarşı qərəzli olub. Bunun da öz səbəbləri var. Jirinovski vaxtilə SSRİ-nin Türkiyədəki səfirliyində işləyərkən sovetləri, Kommunist Partiyasını təbliğ etdiyinə görə həbs edilmişdi. Onu “persona-non-qrata” elan etdilər və diplomatik fəaliyyətinə son verərək geri çağırdılar. Buna görə də onun türkdilli xalqlara qarşı incikliyi və qərəzi var. Amma bu dedikləri başqadır. Jirinovski indi doğruları görür”.
S.Novruzov qeyd etdi ki, bu günədək dünya ölkələrinin liderləri, ATƏT və NATO üzvləri, tanınmış siyasətçilər paytaxt Bakıda, regionlarda böyük inkişafın, iqtisadi və sosial islahatların, abadlıq-quruculuq işlərinin, ictimai-siyasi sabitliyin olması haqda fikirlərini bildiriblər.
“Prezident İlham Əliyevin qısa zaman ərzində Azərbaycanı beynəlxalq aləmdə uğurla təmsil etməsi, xalqın maraqlarını nəyin bahasına olursa-olsun müdafiə etməsi dünyanın gözü qarşısındadır. Onlar da görürlər ki, bunlar əsl liderə xas olan xüsusiyyətlərdir. İstər dost, istərsə də düşmən olanlar bunu qiymətləndirməyə başlayıb. Cənab parezidentin ATƏT Parlament Assambleyasının son iclasındakı çıxışı, beynəlxalq tədbirdə çıxışı zamanı ermənilərin Türkiyənin yoxluğundan istifadə etməsinə qarşı çıxaraq “türklər burada yoxdur, mən buradayam” deməsi ilə türk dünyasının müdafiəsinə qalxması kimi çıxışlarını bütün dünya gördü” – deyə S.Novruzov qeyd etdi.

S.Novruzov dünya liderlərinin və siyasətçilərinin Azərbaycanla bağlı müsbət fikirlər səsləndirməsinin əsas səbəbləri kimi yürüdülən daxili və xarici siyasəti göstərdi: “İndi hər kəs görür ki, Azərbaycan regionda ən aparıcı dövlətlərdən biridir. Bütün ölkələr çalışır ki, Azərbaycanla xoş münasibət qursun. Azərbaycanda heç bir din mənsubuna, heç bir dilə qarşı sərt münasibət yoxdur. Azərbaycanda hər bir şəxs qanunla qadağan edilməyən dini qurumlarda təmsil oluna bilər. Ermənistanda və Gürcüstanda isə bir dənə də olsun rus məktəbi və fakültəsi yoxdur. Azərbaycanda isə bu sadaladıqlarım var. Azərbaycanda fəaliyyət göstərən Slavyan Universiteti slavyan dillərinin öyrədilməsinə xidmət edir. Azərbaycan qonşu ölkələrlə xoş münasibətlərin saxlanılmasına çalışır. Azərbaycan hər bir ölkə ilə bərabər şəkildə müasibətlər qurub və bunun qorunub saxlanmasında maraqlıdır. Bütün bu göstəriciləri dünya görür və nəzərə alınır. Jirinovski də bunu deyir”.
S.Novruzov V.Jirinovskinin bu çıxışını təqdirəlayiq hal kimi qiymətləndirdi: “İnsanın həqiqətləri etiraf etməsi təqdirəlayiq haldır. Məsələn, bu gün Azərbaycanda yaşayan, Azərbaycanın çörəyini yeyən, mənşəcə erməni olan Leyla Yunus doğruları görmür, Avropa ölkələrini Azərbaycanda keçiriləcək olimpiya oyunlarına gəlməməyə çağırır. Görün insan nə qədər vətən xainidir ki, bu cür addım atır. Leyla Yunusun bu addımı gözləniləndir.
Ancaq bəzi mətbuat orqanlarının və partiya rəhbərlərinin Leyla Yunusla eyni mövqedə olması məni daha çox təəccübləndirir. Bu, erməni dəyirmanına su tökməkdir. Biz bu cür addımlara “Eurovision” müsabiqəsində də şahid olduq. Ancaq sonda nəticəni də gördük. Onlara bir atalar məsəli ilə cavab vermək istəyirəm ki, kim neyləsə də karvan keçər. Bu cür insanların iç üzünü Azərbaycan xalqı görür. Ancaq biz bu gün gördük ki, Azərbaycanı istəməyən, əleyhinə olan, parlamentdə və Rusiya televiziyalarında Azərbayacana qarşı çıxış edən Jirinovski ölkəmizdə gedən inkişaf, prezidentin apardığı islahatlar haqda geniş şəkildə dünyaya yayılan Rusiya kanallarında məlumat verdi”.