“Sizə nə hörmət, nə də ki, rəğbət olacaq” – Məşhur Məmmədov

“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”.

Bunu cənab Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Cənab Prezident qəbulda bu fikirləri elə-belə səsləndirmədi. Çünki o da bilir ki, bu günlərdə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin hiddətinə səbəb olub və ciddi qınaq obyektinə çevrilib. Sabiq deputat İlham Əliyevin övladının toy mərasimində ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən insanların iştirakı təəccüb doğurur. Bu, haqlı qınaqdır. Qaydaların pozulmasına görə vətəndaşlar məsuliyyət daşıyırlarsa, o zaman vəzifəli şəxslərin məsuliyyəti ikiqat artıqdır. Burada söhbət həm də mənəvi məsuliyyətdən gedir. Çünki onlar tanınmış insanlardır və başqalarına nümunə olmalıdırlar. Belə hərəkətlər qətiyyən qəbuledilməzdir. Azərbaycan hüquqi dövlətdir və heç kim qanundan üstün ola bilməz. Vəzifəsindən, statusundan, tutduğu mövqedən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır.


XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib.


Deputat belə bir çətin şəraitdə hər kəsin məsuliyyətli olmasının vacibliyini vurğulayaraq əlavə edib:


“Cənab Prezident çıxışlarında dəfələrlə deyib ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq Prezidentə etibar edib və cənab Prezident də təyin etdiyi bütün kadrlardan bunu tələb edir. Dünənki çıxışında – “Əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”, – deyən Prezident İlham Əliyev hamıya növbəti xəbərdarlığını etdi. Hər bir kəs cənab Prezidentin sözlərini analiz edib nəticə çıxarmalı, davranışları, əməlləri ilə xalqa nümunə olmalıdırlar.