“Siz çıxış edəndə onun mərsiyələri yada düşür” – Vitse-spikerdən deputata

“Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik, onların aradan qaldırılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var: “Qüsurlar, nöqsanlar mövcuddur. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır, yaxşı işləyənlərin fəaliyyətinə qara yaxmaqdır”.

O, deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.