SOCAR-da yeni vəzifə təyinatları olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə yeni vəzifə verilib.

XALQ.AZ xəbər verir ki, o, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.

Xatırladaq ki, A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.

O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.

A.Əhmədzadə Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub.

O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Master of Business Administration” (MBA) proqramını (“Neft-qaz biznesinin idarə olunması”) müvəffəqiyyətlə başa vurub.

2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.