SOCAR izopropil spirtinin istehsalını bərpa edib – FOTO

Qlobal pandemiya ilə əlaqədar spirtə tələbat kəskin artıb. Məhz bu tendensiya nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən, SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.

SOCAR-dan XALQ.AZ-a bildirilib ki, sözügedən istehsalın işə salınması “EP–300” qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. “Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan mütləqləşmiş izopropil spirti (MİPS) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı bu spirtə yerli və xarici bazarlarda tələbatın kəskin artması ilə bağlıdır.

Qurğuda həyata keçirimiş fasiləsiz təmir-bərpa işlərindən sonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələri istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq.

Müəssisədə MİPS istehsalı iki mərhələlidir. Birinci mərhələdə texniki izopropil spirti istehsal olunur. İkinci mərhələdə isə texniki spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir. “Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.

Xatırladaq ki, izopropil spirti tibdən başqa bir sıra digər sahələrdə (avtomobil və kimya sənayesi, farmokologiya, energetika və sair) tətbiq olunur.

Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə “universal təmizləyicilər” də istifadə edilir, həmçinin 70 faizli tibbi kağız dəsmallara (salfetlər) hopdurularaq mikroblardan qorunma vasitəsi və sair kimi istifadə edilir.