SOCAR və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb

SOCAR ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) kiçik və orta sahibkarların dəstəklənməsi ilə bağlı anlaşma memorandumu imzalayıb.

XALQ.AZ xəbər verir ki, aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal olunması mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur. Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə ediləcək.

Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi, daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi də planlaşdırılır. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur. Portalda, eyni zamanda, nisbətən sadə texnologiyalar əsasında istehsal olunan mal-material, ehtiyat hissələri, alətlər və texniki xidmətlər haqqında məlumatlarla birlikdə istehsalçının müvafiq lisenziyası ilə istehsal edilmiş mürəkkəb texnoloji avadanlıqların ehtiyat hissələri və həmin avadanlıqlara istehsalçının lisenziyası əsasında xidmətlərin göstərilməsinə dair elanlar da yerləşdiriləcək. Verilən təkliflər SOCAR-ın texniki tələblərinə, korporativ standarların şərtlərinə, müvafiq lisenziya, icazə və spesifikasiyalara uyğun olmalıdır.

SOCAR-ın təchizat ehtiyaclarına dair əsas məlumatların vahid rəqəmsal məkanda təqdim edilməsi, yerli sahibkarlara mövcud təchizat imkanları haqqında məlumatların qabaqcadan və şəffaf tərzdə çatdırılması ölkədə yeni istehsalat sahələrinin formalaşmasına stimul verəcək, kiçik və orta biznesin dayanıqlı inkişafına zəmin yaradacaq. SOCAR-ın korporativ standart şərtlərinin və beynəlxalq keyfiyyət tələblərinin əsas meyarlar kimi tətbiq olunması yerli istehsalçıları öz məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməyə təşviq edəcək. Beləliklə, ilkin mərhələdə idxalatın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcək.

Prezident İlham Əliyevin strateji xəttini öz fəaliyyətində daim rəhbər tutan SOCAR son 10 il ərzində əməliyyat effektivliyinin artırılması istiqamətində genişmiqyaslı daxili islahatlar keçirib, o cümlədən satınalma əməliyyatlarının idarə olunması üçün mərkəzləşdirilmiş satınalmalar komitəsi və vahid korporativ standart yaradıb. Yerli sahibkarlığın dayanıqlı inkişafına dəstək SOCAR-ın fəaliyyətində, müxtəlif sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrində mühüm yer tutur. Şirkət 2016-cı ildə Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinə qoşularaq Azərbaycanın regionlarında kiçik sahibkarların dayanıqlı inkişafına dəstək verib. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə SOCAR ölkənin regionlarında 15 min əlavə sosialyönümlü iş yeri həcmini yaradıb. SOCAR “ASAN xidmət” ilə əməkdaşlığını genişləndirərək əhaliyə göstərilən bütün əsas xidmət növlərini “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birgə yeni rəqəmsal portalın yaradılması SOCAR-ın satınalma sahəsində olan beynəlxalq təcrübəsini yerli istehsalçıların qabiliyyətlərinin artırılmasına yönəldəcək, ölkəmizdə bu sektorun dayanıqlı inkişafına töhfə verəcək.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2016-cı il 20 aprel tarixində yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas fəaliyyət məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Mərkəz tərəfindən Azərbaycanda ixracın stimullaşdırılması və dəstəklənməsi, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində çoxşaxəli layihələr həyata keçirilir. Prezident İlham Əliyevin fərmanları əsasında yaradılmış “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, “Azexport” və Rəqəmsal Ticarət Qovşağı, “EntepriseAzerbaijan.com” portalı yuxarıda sadalanan islahat tədbirlərinə bariz nümunədir. Sözügedən layihələrin həyata keçirilməsi ilə ölkəmizdə sahibkarlıq mühiti inkişaf edib, ixrac əməliyyatları sürətlənib. Ölkə bacısının rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri Azərbaycanın “Doing Business” hesabatında mövqeyinə təsir göstərib, ölkə reytinqinin 25-ci mövqedə qərarlaşmasına təsir edib.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.