SON DƏQİQƏ! Tanınmış həkim vəfat etdi

XALQ.AZ xəbər verir ki, Azərbaycanlı həkim Elxan İbrahimov vəfat edib.

Dünən anidən həkimin beyninə qan sızıb.

Onu təcili yardımla xəstəxanaya çatdırsalar da həkimlər həyatını xilas edə bilməyiblər.

Tanınmış dietoloq Leyla Zülfüqarovanın verdiyi məlumata görə, mərhum övladlarının təhsili ilə bağlı qardaş ölkəyə köçmüşdü:

“Elxan doktoru çox vaxtsız itirdik. Gözlənilməz xəbər çox sarsıtdı bizi. Doğmaları şok içindədir. Türkiyədə yaşayırdı, amma son zamanlar Bakıda da çox olurdu. Siqareti tərgitmişdi və bu da onun təzyiqini oynadırdı. Yaxın dostları deyir ki, təzyiqi yüksək olsa da, dərman qəbul etmirdi. Bu dünyada rəhməti qazanmış dəyərli doktor idi. Allah rəhmət etsin! Övladları ilə bağlı planladığı arzuları çin olsun”.

Ailə Bakıda olmadığından E.İbrahimovun cənazəsi dünəndən morqda qalıb. Xanımı və iki övladı gəldikdən sonra meyit ailəyə təhvil verilib.

Dostları onun ölümünün səbəbini çox işləməsində və sağlamlığına diqqət yetirməməsində görürlər.

Qeyd edək ki, Elxan İbrahimov N. Tusi adına xəstəxananın və Sağlam Ailə Tibb Mərkəzinin baş həkimi olub. Sonuncu iş yeri “İnter Diaqnostik Mərkəz” idi.

Azərbaycanın sayılıb-seçilən uroloq-androloqu olan E.İbrahimov kişilərdə sonsuzluq probleminin həlli üzrə ad-san qazanmışdı.

O, eyni zamanda iş adamı idi. İşgüzar fəaliyyəti Azərbaycan və Türkiyəni əhatə edirdi.

 

SON DƏQİQƏ! TANINMIŞ AZƏRBAYCANLI HƏKİM QƏFİL VƏFAT ETDİ - YAXINLARI ŞOKDA!

 

 

Orxan