Sona Əliyeva: Onlar bir birlərinə də müxalif mövqedən yanaşırlar

Müxalifətin müraciəti əsasında razılaşdırılmış piketə icazə verildi. Şəhərin mərkəzində, əhalinin və nəqliyyatın ən sıx olduğu yerdə piketə icazə verilməsini hökümətin kifayət qədər humanist və loyal addımı kimi qiymətləndirirəm.

Təbii ki, müxalifət bilərəkdən bu yer üçün müraciət etmişdi, çünki əhalinin sıx olduğu yerdə manevr imkanları, qarışıqlıq və qarşıdurma hallarının yaradılması asandan asan məsələdir. Olsun, əsas odur ki, onların istəyinə uyğun konstutsion hüquqları təmin olundu. Nə baş verdi? Piketdən küçə yürüşünə cəhd, Azərbaycan polisini qaralamaq, asayişi pozanları hüquqları pozulmuş adamlar kimi təqdim etmək…

Hər misalda Avropanı məsəl çəkənlər yəqin orda baş verən icazəsiz mitinqlərdə də polisin müdaxiləsindən xəbərsizdilər, gözyaşardıcı qazdan istifadə etdiklərini, təyziqli su ilə toplaşanları dağıtdıqlarını görməyiblər. Məsələn, Fransada məşhur sarıjiletlilərlə bağlı qarşıdurma… Əslində bu hadisələr normaldır, cəmiyyət varsa narazı elektorat həmişə olacaqdır, lakin dövlət ondan ötrüdür ki, məhz demokratik və humanist dəyərlərə hörmət edərək, bu kimi fəaliyyətlərə icazə versin, lakin qanunların da hamı üçün eyni olması prizmasından çıxış etsin.

Dövlət hər kiçik narazı qrupun və ya kütlənin arzularını yerinə yetirməklə məşğul ola bilməz və olmamalıdır, həm də əgər bu istəklər xalqın maraqlarına yox, qrupun eqosunu təmin etməsinə yönəlibsə… Qısası, piketdən sui-istifadə göz qabağındadır, yenə hay-küydən başqa bir şey olmadı və Fuad Qəhrəmamlının məlum hadisələrdən sonra piketin əsas fiquru olması müxalifətin ən uğursuz qərarlarından biri idi… İnsanlar müxalifətə inanmır və keçmişi xırdalamadan bunun bir neçə səbəbi var:

1. Ona görə ki, onlar sadəcə dövlətə deyil, bir birlərinə də müxalif mövqedən yanaşırlar, yəni fikir ve ideya həmrəyliyi yoxdur.

2. Apardıqları “mübarizə” siyasi etikadan kənar, böhtan, qaralama və daha çox dava-dalaşa təhriketmə ruhundadır.

3. Yeni ideya, fikir və fəaliyyət yoxdur, aqresivlikləri isə daha çox cəmiyyətdə qıcıq yaradır.

4. Yeni simanın olmaması və köhnə müxalifətçilərin keçmişdəki uğursuzluqlarınən unudulmaması… vəs. Beləcə, təmsil olundiğum iqtidarı günahlandırmaq yox, özünə dönub baxmaq lazımdır.Və sonda xatırlatmaq istəyirəm, Azərbaycan cəmiyyətinin özünəməxsusluğu ondadır ki, pisi yaxşıdan seçə bilir və yaddaşı itidir…