Sona Vəliyevadan yeni layihə

Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” – Maarifçilik meydanı” kitabının və “Artkaspi.az” saytının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, “Kaspi” – Maarifçilik meydanı” adlı kitabda 2013-2015-ci illərdə “Kaspi” qəzetində dərc olunmuş Nəsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Ömər Faiq Nemanzadə, Firudin bəy Köçərli, Şəfiqə xanım Əfəndizadə, Üzeyir və Ceyhun Hacıbəylilər, Məhəmməd və Behbud Şahtaxtlıların həyat və fəaliyyətləri haqqında məqalələr, araşdırma yazıları, arxiv sənədləri, fotolar yer alıb.
O qeyd edib ki, yeni kitab Azərbaycanın maarifçilik tarixi, dövlətçilik, müstəqillik ənənələri, mədəniyyəti və ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. “Artkaspi.az” saytına gəldikdə isə Ə. Amaşov bildirib ki, yeni internet resursunda Azərbaycan və dünya ədəbiyyatına dair nümunələr, yazılar oxuculara təqdim ediləcək.
“Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva isə deyib ki, “Kaspi” – Maarifçilik meydanı” kitabı “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin milli, tarixi irsimizə dəyər verərək ərsəyə gətirdiyi növbəti nəşrdir: “Bununla biz xalqımızın mənəvi və tarixi irsinin qorunub saxlanması, nəşr olunub gələcək nəsillərə ötürülməsində də “Kaspi” ənənələrini davam etdirməyə çalışırıq. Kitabda haqqında bəhs edilən ziyalılarımızın yubileylərinin qeyd olunması haqqında Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları, onların həyat və fəaliyyətləri, maarifçilik missiyasına xidmət edən addımları barədə məlumatlar, araşdırma yazılar, müsahibələr, arxiv materialları yer alıb. Azərbaycanın maarifpərvər ziyalıları maarifçilik ideyasını ortaya ataraq, maarifçilikdən çıxış edərək, milli şüurun, milli azadlıq hərəkatının formalaşmasında mühüm rol oynayıblar”.
“Kaspi” qəzetinin baş redaktoru, əməkdar jurnalist İlham Quliyev isə mətbu orqanın arxivinin əldə edilərək ölkəyə gətirilməsi, geniş oxucu auditoriyasına çatdırılması barədə məlumat verib.
Sonra S. Vəliyeva tarixi “Kaspi”nin elektron variantını Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova təqdim edib.
Tədbirdə BDU Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, tənqidçi Əsəd Cahangir və başqaları da çıxış edərək fikirlərini bölüşüblər.