Zaur Mirzə-zadə: Sosial rifah dövlət siyasətində prioritet istiqamətlərdən biridir

Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanda praqmatik və realist siyasət yürüdüb, ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. 

Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

Bütün bunlarla bağlı Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı danışılıb, sosial-iqtisadi islahatların uğurlu nəticələrindən geniş bəhs edilib.
Qeyd edilənlərlə əlaqədar diqqəti son 15 ildə əldə olunan bəzi göstəricilərə yönəltməyi də zəruri bilirəm. Xatırladım ki, bu dövrdə sosial təminat sistemi dinamik şəkildə güclənib və əhatə dairəsi genişlənib. Bunun bir nümunəsi kimi, əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 12,1 dəfə artaraq 2018-ci il 1 dekabr tarixinə 222,5 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləği isə 249,5 manata çatıb. Ötən il əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 2003-cü ilə nisbətən 16,7 dəfə artıb. Dövlət başçısının müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı 2018-ci ildə 6,5 dəfə artaraq 7800 nəfəri ötüb.
Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb.
Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olan şəxslərin, bu döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsi, o cümlədən onların mənzillə təminatı istiqamətində tədbirlər gücləndirilib. Bu qayğının növbəti göstəricisi kimi, ötən il əlavə olaraq minimum 300 mənzilin alınması üçün müvafiq vəsait ayrılıb və beləliklə, hesabat dövründə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla, 626 mənzilin verilməsi təmin edilib. Cari ildə isə azı 800 şəhid ailəsinin və Qarabağ müharibəsi əlillinin mənzillə təminatı həyata keçiriləcək.
Azərbaycanda pensiya təyinatı sahəsində mühüm addımlar atılıb. Belə ki, Prezident İlham Əliyevin 2018-ci il 5 sentyabr tarixli fərmanına əsasən reallaşdırılan islahat tədbiri vətəndaş məmnunluğuna imkan yaradıb.  Məhz bunun nəticəsi olaraq pensiya yaşı çatan hər kəs heç bir müəssisə və arxivə üz tutmadan, sənəd toplamadan, bürokratik maneələrlə üzləşmədən ünvanına göndərilən bildiriş vasitəsilə alacağı pensiyanın məbləği, habelə pensiya kartını haradan əldə edəcəyi barədə məlumat ala bilir.
Şübhəsiz ki, sadalanan bu uğurların əldə edilməsində ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayıb.
Cənab İlham Əliyevin müdrik rəhbərliyi, yeritdiyi düzgün strategiya nəticəsində əldə edilən möhtəşəm uğurlar Azərbaycanda mənəvi ab-havanın yaxşılaşmasına,   dövlətə, onun rəhbərinə etimadın daha da artmasına səbəb olub.

 

Zaur Mirzə-zadə