Sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi dövlətin və vətəndaşların təhlükəsizliyinin təminatıdır

“Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdikləri qanunlara nəzər saldıqda görürük ki, Azərbaycanda bu sahədə böyük boşluqlar mövcuddur. Düşmənlərimiz və əlaltıları isə bu boşluqlardan rahatca istifadə edərək öz məkrli fəaliyyətlərini həyata keçirirlər. Virtual savaşda əsl hədəf vətəndaşlarımızın düşüncəsinə təsir etməkdir. Bu baxımından əvəzolunmaz platforma olan sosial şəbəkələr təhlükəsizliyimizə qarşı fəaliyyətlər üçün geniş imkanlar yaradır.”

Bu fikirləri XALQ.AZ-a çıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsilə bağlı beynəlxalq təcübədən danışan deputat bildirib ki, son illər Almaniya qanunvericiliyinə nəzər saldıqda görürük ki, 2017-ci ildə qəbul edilmiş “Facebook aktı” kimi də adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. 18 iyun 2020-ci ildə qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr paylaşımları silməklə bərabər, müəlliflərin İP adresləri ilə birlikdə Federal Kriminal İdarəsinə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər. Həmçinin, may ayında ABŞ prezident Donalt Trampın qəbul etdiyi “Onlayn senzuradan müdafiə barədə” Sərəncamla sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməməsinin dövlətin təhlükəsizliyinə qarşı birbaşa təhdit olduğu vurğulanmışdır. Belə ki, sosial şəbəkələr öz platformalarında yayılan informasiyaların məzmununa görə məhkəmə qarşısında məsuliyyət daşıyacaqlar.

Dünyada sosial şəbəkələrlə bağlı mövcud vəziyyət Prezident Trampın fikirlərinin və qərarının tam əsaslı olduğundan xəbər verir. İndiki dövrdə sosial şəbəkələr söyüş, qeyri etik davranış, terrora, qarşıdurmaya çağırış məkanına çevrilib. Ölkələrdə sabitliyin pozulması prosesi də buradan idarə olunur. Türkiyə Böyük Millət Məclisinin ötən günlərdə qəbul etdiyi qərar sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsinin ən optimal örnəklərindən biridir. Belə ki, bir milyondan çox istifadəçisi olan sosial şəbəkələr Türkiyədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiya tətbiq ediləcək. Təhqir, böhtan, cinayət tərkibli paylaşımlar 48 saat müddətində silinəcək. Bu yolla həm sosial şəbəkələr, həm şəbəkə istifadəçiləri yaydıqları informasiyaya görə məsuliyyət daşıyacaqlar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial şəbəkələrin fəaliyyətinin qanunla tənzimlənməsi ölkənin istər daxili düşmənlərdən, istərsə də xarici hücumlardan qoruması üçün mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən ölkəmizdə sosial şəbəkələr üzərində qanunla müəyyənləşmiş nəzarət və tənzimlənmə mexanizminin olmaması bu sahədə həm qanunda boşluğun olduğunu, həm də ölkəmizin virtual hücumlardan qorunma mexanizminin inkişaf etdirilməsinin vacibliyini göstərir.

Tamam Cəfərova həmiçinin qeyd etmişdir ki, müharibə şəraitində yaşayan bir ölkə və xalq olaraq, düşmənlə cəbhədəki real müharibə ilə yanaşı sosial şəbəkələrdə də ciddi bir hücumla qarşı-qarşıya dayanırıq. Düşmənə bütün cəbhələrdə layiqli cavabı verməyimizə baxmayaraq, Azərbaycanda və ondan kənarda yaşayan sosial media və digər onlayn platforma istifadəçilərinin müəyyən bir qismi erməni xüsusi xidmət orqanlarının və maşa kimi istifadə olunan bəzi azərbaycanlı jurnalist, bloger və digərlərinin apardıqları dezinformasiya, əks-təbliğat və qara piyar (PR) kimi kampaniyalarının qurbanı oldu və bəzən bilməyərəkdən dövlət maraqlarımıza zidd olan, arzuolunmaz kontentin təbliğatçısına çevrildilər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində bu haqda belə demişdir:

“Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır. Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.”

Sonda qeyd etmək istərdim ki, hər bir sahədə olduğu kimi sosial şəbəkələrin də fəaliyyətinin qanunla tənzimlənməsi günümüzün aktual məsələsidir. Və ümid edirəm ki, tezliklə ölkəmizdə də bu sahədə real addımlar atılacaq. Bu həm dövlətin, həm də vətəndaşların təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb edir.