Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi ilə bağlı layihəyə start verilib

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrasına başlayıb.

Təşkilatdan verilən məlumata görə, məqsəd şəxslərdə, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaqdır.Onlarda bu sahəyə maraq yaratmaqla, həm də Azərbaycan nümunəsinin xüsusiyyət və üstünlükləri ilə bağlı meylin artırılmasıdır. Amma əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.

Məlumdur ki, sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətlər günümüzün əsas məsələlərindəndir.Nəzərə alsaq ki, sosial şəbəkələrdən istifadə və yararlanma daha sərbəstdir – bu zaman milli maraqların qorunması, Azərbaycanın artan imicinin təbliği, yad güclərin ölkəmizə qarşı əsassız hücumlarının qarşısının alnması, önləyici tədbirlərin görülməsi aktuallıq kəsb edir. Vətəndaş cəmiyyəti, müstəqil və canlı vətəndaş qrupları, hakimiyyətin məktəblərin qurulmasını, səhiyyə xidmətlərinə çıxışın təmin edilməsini, ətraf mühitin qorunmasını və ümumi rifah üçün bir çox işin görülməsini təmin edir.

Layihə çərçivəsində son aylar meydana gəlmiş yeni virus növü – COVİD-19 ətrafında sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə erməni təxribatlarının əsl mahiyyəti müzakirə olunacaq.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.Təşkilat üzvləri hazırda həmin ailələrin müəyyənləşməsi prosesinə başlayıblar.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və bu dövr ərzində Bakı, Sumqayıt və Gəncə sakinləri ilə onlayn müzakirələr keçiriləcək, mövzu ilə əlaqədar sorğular keçiriləcək, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.