Stulda oturan kişini maşın vurub öldürdü

Qoca

Gecə Bakının Nizami rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Rasim Verdiyev üzü Koroğlu metrosu istiqamətində hərəkətdə olarkən idarə ediyi “Hyundai” markalı avtomaşınla piyada 40-45 yaşlarında şəxsiyyəti hələ ki, məlum olmayan kişini vurub. Piyada aldığı zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib. Hadisə zaman sürücü ailə üzvləri ilə birlikdə evinə gedirmiş.

Hadisə şahidlərinin sözlərinə görə, dünyasını dəyişən piyada artıq bir neçə gün imiş ki, hər axşam Heydər Əliyev prospektinə gəlirmiş. O, özü ilə bərabər gətirdiyi oturacağı yolayrıcında quraşdırılan işıq dirəklərinin yanına qoyaraq orada əyləşib maşınları seyr edirmiş. Ötən gecə isə o qəfildən prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsindən yola çıxıb. Bu zaman isə o, “Hyundai” markalı maşının zərbəsinə tuş gəlib.

Qəzadan sonra hadisə yerində Nizami rayon polis idarəsinin əməkdaşları cəlb edilib. Sürücü Rasim Verdiyev isə izhatının alınması üçün idarəyə aparılıb.

Qəzanın dəqiq səbəbləri və dünyasını dəyişən piyadanın şəxsiyyətini müəyyən etmək istiqamətində isə araşdırmalar davam etdirilir. Bu araşdırmalardan sonra yol nəqliyyat hadisənin dəqiq baş vermə səbəblərinə aydınlıq gətiriləcək.