“Su təsərrüfatı sistemində struktur islahatları aparılmalıdır”

Vüqar Bayramov

“Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirədə su təminatında olan problemlər ilə yanaşı, gələcəkdə həyata keçirilməli işlər də müzakirə olundu. Su təsərrüfatındakı problemlər kənd təsərüffatına və bütövlükdə iqtisadiyyata da mənfi təsir edir”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov deyib. O, problemlərin aradan qaldırılması üçün nələrin edilməsinə ehtiyac duyulduğuna da cavab verib:

“Müşavirədə qeyd olunduğu kimi, dövlət qurumları arasında koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən biri olduğu üçün bu sahədə struktur və institutsional islahatların aparılması məqsədəuyğundur. Beyin mərkəzi olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2012-ci ildə hazırladığı struktur islahatları paketində bu sahədə də struktur islahatların aparılmasını təklif etmişdi. Bütövlükdə, struktur ishlahatları sistemli və təmərküzləşmiş koordinasiyaya imkan yarada bilər;

– İtkilərin qaşısının alınmsı üçün infrastrukturun daha da inkişaf etdirilməsi ilə yanaşı, bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Ölkə üzrə infrastruktur inkişaf etsə də, sahəvi infrastrukturun genişləndirilməsi vacibdir. Müşavirədə də qeyd olunduğu kimi, su itkəsi əksər hallarda 40 faizdən çoxdur. Bu kifayət qədər böyük rəqəmdir. İtkilərin azaldılması eyni zamanda su ehtiyatlarının artmasına səbəb ola bilər;

– Yeni daxili su mənbələrinin tapılması üçün bu sahədə elmi tədqiqatların genişləndirilməsi vacibdir. Məhz tədqiqatlar nəticəsində əsasən xarici su mənbələr hesabına istehlakı ödənilən ölkəmizdə su problemini mərhələli şəkildə aradan qaldırmaq olar;

– Su ehtiyatlarının ədalətli bölgüsünə ehtiyac var. Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda suyun yerlərdə fermerlər arasında ədalətli bölgüsü həyata keçirilmir və bu da suya olan tələbin tam ödənilməsinə imkan vermir. Bu baxımdan da, müasir çağrışlara uyğun və əsaslandırılmış su balansın hazırlanması məqsədəuyğundur;

– İçməli suya olan tələbin ödənilməsi üçün daxili mənbələrdən daha səmərəli istifadəsi zəruridir. Mənim parlamentdə təmsil etdiyim Füzuli rayonunda elə qəsəbələrimiz var ki, içməli suyu xüsusi su maşınlarından ödəniş ilə alırlar. Bu barədə uyğun dövlət qurumuna artıq sorğu göndərsəm də, belə problemlərin uzunmüddətli həlli daxili su mənbələrin müəyyənləşdirilməsi və onlardan səmərəli istifadə edilməsi yolu ilə həll oluna bilər;

– Nəhayət, su təsərrüfatında idarəetmənin səmərəliyinin artırılması üçün mövcud strategiyanın yeni çağrışlara uyğunlaşdırılmasına ehtiyac var. Bu zaman iqlim dəyişiklikləri, elmi-innovativ metodlardan istifadə kimi faktorların da nəzərə alması məqsədəuyğundur”.