Süleyman İsmayılov “Bunun təməlində xalq-iqtidar birliyi dayanır”

Müstəqilliyini anbaan, günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində möhtərəm Prezidentimiz İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edəcək respublikamız ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirir, bütün sahələrdə sürətlə inkişaf edərək misilsiz nailiyyətlər qazanır. 

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi, Böyük qayıdışın reallaşması üçün böyük cəsarət və əzm göstərir. Görülən bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini ona etibar edir, hər bir işdə ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İSMAYILOVun oxuculara təqdim edilən geniş təhlili məqaləsi də yola saldığımız 2017-ci ildə ölkə vətəndaşlarının qayğı və problemlərinin dövlət tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edir.

XALQ.AZ Azərtac-a istinadən həmin məqaləni təqdim edir:

Davamlı, dərin və köklü islahatların sabaha inam doğuran uğurlu nəticələri

Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır. 25 ildən çoxdur ki, müstəqilliyinin bərpasının bəhrələrini, müsbət nəticələrini aydın görən Azərbaycan xalqı öz Prezidentinə dərin inam nümayiş etdirərək, ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq üçün fədakarlıqla çalışır, regionda və dünyada ən inkişaf etmiş nümunəvi bir dövlət qurmaqda, onu möhkəmləndirməkdə davam edir.

Ölkənin inkişaf istiqamətlərini və tutduğu yolu, dövlətin yeritdiyi siyasəti müəyyənləşdirən Azərbaycan Prezidenti İlham Əliyev deyir: “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük… Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur”.

2017-ci il ölkədə böyük siyasi və iqtisadi islahatlar ili kimi yadda qalmışdır. Azərbaycanda dövlət idarəçilik sistemi daha da təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Bu məqsədlə Konstitusiyanın preambulasında əksini tapan niyyət və prinsiplərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülmüş, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq ölkəmizdə vitse-prezidentlik təsisatının yaradılması reallaşmışdır. Bu təsisatın yaradılması olduqca vacib hadisə olaraq ölkəmizin yeni siyasi-hüquqi inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı indiki dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, dövlətimizin qarşısında qoyulan vəzifələrin reallaşdırılması üçün çox əhəmiyyətli addım olmuşdur.

Birinci vitse-prezident təsisatının ölkəmizdə ilk dəfə tətbiq olunması, Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin vəzifəyə son illərdə ictimai-siyasi fəaliyyəti ilə xalq arasında böyük nüfuz və hörmət qazanmış Mehriban xanım Əliyevanın təyin edilməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, ilk növbədə, onun Azərbaycanı beynəlxalq miqyasda yüksək səviyyədə təmsil etməsi, dövlətə və xalqa xidmət nümunəsi olan işləri, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xarici ölkələrdə həyata keçirdiyi yüksək humanitar missiyalarının və səmərəli fəaliyyətinin böyük rezonans doğurması ilə bağlıdır.

Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin qorunması və inkişafı üçün göstərdiyi böyük fədakarlığı ilə ümumxalq məhəbbətini qazanmışdır. Azərbaycanda keçirilən beynəlxalq humanitar forumların və böyük idman tədbirlərinin təşkilində, xarici ölkələrdə Azərbaycanla bağlı mədəni tədbirlərin keçirilməsində onun misilsiz əməyi vardır.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin 2017-ci ilin fevralında Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım barədə dediyi sözlər onun fəaliyyətinə verilən obyektiv qiymətdir: “…Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Onun təşəbbüsü ilə təhsil sistemində aparılan ciddi islahatlar, səhiyyə müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı xeyriyyə tədbirlərinin keçirilməsi onu xalq üçün əziz insana çevirmişdir. Bir çox xarici ölkələrin yüksək mükafatlarına layiq görülmüş Mehriban xanım Əliyeva ötən ilin dekabrında Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilmişdir. Həmin ordenin təqdimat mərasimində Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Mehriban xanım Əliyevanı öz ölkəsinin və xalqının həyatında çox mühüm rol oynayan, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi səciyyələndirmiş, Vətənindən uzaqlarda da çox nəcib işlər gördüyünü vurğulamışdır.

Ötən ilin yekunları və əsas hadisələri, il ərzində qazanılan uğurların əsas məqamları ölkə Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə xalqa müraciətində konkret və aydın şərh edilmişdir.

Azərbaycan Prezidenti ölkənin ötənilki uğurlarından bəhs edərkən nəzərdə tutulan bütün vəzifələrin icra edildiyini, Azərbaycanda sabitliyin təmin olunduğunu xüsusi qeyd etmiş və bu sabitliyin mənbəyinin xalq-iqtidar birliyi olduğunu bir daha vurğulamışdır. Çünki sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz.

Cənab Prezidentin göstərdiyi kimi, bütün sahələrdə inkişafı göz qabağında olan Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənmiş, ölkəmiz özünü ləyaqətli və etibarlı tərəfdaş kimi tanıtmış, regional sabitliyə böyük töhfələr vermiş, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal iştirak edərək 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etmişdir. Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları təkcə müsəlman dünyasında deyil, beynəlxalq miqyasda böyük əks-səda doğurmuşdur. Azərbaycan 2016-cı ildə də “Multikulturalizm İli” çərçivəsində dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynayaraq, dünya miqyasında dialoq mərkəzlərindən birinə çevrilmiş, “Şərqin İsveçrəsi” şöhrətini qazanmışdır.

2017-ci ilin sonunda Bakıda keçirilmiş və “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş beynəlxalq konfransda dünyanın 40-dan artıq ölkəsindən 150-dən çox nümayəndə iştirak edirdi. Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışında irəli sürülən həmrəylik konsepsiyaları həm islam aləmində, həm də dünyada sülhün, tolerantlığın, Azərbaycan multikulturalizminin təşviqinə böyük töhfə idi.

Ölkə Prezidenti ötən il dünyanın 14 ölkəsinə 20-dən çox səfər etmiş, Azərbaycanın dünya miqyasında müsbət imicinin və reputasiyasının olduğunu sübuta yetirmiş, dünyada ölkəmizə marağın gündən-günə artmasına, onun iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə təkan vermişdir.

Cənab Prezident il ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak və çıxış edərək, beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə danışıqlar aparmışdır. Bütün bunlar Azərbaycanın beynəlxalq əlaqələrinin və mövqeyinin daha da güclənməsinə və genişlənməsinə xidmət etmişdir.

Təsadüfi deyildir ki, dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycanın müsbət imicini təsdiq edən çoxsaylı materiallar dərc olunur, əksər beynəlxalq reytinq cədvəllərində ölkəmiz gündən-günə irəliləyir. Azərbaycan vətəndaşları dünyanın bir çox ölkələrinə viza almadan səfər edə bilirlər. Azərbaycan Prezidentinin 2018-ci il 31 yanvar tarixli Fərmanı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün respublikanın hava limanlarında “ASAN Viza” sisteminin tətbiq edilməsi ölkəmizin müsbət imicini daha da gücləndirir.

Hazırda Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər istər Avropa, istərsə də Şərq ölkələrinin tanınmış mətbuat orqanlarının diqqət mərkəzindədir. Dünyanın 193 ölkəsində olmuş amerikalı səyyahın məşhur “USA today” informasiya agentliyi üçün bu günlərdə hazırladığı reytinqdə Bakı şəhəri turizm üçün gözəl və ən sabit şəhər adlandırılmışdır. ABŞ-ın nüfuzlu nəşrlərindən biri olan “The Washington Times” qəzeti Azərbaycanın “Odlar yurdu”, onun paytaxtı Bakının isə “Şərqin Parisi” adlandırıldığını, “mədəniyyətlərin və sivilizasiyaların Bakıda qovuşduğunu” yazır, Azərbaycanı idmançıların öz istedadlarını göstərmək üçün “bütün dünyada ən ideal yer” hesab edir.

Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsindən bəhs edərkən 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” neft yatağının istismar müddətinin 2050-ci ilə qədər uzadılmasına dair yeni sazişin imzalanmasını, bunun ölkəmizə milyardlarla dollar gəlir gətirəcəyini, təkcə verilən bonusun 3 milyard ABŞ dollarından çox olduğunu, “Cənub Qaz Dəhlizi”nin və TANAP layihəsinin son mərhələyə qədəm qoyduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli tərəfdaşa çevrildiyini də diqqətə çatdırmaq lazımdır.

Azərbaycan iqtisadi inkişafına düşünülmüş və məqsədyönlü daxili və xarici siyasət yeritməklə, maliyyə resurslarından bacarıqla və uzaqgörənliklə istifadə etməklə nail olur. Aparılan düzgün iqtisadi siyasət nəticəsində müstəqillik illərində büdcəsi ildən-ilə artan Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin xərcləri Qırğızıstandan 5,8, Moldovadan 5,5, Tacikistandan 4,9, Ermənistandan 4, Gürcüstandan 2,4 dəfə, Latviyadan 64, Özbəkistandan 56, Belarusdan 17, Litvadan 12, Türkmənistandan 10 faiz çoxdur. Ölkə Prezidenti haqlı olaraq deyir: “Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq, heç kimdən dilənmirik, heç kimə yalvarmırıq”. Özünü bütün regional layihələrdən kənarda qoymuş və işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın bu gün 7 milyard ABŞ dollarınadək borcu vardır, bu da onun ÜDM-nin 60 faizindən çoxdur. İqtisadiyyatın iflas həddinə çatması əhalini son dərəcə narazı salmışdır.

Azərbaycanın iqtisadi qüdrəti həm də onun müdafiə qüdrəti deməkdir. Bu gün Azərbaycan Ordusu nəinki regionun, həmçinin dünyanın orduları sırasında öz texniki təchizatına, potensialına, nizam-intizamına, kadr hazırlığına, mütəşəkkilliyinə görə yüksək qiymət verilən ordulardan biri hesab edilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu ən prioritet məsələlərdən biri sayaraq, ordumuzun müasir vəziyyəti ilə fəxr etdiyini dəfələrlə bəyan edərək demişdir: “Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir”.

Ordumuzun gücünü aprel döyüşlərində görən düşmən daim səksəkə içindədir. Çünki istər insan resursları, istərsə də bütün digər parametrlər üzrə onlar öz zəifliklərini dərk edir və görürlər ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Ordumuz torpaqlarımızı azad etməyə və düşmənə sarsıdıcı zərbə endirməyə daim hazırdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan öz prinsipial mövqeyindən heç vaxt geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyü mütləq bərpa olunacaqdır.

Ölkə Prezidenti bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanın ötən il qazandığı nailiyyətləri bir daha hərtərəfli təhlil etmiş, bu nailiyyətləri ölkə rəhbərliyinin uğurlu siyasətinə xalq tərəfindən göstərilən dəstəklə əsaslandırmışdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ümumi daxili məhsulun, xüsusilə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənayenin 3,6, kənd təsərrüfatının 4,1 faiz artması çox önəmli olmuşdur.

Ümumiyyətlə, ilin yekunları bütün əsas göstəricilər üzrə müsbət olmuşdur və cənab Prezidentin göstərdiyi kimi, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. İl ərzində respublika iqtisadiyyatına 14,6 milyard ABŞ dollarına yaxın investisiyanın cəlb olunması, həmçinin ticarət balansımızın müsbət saldosunun 6,2 milyard dollar olması böyük uğurdur. Hər il əhalisinin azı 100 min nəfər artdığı respublikamızda iqtisadi inkişafın da yüksək səviyyədə olması və yeni iş yerlərinin yaradılması üçün ölkə iqtisadiyyatına böyük investisiyalar qoyulması tələb olunur. Təkcə 2004-2017-ci illərdə Azərbaycan iqtisadiyyatına cəmi 225 milyard ABŞ dolları vəsait qoyulmuşdur. Bunun sayəsində özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizə çatmışdır.

Azərbaycan Prezidenti bu il ölkə iqtisadiyyatına qoyulan sərmayənin 15 milyard ABŞ dollarına çatacağını bildirərək deyir: “…Azərbaycan bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrilibdir. Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcəkdir”.

Ötən il ölkədə iki milyardıncı ton neft hasil edilmiş, Bakı Gəmiqayırma Zavodunun istehsalı olan “Xankəndi” yeni sualtı tikinti gəmisi suya buraxılmış, bununla da “Şahdəniz-2” layihəsinin həyata keçirilməsinə geniş imkanlar yaradılmış, Xəzər dənizində Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verilmişdir. Bu, dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, sututumu isə 47500 tondur və bu qurğu vasitəsilə 12,2 min metr dərinliyə qədər quyu qazmaq mümkündür.

Ölkəmizin Qarabağ probleminə görə yaşadığı çətinliklərə, qaçqınların və məcburi köçkünlərin problemlərinə, müdafiə xərclərinin böyük vəsait tələb etməsinə, üstəlik neftin qiymətinin aşağı olmasına, dünyada hökm sürən böhrana baxmayaraq, keçən il Azərbaycanın strateji valyuta ehtiyatlarının 4,5 milyard ABŞ dollarından çox artaraq 42 milyard dollara çatması, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünyada öncül yerlərdən birini tutması, ixrac potensialının 19 faiz, o cümlədən qeyri-neft ixracının 24 faiz artması, il ərzində 221 min, o cümlədən 177 mindən çox daimi iş yerinin açılması, işsizliyin 5 faiz, yoxsulluğun 5,4 faiz səviyyəsində olması, ən başlıcası, görülən və nəzərdə tutulan işlər bütövlükdə vətəndaşların güzəranının yaxşılaşdırılmasına və onların problemlərinin müsbət həllinə imkan yaradır.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, həyata keçirilən layihələr, o cümlədən strateji yol xəritələrinin icrası ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.

Azərbaycanın iqtisadi inkişafını əks etdirən göstəricilərdən biri də onun hər il Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda tutduğu yerlərdir. 2017-2018-ci illər hesabatında Azərbaycanın reytinqi 2 pillə yüksələrək 35-ci yerə çıxmış və 12 əsas indikatordan 9-u üzrə yaxşılaşmışdır.

Dünya iqtisadiyyatının inkişafında misilsiz rol oynayan və bu il 3 mindən artıq iştirakçısı olan 48-ci Davos İqtisadi Forumunda Azərbaycana və Azərbaycan Prezidentinə çox böyük maraq nümayiş etdirilmişdir. Builki forumda “Parçalanmış dünyada paylaşılan gələcək yaratmaq” mövzusunda müzakirələr aparılmış, 70-dən artıq ölkənin dövlət və hökumət başçıları, dünyanın 900-dən çox aparıcı şirkəti iştirak etmişdir. Bu forumda artıq 12-ci dəfə iştirak edən Azərbaycan Prezidenti ötən illər ərzində 183 görüş, o cümlədən 33 dövlət və 19 hökumət başçısı, 23 nazir və digər hökumət rəsmiləri, 90-dan çox şirkət və 18 beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirmiş, forumun sessiyalarında 27 dəfə iştirak etmiş, kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermişdir. Bu forumda diqqəti cəlb edən cəhətlərdən biri də Azərbaycanın “Ekspo-2025” layihəsinə öz namizədliyini irəli sürən ölkə kimi təqdimat mərasimi keçirməsidir.

Dünya Bankının hazırladığı “Doing Business 2018” hesabatında da Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlmiş, həmçinin Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri hesab olunmuşdur. “Doing Business 2018” hesabatında Azərbaycanın mövqeyinin 10 indikatordan 6-sı, o cümlədən əmlakın qeydiyyata alınması, elektrik enerjisinin əldə edilməsi, kiçik investorların hüquqlarının qorunması və digər göstəricilər üzrə yaxşılaşması da yüksək qiymətləndirilməlidir.

Qlobal Rəqabətlilik Hesabatının “Siyasətçilərə ictimai etimad” kateqoriyasında Azərbaycan “Böyük İyirmilik” ölkələrinin bir çoxunu geridə qoymuş, 137 ölkə arasında 20-ci pilləyə yüksəlmiş, eyni zamanda, “Dövlət tənzimlənməsinin yükü” göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşmışdır ki, bu da ölkə Prezidenti İlham Əliyevin siyasətinə əhalinin və biznes aləminin yüksək etimadının göstəricisidir.

2017-ci ilin nailiyyətlərindən danışarkən ölkədə sənaye sahələrinin inkişafına göstərilən diqqəti də qeyd etməliyik. Azərbaycanda sənayenin inkişafı üçün yaradılan sənaye məhəllələri getdikcə artır. Artıq belə sənaye məhəllələri Neftçalada, Sabirabadda fəaliyyətə başlamış, Balaxanı Sənaye Parkı, digər rayonlarda isə yeni müəssisələr işə düşmüşdür. Sənayenin inkişafına yetirilən diqqət nəticəsində ölkədə sahibkarlıq getdikcə böyük vüsət alır. Neft və qazdan gələn gəlirlər insan kapitalına yönəldilir, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilir.

Aparılan iqtisadi islahatlar ölkənin maliyyə ehtiyatlarından səmərəli istifadə olunmaqla həyata keçirilir. 2017-ci ildə respublikada 1953 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşməsinə 146 milyon manat güzəştli kredit verilmişdir və bu kreditlərin 65 faizi regionların, 35 faizi isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür. İl ərzində güzəştli kreditlərin 67,6 faizi aqrar sektorun, 32,4 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına yönəldilib. Bunun hesabına 60 müəssisə istifadəyə verilmiş, 40 müəssisədə isə işlər davam etdirilir.

Dövlət başçısı Azərbaycan iqtisadiyyatının mühüm və perspektivli sənaye sahələrinə sərmayə qoyuluşunu həmişə dəstəkləmişdir. Dövlətimiz Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə vaxtilə verilmiş, indi isə geri qaytarılmış vəsait hesabına sahibkarlara bu il 170 milyon manat güzəştli kredit verəcəkdir ki, bu da yeni iş yerlərinin yaradılmasına və sürətli inkişafımıza kömək edəcəkdir.

Azərbaycanda iqtisadiyyatın inkişafında böyük əhəmiyyəti olan yol-nəqliyyat infrastrukturuna xüsusi diqqət yetirilir. Ötən ilin ən mühüm hadisələrindən birinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Türkiyə və Azərbaycan prezidentlərinin, bir çox ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən unudulmaz açılış mərasimi beynəlxalq aləmdə geniş rezonansa səbəb olmuşdur. Çoxlarına əlçatmaz və xəyal kimi görünən, bir çox güclərin hər vasitə ilə əngəlləməyə çalışdığı bu mühüm layihə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, dövlətimizin maliyyə dəstəyi sayəsində reallaşmış və ölkəmizin böyük logistika mərkəzinə çevrilməsini təmin etmişdir.

Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidentinin qeyd etdiyi kimi, bu yol “…nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib. …Azərbaycan bu yolun icrasında ən böyük maliyyə yükünü öz üzərinə götürmüşdür. Bu tarixi layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində – cəmi 2 ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur”.

Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, qonşu İrandan keçən Şimal-Cənub layihəsinin gerçəkləşməsi üçün də böyük işlər görülür. Ümumiyyətlə, Azərbaycanda yol-nəqliyyat infrastrukturuna külli miqdarda sərmayə qoyulması nəticəsində 2004-cü ildən bu günə qədər 11 min kilometr avtomobil yolu tikilmiş, 6 beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu gün Azərbaycanda hava və dəniz yolu ilə yükdaşımalara da xüsusi önəm verilir. Bunun üçün 20-yə yaxın yük təyyarəsindən ibarət böyük park yaradılmışdır, hazırda 270 gəmidən ibarət Xəzər donanması fəaliyyət göstərir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma imkanları 25 milyon tona və ya 500 min konteynerə çatdırılacaqdır.

Beynəlxalq yükdaşımalar üçün güclü infrastruktur yaradılması ilə yanaşı, respublikadaxili yolların da çəkilməsinə böyük vəsait qoyulmuş, ayrılmış vəsait hesabına 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmış, 500-dən çox kəndə yeni və gözəl yollar çəkilmişdir.

Azərbaycanda 2017-ci ili həm də kənd təsərrüfatında dönüş ili adlandırmaq olar. Vaxtilə mövcud olan ənənəvi kənd təsərrüfatı sahələrinin müasir texnologiyalar əsasında yenidən bərpa edilməsi məşğulluq səviyyəsinin yüksəldilməsinə, ixrac imkanlarının artırılmasına şərait yaratmışdır. Dövlət başçısının təşəbbüsü ilə aqroparkların yaradılması diqqət mərkəzində olmuş, il ərzində yaradılan 32 iri fermer təsərrüfatına böyük maliyyə dəstəyi göstərilmişdir. Mövcud 38 aqropark ölkənin ixrac potensialını xeyli artırmışdır. Məhz dövlət başçısının tapşırığına uyğun olaraq, ümumi dəyəri 350,6 milyon manat olan 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit, həmçinin 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilmiş, son 2 ildə kənd təsərrüfatı texnikasının alınmasına 295 milyon manat ayrılmışdır. İnnovativ meyarlara uyğun qurulan belə aqroparklar gələcəkdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə və respublika üçün vacib məsələlərdən biri olan yeni iş yerlərinin yaradılmasına kömək edəcəkdir.

Kənd təsərrüfatına göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında Ərzaq təhlükəsizliyi indeksinə görə 57-ci yerə yüksəlmiş, kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya işləri aparılmış və lazımi infrastruktur yaradılmış, təkcə meliorasiya sisteminin təkmilləşdirilməsinə 2017-ci ildə 461 milyon manat vəsait yönəldilmişdir.

Çox qısa bir müddət ərzində respublikada 18 min hektar fındıq bağı salınmış, 207 min ton pambıq, 245 ton barama, 5200 ton tütün tədarük edilmiş, 400 hektardan çox sahədə yeni istixana kompleksləri yaradılmış, 140 milyon dollar dəyərində pomidor ixrac edilmişdir. Eyni zamanda, daxili tələbatın daha yaxşı təmin edilməsinə başlanmışdır. Ümumilikdə 187 ölkə ilə ticarət əlaqəsi olan, 113 ölkəyə məhsul ixrac edən Azərbaycanın xarici ticarət dövriyyəsi keçən il 10 faizədək artmışdır.

Azərbaycan Prezidenti 2017-ci ilin yekunlarından danışarkən bu sahənin daim dövlətin diqqət mərkəzində olduğunu, qısa vaxtda əldə olunan uğurları bir daha qeyd edərək demişdir: “Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək… Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı”.

Ötən il sentyabrın 2-də ölkə Prezidentinin Cəlilabad və Lənkəran rayonlarına səfəri zamanı keçirilən müşavirədə kənd təsərrüfatının inkişafı məsələləri xüsusi müzakirə olunmuşdur. Ölkə Prezidentinin iştirakı ilə bölgələrdə pambıqçılıq, barama, tütün və fındıqçılıq, çay, çəltik və sitrusçuluq üzrə, habelə qeyr-neft ixracatçıları ilə keçirilən müşavirələr bu sahələrin sürətli inkişafına təkan vermişdir.

Ümumiyyətlə, Azərbaycanın regionlarının inkişafında ölkə Prezidentinin səfərlərinin böyük təsiri olmuşdur. Təkcə 2017-ci ildə dövlətimizin başçısı ölkənin 28 rayonuna 31 səfər etmiş, müşavirələr keçirmiş, 100-dən çox obyektin açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti respublikanın hər bir regionunun, hər bir rayonunun və kəndinin problemlərini diqqət mərkəzində saxlamağı tövsiyə edir və bunu öz çıxışlarında qeyd edir:“…Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”.

Həyata keçirilən layihələrin və görülən işlərin əsas məqsədi ölkənin iqtisadi və müdafiə qüdrətini artırmaq, əhalinin güzəranını yaxşılaşdırmaq və vətəndaşları narahat edən problemlərin həlli üçün zəmin yaratmaqdır. 2017-ci ildə sosial sahələrin inkişafına 5 milyard 52 milyon manat və ya dövlət büdcəsi xərclərinin 28,7 faizi həcmində vəsait yönəldilmişdir.

Ölkə əhalisinin sosial müdafiəsini gücləndirmək üçün ciddi tədbirlər görülmüş, bu məqsədlə dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Təkcə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən və Dövlət Neft Fondundan 326 milyon manat vəsait ayrılmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Bakı və Abşeron yarımadasında qəzalı binalarda məskunlaşmış 4 mindən çox məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təşəbbüsü xüsusi sevinclə qarşılanmışdır.

Ümumən əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi məsələlərdən biridir və ölkə Prezidentinin sosialyönümlü siyasəti xalqımız tərəfindən həmişə böyük rəğbətlə qarşılanmışdır. Dövlətin ali məqsədi Azərbaycanın müstəqilliyinin əbədiləşdirilməsi və xalqın rifahının daim yaxşılaşdırılması olduğuna görə vətəndaşları düşündürən, narahat edən problemlərin necə həll edilməsi də çox vacib məsələdir. Azərbaycanda demoqrafik vəziyyətin ildən-ilə yaxşılaşması bu məsələlərin həlli üçün düşünülmüş, realist siyasət yeridildiyini sübut edir.

Dövlət başçısının qeyd etdiyi kimi, əhalinin sosial müdafiəsini gücləndirmək üçün 116 mindən çox ailə, bu ailələrin 400 mindən çox üzvü ünvanlı sosial yardımla əhatə olunmuşdur və onlara dövlət hesabına orta hesabla ayda 150 manat yardım göstərilir. Ancaq bunlar əhalinin sosial müdafiəsi üçün görülən işlərin bir hissəsidir. Bu baxımdan keçən il məşğulluq orqanları tərəfindən 47 min 900 nəfərin işlə təmin edilməsi, işsiz əhalinin peşə hazırlığı kurslarına cəlb edilməsi, 15 minə yaxın şəxsə işsizlik müavinətinin verilməsi, işsizliyin və yoxsulluğun daha da azaldılması üçün 76 şəhər və rayonda 1172 kiçik ailə təsərrüfatının yaradılması, İşsizlikdən Sığorta Fondu vasitəsilə yardımlar göstərilməsi, “ABAD” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi öz nəticələrini verməkdədir. Keçən il məşğulluq mərkəzlərinə edilən müraciətlər 1,7 dəfə azalmışdır.

Vətəndaşların təkcə pensiya və müavinətlərinin həcmi 3,4 milyard manat olmuşdur. İşləyən pensiyaçıların hesablarında yığılmış vəsaitdən istifadənin tətbiqi nəticəsində onlara 2,5 milyon manat əlavə vəsait ödənilmişdir. Bundan başqa müstəqilliyimizin qorunmasında xidməti olan şəxslərin və müharibə veteranlarının bir qismi fərdi mənzil və evlə təmin olunmuş, onlara protez-ortopedik məmulat, əlil arabaları verilmiş, 39 mindən çox şəxsə bərpa xidmətləri göstərilmişdir. Ehtiyacı olan hər bir insana diqqət və qayğı göstərilərək onların vətəndaş hüquqları təmin edilmişdir. Məsələn, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə valideyn himayəsindən məhrum uşaqlar üçün yaradılmış “Məzun evi”ndə 209 nəfər yerləşdirilmiş, onların işlə təmin olunmasına şərait yaradılmışdır.

Təsadüfi deyildir ki, əhalinin sosial müdafiəsi sahəsində görülən işlərə görə Dünya İqtisadi Forumunun Rəqabətlilik Hesabatında Azərbaycan əmək bazarının səmərəliliyi göstəricisi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutmuş, MDB üzrə birinci yerə çıxmışdır.

Ölkəmizdə həyata keçirilən sosial siyasət digər sahələri də əhatə edir. Bakı şəhərinin şöhrəti gündən-günə artır, o, dünyanın ən gözəl şəhərləri ilə rəqabət aparır. Müasir arxitekturanın tarixlə vəhdəti hamını, o cümlədən paytaxtımıza gələnləri heyran edir. Burada diqqəti cəlb edən əsas cəhətlərdən biri odur ki, şəhərdə aparılan tikinti-abadlıq işləri zamanı əhalinin bütün kateqoriyalarının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlətin böyük dəstəyi təmin olunur. Bu məqsədlə ölkə Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillərin tikintisini həyata keçirir.Agentliyin ilk layihəsi olan Yasamal yaşayış kompleksi 11,6 hektar sahəni əhatə edir, burada 1843 mənzildən ibarət 29 yaşayış binası, 960 şagird yeri olan məktəb, 240 yerlik uşaq bağçası insanların istifadəsinə veriləcəkdir. Ötən il dekabrın 24-də Hövsan qəsəbəsində ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yeni kompleksin təməli qoyulmuşdur və bu kompleksdə 11 binada 3002 ailə evlə təmin olunacaqdır. Artıq “Güzəştli mənzil” sistemində 7600-dən çox vətəndaş qeydə alınmışdır.

İl ərzində ölkədə məktəb və digər təhsil ocaqlarının tikintisi, təmiri davam etdirilmiş, elmə, təhsilə göstərilən qayğı sayəsində bütün mənbələr hesabına 133 məktəb inşa edilmişdir. Ötən il 14 məktəb əsaslı, 500-ə yaxın məktəb cari təmir olunmuş, bir neçə ali məktəbin yeni korpusları tikilib istifadəyə verilmişdir.

2017-ci ildə Azərbaycanın idman nailiyyətlərini xüsusi vurğulamaq lazımdır. Azərbaycan artıq böyük idman ölkəsi olduğunu sübut etmiş və müstəqillik illərində misilsiz qələbələrə imza atmışdır. Keçən il 43-cü olimpiya idman kompleksi istifadəyə verilmişdir. Ölkəmiz 2017-ci ildə bütün beynəlxalq yarışlarda əldə etdiyi medalların sayına görə dünyada 14-cü yerə çıxmış – qazanılmış 851 medalın 347-si qızıldır – təkcə İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanmışdır. “Qarabağ” futbol komandasının ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması da Azərbaycan üçün olduqca sevindirici hadisə olmuş və ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan gimnastlarının son illərdə, o cümlədən 2017-ci ildə əldə etdiyi nailiyyətlərdə bu idman sahəsinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti böyük rol oynamışdır.

Xalqın ehtiramından yaranan minnətdarlıq məktubları

Azərbaycanın əldə etdiyi heyrətamiz qələbələr davam edir və bunun ardıcıl olacağına, son nəticədə işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, müstəqilliyimizin əbədi olacağına heç bir şübhə yoxdur. Xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasətinə, qətiyyət və cəsarətinə inanır və bunu öz minnətdarlıq məktublarında səmimiyyətlə etiraf edir.

Ölkəmizin sosial-iqtisadi inkişafı, xalqımızın rifahının yüksəlməsi, Azərbaycanın dünya dövlətləri arasında nüfuzunun gündən-günə artması, transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi və digər qürurverici uğurlar Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktublarında geniş əksini tapır. Sadə və zəhmətkeş insanların qəlbindən süzülüb gələn sözlərin, ziyalıların və elm adamlarının, xarici ölkə vətəndaşlarının həqiqətə və səmimiyyətə söykənən fikirlərinin maraqlı olduğunu nəzərə alaraq, onların bir hissəsini təqdim etmək istərdik. Xalqın məmnunluğunun ifadəsi olan minnətdarlıq məktubları yeridilən uğurlu daxili və xarici siyasətin, böyük quruculuq işlərinin, aparılan dərin islahatların təcəssümüdür.

Bakının Nərimanov rayonundan S.Babayeva yazır: “Ölkəmizin qısa zamanda sürətlə, hərtərəfli və ahəngdar inkişafı, eyni zamanda, müasirləşməsi Sizin müdrik rəhbərliyinizlə baş verir. Azərbaycanın bir sıra sahələrdə dünyaya örnək kimi göstərilməsi ilə fəxr edirik”.

Binəqədidən Ə.Nəbiyevin, Qaradağın Sahil qəsəbəsindən İ.Nəsirovun, SuraxanıdanV.Hüseynovun, Naxçıvan şəhərindən G.Əliyevanın, Şərurun Mahmudkənd kəndindən S.Rzayevanın, Lənkəranın Kərgəlan kəndindən Y.Kərimovun, Sumqayıtdan R.Həmidovanın, Şirvandan R.Hüseynlinin, Abşeronun Xırdalan şəhərindən K.Muradxanovun, AğdaşdanX.Vəliyevin, Füzulidən S.Quliyevin, Xaçmazdan E.Mürsəlovun, Qobustanın Ərəbşahverdi kəndindən Ə.İbadovun, Samuxdan R.Bayramovun, Şabranın Uzunboyad kəndindən Y.Vəliyevin, Tovuzdan el ağbirçəyi P.Hüseynovanın, digər şəhər və rayonlardan olan vətəndaşların müraciətlərində ölkə başçısının əvəzolunmaz xidmətləri xüsusi vurğulanır, müstəqil Azərbaycanın memarı, xalqımızın qəlbində əbədiyaşar şəxsiyyət haqqı qazanmış ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqincə davam etdirilməsi, xalqımızın milli mənəvi ənənələrinin qorunması, multikultural dəyərlərin inkişafı, dərin təlatümlər və böhranlar dövründə vətənimizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunub saxlanması, paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi ilə bağlı dəyərli fikirlər yer alır.

Xarici siyasətlə bağlı məktublarda – Macarıstanın Peç şəhərindən C.Əhmədov, Bakının Nəsimi rayonundan E.Məmmədova, Nizamidən B.Abasov, Sabunçudan A.Sultanova, Səbaildən C.Ələkbərova, Suraxanıdan S.Quliyeva, Yasamaldan Ə.Hacıyev, BiləsuvarınGünəşli kəndindən Ə.Əliyev, Neftçaladan G.Mirzəzadə, digər şəhər və rayonlardan olan vətəndaşlar cənab Prezidentin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində bu ali tribunadan Ermənistanın Azərbaycana qarşı apardığı çoxillik işğalçılıq siyasətini bütün dünyaya tam təfərrüatı ilə çatdırmasından qürurlandıqlarını yazır, dövlətimizin başçısı ilə fəxr etdiklərini bildirirlər. Həmçinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən Mətin Kamal həyata keçirilən düzgün strategiya sayəsində Azərbaycanın Qərbin enerji təhlükəsizliyində əvəzsiz rol oynamasından yazırsa, Ağcabədinin Hindarx qəsəbəsindən H.Kərimov Myanmarın Arakan bölgəsində qeyri-insani və cinayətkar davranışa məruz qalan müsəlmanlara humanitar yardım göndərilməsinin, Goranboyun Tapqaraqoyunlu kəndindən T.Abbasov tanınmış azərbaycanlı alim Lütfi Zadənin cənazəsinin ölkəmizə gətirilərək Fəxri xiyabanda dəfn edilməsinin onlarda dərin təəssürat oyatdığını qeyd edir, bütün bunlara görə cənab Prezidentə minnətdarlıqlarını çatdırırlar.

Bu məktubların bir çoxunda Azərbaycan mədəniyyətinin, incəsənətinin, xüsusilə muğam və xalçaçılıq sənətinin geniş təbliğində və dünya miqyasında tanınmasında, Azərbaycan mədəniyyəti nümunələrinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində, ölkəmizdə keçirilən mötəbər idman yarışlarının təşkil olunmasında böyük xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunur, Birinci vitse-prezident təyin edildikdən sonra sədrlik etdiyi ilk müşavirəni qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etməsi böyük razılıq hissi ilə qeyd edilir.

Ötən ilin əsas hadisələri içərisində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər özünəməxsus yer tutur. İlk növbədə, onu qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 4 milyon manat, Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi üçün 4,3 milyon manat vəsait ayrılması qərara alındı. Çox keçmədi ki, minalardan təmizlənmiş Cocuq Mərcanlıda nəzərdə tutulan işlər uğurla yekunlaşdırıldı və Prezident İlham Əliyev iyun ayında növbəti dəfə bu kəndə səfər edərək görülmüş işlərlə tanış oldu. Səfərdən dərhal sonra iyunun 15-də – Milli Qurtuluş Günündə ölkə başçısının imzaladığı növbəti sərəncam respublika ictimaiyyəti arasında yeni canlanma yaratdı. Bu sərəncama əsasən, Cocuq Mərcanlıda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulmuşdur.

Rusiyanın Nijni Novqorod şəhərindən, Bakının Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Suraxanı rayonlarından, Naxçıvan şəhərindən, Sumqayıtın Corat, Abşeronun Mehdiabad qəsəbələrindən, Culfa, Xaçmaz, Kəngərli, Kürdəmir, Qusar, Lerik, Sabirabad, Şabran, Şəmkir rayonlarından, həmçinin respublikanın müxtəlif bölgələrində məskunlaşmış Cəbrayıl, Kəlbəcər, Qubadlı, Şuşa rayonlarının məcburi köçkünlərindən daxil olmuş çoxsaylı məktub və teleqramda respublikanın ictimai-siyasi xadimlərindən tutmuş sadə zəhmət adamlarına kimi hər kəs bu addımları böyük ruh yüksəkliyi ilə qarşıladığını bildirdi.

Cocuq Mərcanlı kəndinin sakini O.Həziyevin məktubunda bu sözlər diqqəti cəlb edir: “Mən 23 ildir ki, ailəmlə birlikdə Cocuq Mərcanlı kəndində yaşayıram. Sizin verdiyiniz sərəncam burada yaşayan yeganə ailə kimi bizə ruh yüksəkliyi verir. İnanırıq ki, işğal altında olan digər torpaqlarımız da Sizin komandanlığınız altında tezliklə azad ediləcək və həmin ərazilərdə yeni quruculuq işlərinə başlanılacaq”.

Biləsuvarda məskunlaşmış cəbrayıllı məcburi köçkün C.Məstəliyev də çox nikbin düşünən vətəndaşlarımızdandır. O bildirir: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verdiyiniz sərəncam bütün məcburi köçkünlər, eləcə də qarabağlılar üçün Böyük qayıdışın başlanğıcıdır. Böyük göllər kiçik damlalardan yaranır. Cocuq Mərcanlı kəndində 50 evin tikilməsi bir damladır. İnşallah, bu damla tezliklə böyük gölə çevriləcək, bütün torpaqlarımız Sizin rəhbərliyiniz ilə işğaldan azad olunacaq”.

Qaradağdan K.Süleymanovun fikirləri də maraqlıdır: “Bu gün xalqımız tam əmindir ki, Cocuq Mərcanlıya sancılan üçrəngli bayrağımız yaxın zamanlarda Şuşada, Xankəndidə dalğalanacaqdır. Bu yolda Azərbaycan xalqı hər zaman Sizinlədir və Sizi sonadək dəstəkləyəcək”.

Məktubların əksəriyyətində vurğulanır ki, 2016-cı ilin Aprel döyüşlərində əldə edilən tarixi qələbə, Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və orada bərpa işlərinə başlanılması cənab İlham Əliyevin çox cəsarətli və müdrik dövlət başçısı olduğunun göstəricisidir.

Abadlıq işləri digər cəbhə bölgələrində də uğurla həyata keçirilməkdədir. Vətəndaşlar öz məktublarında bu işləri çox yüksək qiymətləndirirlər. Məsələn, Tərtərin Şıxarx qəsəbəsindən şəhid atası İ.Orucov və başqaları yazırlar: “Qəsəbəmiz müharibədən ən çox zərər çəkmiş yaşayış məntəqələrindəndir. Elə ev, elə həyət yoxdur ki, orada müharibənin izi olmasın. Hazırda isə qəsəbəmiz böyük tikinti meydançasını xatırladır. Düşmənin bir addımlığında yerləşən qəsəbəmizdə Sizin dəstəyinizlə 70 ailə üçün ev tikilir. Bu, bizi ürəkdən sevindirir. Cocuq Mərcanlı kəndi kimi bizim qəsəbəmiz də yenidən qurulur. İnsanların əhval-ruhiyyəsi yüksək, dövlətə, qələbəyə inamımız böyükdür”.

Torpaqlarımızın bir hissəsinin işğaldan azad edilməsinə nail olan güclü Azərbaycan Ordusunun formalaşdırılması üçün uzun illər dövlət tərəfindən məqsədyönlü tədbirlər görülmüşdür. Həm ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, həm də zabit və əsgər heyətinin hazırlıq səviyyəsinin yüksəldilməsi qürurverici nəticəsini göstərdi. Ordu quruculuğu məsələlərinə dair daxil olan məktublarda ölkə vətəndaşları bu amilləri xüsusi vurğulayırlar.

Xətaidən Ş.Alıyeva Aprel döyüşlərində iştirak etmiş oğluna kömək göstərilməsindən, Sumqayıtdan Silahlı Qüvvələrin zabiti X.İsmayılov səmərəli fəaliyyət üçün hərbi hissələrdə hər bir şəraitin yaradılmasından, Qobustanın Nabur kəndindən M.Muradov gənclərin hərbi xidmətə çağırışı prosedurunun təkmilləşdirilməsindən razılıqlarını bildirmişlər.

Gəncədən İ.Quluyev yazır: “Mən oğlumun andiçmə mərasimində iştirak etmək üçün Lənkəran şəhərində yerləşən hərbi hissədə oldum. Orada hərbçilərimizə yaradılan şərait, zabitlərin peşəkarlığı və əsgərlərə qayğısı biz valideynləri sevindirdi. Ali Baş Komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqətin şahidi olduq. Övladlarımızın qısa müddətdə əsl əsgərə çevrildiyini gördük”. Kürdəmirin Sığırlı kəndindən A.Məmmədovun, Ucarın Lək kəndindən İ.Ağayevin müraciətləri də bu qəbildəndir.

Nərimanovdan “Azərbaycan Bayrağı” ordenli H.Salahov isə ölkə başçısına ünvanladığı məktubda fikirlərini belə ifadə edir: “Ölkəmizin hərbi qüdrətinin dünya standartlarına çatdırılması Sizin uzaqgörən siyasətiniz sayəsində mümkün olub. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən həmləsini layiqli şəkildə dəf etməyə, ona tutarlı cavab verməyə hazırdır. Bütün bu nailiyyətlərimizi hətta bədxah qonşumuz Ermənistanda da etiraf etmək məcburiyyətindədirlər”.

Vətən uğrunda şəhid olanların xatirəsinə göstərilən hörmət minnətdarlıq məktublarında yüksək qiymətləndirilir. 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin təxribatının qarşısını alarkən həlak olmuş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Çingiz Qurbanovun atası Salman Qurbanovun Qusar rayonundan göndərilmiş məktubu da bu baxımdan səciyyəvidir: “Sizinlə görüşümüz, bizi çox yüksək səviyyədə qəbul etməyiniz, şəhid oğlumuzun layiq görüldüyü “Azərbaycanın Milli Qəhrəmanı” adının “Qızıl Ulduz” medalını və yeni mənzilin orderini ailəmizə verməyiniz, problemlərimizin dövlət səviyyəsində həlli, hərtərəfli qayğı ilə əhatə olunmağımız təkcə Qurbanovlar ailəsinə deyil, vətən uğrunda həlak olan hər bir şəhidin ailəsinə göstərdiyiniz diqqət və qayğının sübutudur”.

Qusardan digər vətəndaşlar C.Hörmətov və Həzrə kəndindən V.Vəlixanov isə Azərbaycan torpaqlarının azadlığı uğrunda fədakarcasına həlak olmuş Çingiz Qurbanovun nəşinin ermənilərdən alınaraq ailəsinə təhvil verilməsini, onun dəfn mərasiminin təntənəli şəkildə təşkil edilməsini və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsini Azərbaycan əsgərinə göstərilən ali diqqət kimi qiymətləndirmişlər. Binəqədidən S.Hümbətova oğlunun – Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fərhad Hümbətovun adının əbədiləşdirilməsinə və hər il anım tədbirinin keçirilməsinə, Yardımlının Dəlləkli kəndindən A.İmanov şəhid qardaşının məzarının və onun yerləşdiyi ərazinin abadlaşdırılmasına görə minnətdarlıq edirlər.

Məcburi köçkünlərin problemlərinin həlli 2017-ci ildə də davam etdirilmişdir. AğdamdanD.Abdullayev və başqaları, Cəbrayıldan H.Heydərov, Qazaxın Aşağı Əskipara kəndindən Milli Qəhrəman atası H.Musayev, Laçından İ.Əzizov, O.Həsənov və başqaları kommunal xərclərlə bağlı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsindən razılıqlarını bildirmişlər. Füzulinin Böyük Bəhmənli kəndindən V.Əlizadə qəbul edilmiş bu qərarın düzgünlüyünü vurğulayaraq yazır: “Məcburi köçkünlər indi kommunal xidmətlərə daha qənaətlə yanaşır, onlar üçün ayrılmış müavinətdən səmərəli istifadə etməyə çalışırlar”.

Cəbrayıldan N.Əliyev, Füzulidən K.İldırımlı, Xocalıdan S.Quliyev, Qubadlıdan B.Adıgözəlov və M.Hüsüyev, Laçından V.Məmmədov və U.Vəliyev, Şuşadan N.Aslanova, ZəngilandanƏ.İmanov və digərləri yataqxanalarda və pansionatlarda məskunlaşmış məcburi köçkünlərin kommunal ödənişlərdən azad edilməsi ilə əlaqədar təşəkkür etmişlər.

Zaqatalanın Aşağı Tala kəndi ərazisində yeni salınmış köçkün qəsəbəsində yerləşən Ağdamrayon 152 nömrəli köçkün tam orta məktəbinin kollektivi adından göndərilən məktubda Ə.Mirzəyev, M.Ağalarov və başqaları yazırlar: “Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın hər bir problemi Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilib. Bunun bariz nümunələri göz önündədir. Yeni salınmış 135 ailəlik qəsəbəmiz müasir standartlara cavab verir. Sizin göstərişinizlə tikilmiş bu qəsəbədə Ağdam rayon 152 saylı köçkün tam orta məktəbi fəaliyyət göstərir… Sizi əmin edirik ki, bir əmrinizlə əlimizdəki qələmi silahla əvəzləyərək döyüş meydanına getməyə hazırıq”.

Ağdamın Quzanlı qəsəbəsindən R.Rəhimov, Qiyaslı kəndindən P.Məmmədova, TərtərdənZ.Almasova mənzillə təmin olunmalarına, Qubadlıdan olan məcburi köçkünlər Ə.Həsənov və başqaları isə Sabunçunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinin yeni binasının istifadəyə verilməsinə görə razılıq etmişlər.

Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar görülən işlər barədə minnətdarlıq məktubları da az deyildir. Sumqayıtdan A.Əliyeva minimum əməkhaqqının, əmək pensiyalarının sığorta hissəsinin artırılmasından, Mingəçevirdən Mehman və Ummi Manafovlar, T.Əliyeva özlərinin, Şirvandan Z.Əliyeva həyat yoldaşının, Sabirabadın Moranlı kəndindən R.Abbasov hərbi xidmətini başa vurmuş oğlunun münasib işlə təmin olunmasından razılıq bildirirlər. Sosial müdafiəyə ehtiyacı olan insanlara, xüsusilə də əlillərə, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən köməyə görə minnətdarlıq edən vətəndaşlar sırasında Naxçıvan MR-in şəhər və rayonlarından, Qaradağ, Nəsimi və Səbaildən, Daşkəsəndən, İmişlidən, Xəzərin Binə qəsəbəsindən, Beyləqanın Bünyadlı, Lerikin Orand kəndlərindən, habelə digər şəhər və rayonlardan olan sakinlər vardır.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri – Bakının Nizami rayonundan İ.Pirverdiyeva, Şirvandan V.Çıraqova, İsmayıllının Diyallı kəndindən R.Əliyev, QazaxınMəzəm kəndindən T.Süleymanova onlara göstərilən diqqət və qayğıdan, bəslənən hörmətdən, maddi vəziyyətlərinin və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından razı qaldıqlarını yazmışlar.

Qeyd edək ki, yola saldığımız ildə 315 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuş və belə şəxslərin sayı 6100 nəfərə çatdırılmışdır.

Bu kateqoriyalardan olan insanlar öz məktublarında digər məsələlərə də toxunurlar. Qaradağdan Qarabağ müharibəsi əlili E.Cəfərov oğlunun işlə təmin olunmasına, Sumqayıtdan Aprel döyüşləri əlili A.Məmmədov sosial problemlərinin həllinə, Lerikin Rəzəvül kəndindən M.Nəsirov fərdi yaşayış evinin təmirinə kömək edilməsinə, Şabrandan B.Bəhrəmov ölkə başçısının sərəncamına uyğun olaraq övladının təhsil xərclərinin dövlət hesabına ödənilməsinə görə minnətdarlıqlarını bildirirlər.

Sayı getdikcə azalan Böyük Vətən müharibəsi veteranlarına dövlət qayğısı daim artmaqdadır və onlar bu qayğını yüksək qiymətləndirirlər. Nəsimidən H.Ağayev mənzil şəraitinin yaxşılaşdırılması, Sabunçunun Pirşağı qəsəbəsindən F.Səttarova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif edilməsi, Masallının Məmmədoba kəndindən S.Mikayılov müharibə iştirakçılarına və digər şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı dövlətimizin başçısına təşəkkür etmişlər.

Minnətdarlıq məktublarında ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə bağlı məsələlər geniş yer tutur. Artıq bir neçə ildir ki, cənab Prezidentin müvafiq sərəncamları əsasında respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların əsaslı təmiri, onların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı işlər görülür. 2017-ci ildə ölkə başçısının 19 sərəncamı ilə bu məqsədlər üçün Prezidentin Ehtiyat Fondundan 54 milyon manatdan çox vəsait ayrılmışdır. Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şirvan, Abşeron, Ağsu, Cəlilabad, Göygöl, İsmayıllı, Qazax, Masallı, Samux, Şabran, Şamaxı, Tərtər, Zaqatala və Zərdabdan, digər şəhər və rayonlardan göndərilən məktublarda binaların dam örtüklərinin dəyişdirilməsinə, evlərdə təmir-bərpa və abadlıq işlərinin həyata keçirilməsinə, sakinlərin istirahəti üçün şərait yaradılmasına görə minnətdarlıq ifadə olunur.

Binəqədi, Xəzər, Nizami (Bakı), Pirallahı, Ağdaş, Astara, Bərdə, Daşkəsən, Xaçmaz, Lerikvə digər rayonlardan olan vətəndaşlar da yaşayış binalarında və ətraflarında həyata keçirilən təmir-bərpa və abadlıq işləri ilə əlaqədar təşəkkür etmişlər.

Abadlıq-quruculuq işləri ilə bağlı digər müraciətlərdə Lənkərandan İ.Quliyev şəhərdə yeni olimpiya idman kompleksinin tikintisinə, Naftalandan İ.Hüseynov bu unikal kurortun əvvəlki şöhrətinin bərpa olunduqdan sonra turistləri özünə daha çox cəlb etməsinə, Şəkinin Turan qəsəbəsindən Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü B.Səmədov, A.Qədirov və başqaları modul tipli sutəmizləyici qurğunun qoyulmasına, Astaradan A.İbrahimli, Hamoşam kəndindən A.Abdulov Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsinə, Qubadan N.Novruzova “Azərxalça” ASC-nin Quba filialının açılmasına, Yardımlının Honuba-Şıxlar kəndindən S.Məmmədov kəndlərində müasir tibb məntəqəsinin tikilməsinə, Yevlaxın Balçılı kəndindən Q.Hüseynova Varvara Su Elektrik Stansiyasının yenidən qurularaq istifadəyə verilməsinə görə təşəkkür etmiş, bütün bunların ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisi olduğunu vurğulamışlar.

Yeni təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri ilə bağlı minnətdarlıq məktubları da qeyd edilməlidir. Xəzərin Mərdəkan, Sumqayıtın Corat qəsəbələrindən məktəb binalarının əsaslı təmir olunmasına, Ağcabədinin Yuxarı Qiyaməddinli, Hacılar, Balakənin Şalban, Sarıbulaq, Göygölün Üçtəpə, Masallının Qızılavar, Bədəlan, Şatıroba, Dəmirçi, TərtərinBayandur, Qazyan, Poladlı, Seydimli kəndlərindən, başqa şəhər və rayonların kəndlərindən yeni məktəblərin inşa olunub istifadəyə verilməsinə görə razılıq etmişlər.

Qeyd etmək istəyirik ki, bu orta məktəblərin əksəriyyəti modul tiplidir. 2016-cı ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair müşavirədə cənab Prezidentin qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq, 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblərlə əvəz olunması planlaşdırılmışdır. Keçən il 40 rayonda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 belə məktəb quraşdırılaraq istifadəyə verilmişdir. Dövlət başçısı bu il fevralın 2-də imzaladığı Sərəncamla Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən və Şabran rayonlarında cəmi 1332 şagird yeri olan daha 22 modul tipli məktəbin quraşdırılması üçün vəsait ayırmışdır.

Ötən il dövlət başçısının 28 sərəncamı ilə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, o cümlədən avtomobil yollarının əsaslı təmiri və tikintisi üçün dövlət büdcəsindən ümumilikdə 168 milyon manatdan çox vəsait ayrılmışdır. Bu sərəncamların imzalanmasına və onların əsasında müvafiq işlərin görülməsinə, əvvəlki illərdə başlanmış işlərin uğurla yekunlaşdırılmasına görə ölkə başçısının ünvanına xeyli minnətdarlıq məktubu daxil olmuşdur. Gəncədən V.Cəfərov, Sumqayıtdan H.Zeynalova, N.Musazadə və başqaları ictimai nəqliyyata yüksək standartlara cavab verən müasir avtobusların buraxılmasına, Ağstafanın Vurğun qəsəbəsindən, Yevlaxın Varvara, Balçılı, Cırdaxan, Salahlı, AğdamınQərvənd, Ağsunun Abasxanlı, Bərdənin Yeni Daşkənd, Mehdixanlı, Həsənqaya, Umudalılar, Göyçayın Bığır, Hacıqabulun Talış, Abdulabad, İmişlinin Qaraqaşlı, Mürsəlli, QobustanınCəmcəmli, Qubanın Rustov, Lerikin Xanəgah, Masallının Kalinovka, Neftçalanın Yuxarı Qaramanlı, Saatlının Nərimankənd, Dəllər, Musalı, Əbilkənd, Siyəzənin Balaca Həmyə, Ucarın Rəstəcə, Yardımlının Zəngələ, Allar kəndlərindən olan sakinlər kənd yollarının, Cəlilabadın Şatırlı, Goranboyun Xan Qərvənd, Qaxın Ləkit, Tərtərin Borsunlu, Hacıqərvənd, Seydimli, Qaradağlı, Zaqatalanın Mamrux kəndlərinin sakinləri isə Cəlilabad-Yardımlı, Tərtər-Goranboy, Qax-Qorağan-Zaqatala magistral yollarının əsaslı təmirinə və yenidən qurulmasına görə təşəkkür etmişlər.

Minnətdarlıq məktublarında diqqət çəkən məqamlardan biri də şəhər və rayonlarda həyata keçirilən infrastruktur layihələrindən razılıq bildirilməsidir. Ağcabədinin Arazbar kəndindən K.Hacıyev, S.İbrahimov, Masallının Güllütəpə kəndindən B.Mütəllimov, OğuzunQumlaq kəndindən H.Abdullayev, Zərdabın Gəlmə kəndindən Q.Abbasov və digər rayonların sakinləri elektrik xətlərinin dəyişdirilərək SİP-kabellə əvəzlənməsinə, yeni transformatorların və dirəklərin qoyulmasına, smart-kart tipli sayğacların quraşdırılmasına, elektrik enerjisi təchizatında əvvəllər müşahidə olunan fasilələrin aradan qaldırılmasına görə təşəkkür etmişlər.

Cəlilabadın Gülməmmədli kəndindən C.Gözəlov və başqaları, İsmayıllının Lahıc qəsəbəsindən X.Ağayev, N.Əliyev, Masallının Qızılağac kəndindən İ.Quliyeva, Sığdaş kəndindən A.Rəhmətova, Sabirabadın Şəhriyar kəndindən Ə.Soltanov, Şəkinin Baş Layısqı kəndindən G.Səlimov kənd və qəsəbələrinə təbii qazın verilməsindən, MingəçevirdənM.İlyasova, Ağcabədinin Yeni Qaradolaq kəndindən M.Əliyev, Gədəbəydən N.Həsənov, İ.Əsədullayev, İsmayıllıdan T.Matanov, Qobustandan Ç.Babaşov, Salyandan E.Əhmədov, Tərtərdən R.Həsənzadə, Yardımlının Əngövül kəndindən M.Canəliyev, digər şəhər və rayonların vətəndaşları öz məktublarında regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasından, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasından yaranan sevinc hisslərini ifadə etmişlər. Binəqədi rayonunun Binəqədi, Biləcəri, 28 May, M.Ə.Rəsulzadə qəsəbələrində və bir çox küçələrində su-kanalizasiya sisteminin yaxşılaşdırılmasına, yeni xətlərin çəkilməsinə görə cənab Prezidentin ünvanına çoxsaylı minnətdarlıq məktubu daxil olmuşdur.

Gəncə, Sumqayıt, Şirvan, Goranboy, İmişli, Qazax, Neftçala, Saatlı və Samuxdan, Mingəçevirin Energetiklər, Abşeronun Saray, Astaranın Ərçivan qəsəbələrindən, habelə digər şəhər və rayonlardan olan vətəndaşların məktublarında Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsinə, parkların və yaşıllıqların salınmasına, müxtəlif tipli sənaye müəssisələrinin açılmasına, yaşayış məntəqələrinin kommunikasiya sistemlərinin yenilənməsinə və genişləndirilməsinə, əhalinin elektrik enerjisi və təbii qazla dayanıqlı təmin olunmasına, yeni sosial binaların və mədəniyyət mərkəzlərinin inşasına görə minnətdarlıq ifadə olunur.

İqtisadiyyat və sahibkarlığın inkişafı məsələləri ilə bağlı müraciətlərdə PirallahıdanZ.Quliyeva, Hacıqabuldan İ.Mayılov və Neftçaladan Ə.Qarayev yüksək texnologiyalar və sənaye parklarının, sənaye məhəllələrinin yaradılmasına, Gəncədən Ş.Şahbazov sahibkarlıq fəaliyyəti üçün tələb olunan lisenziyanın alınması prosesinin sadələşdirilməsinə və müddətsiz verilməsinə, Biləsuvarın Nərimankənd kəndindən M.Cəfərov, Gədəbəydən K.Mahmudova, Göyçaydan B.Axundov, A.Daşdəmirov və başqaları ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılmasına görə razılıq etmişlər.

Aqrar sahənin inkişafı, xüsusilə də kənd təsərrüfatının respublikamız üçün ənənəvi sayılan sahələrinin dirçəldilməsi və bəzi yeni sahələrin təşəkkül tapması ilə əlaqədar görülən işlər də vətəndaş müraciətlərində geniş təqdir olunur. Lənkəranın İstisu qəsəbəsindən H.İsmayılov, Boladi kəndindən M.Heydərov, Şağlaser kəndindən T.Dadaşov və başqaları Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci il sentyabrın 3-də Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsinin əhəmiyyətindən yazır, bu sahələrin inkişafı ilə bağlı görülən tədbirlərə, Ağdamın Quzanlı qəsəbəsindən M.Qurbanov, Füzulinin Aşağı Kürdmahmudlu kəndindən Ə.Quliyev, N.Qarayev və başqaları, Qəbələdən N.Məhəmmədli, Zərdabdan İ.Abbasov pambıqçılığa və baramaçılığa, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğıya görə təşəkkür edirlər.

Kənd təsərrüfatında çalışanları narahat edən məsələlərin həlli dövlətin daim diqqət mərkəzindədir. Bu sırada suvarma suyu ilə təminatın yaxşılaşdırılması və bu sahədə vaxtaşırı ortaya çıxan çətinliklərin aradan qaldırılması xüsusi yer tutur.

Goranboyun Alpout kəndindən H.Əhmədov, X.Vəliyev, Göygölün Çaylı kəndindən N.Səmədov, Sabirabadın Qasımbəyli kəndindən Ə.Soltanov yeni su anbarlarının tikilməsinə, kanalların çəkilməsinə, suvarma sahəsində yaranmış problemlərin həllinə, Tərtərin Sarıcalı kəndindən A.Teymurov, M.Mehdiyev kəndlərində subartezian quyularının qazılıb istifadəyə verilməsinə, Yevlaxın Qaraoğlan kəndindən Ə.Əşrəfov, Ə.Cəbrayılov Kür çayı sahilində güclü nasos stansiyasının quraşdırılmasına görə təşəkkür etmişlər.

Ümumiyyətlə, qeyd etmək istərdik ki, 2004-2017-ci illərdə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2,4 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektar sahədə meliorativ vəziyyətin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə möhkəmləndirilmiş, çaylarda sel və daşqınlara qarşı 183 kilometrdən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 1959 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmişdir.

Cari ildə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyusu qazılaraq istifadəyə veriləcəkdir.

Vətəndaş məktublarından da göründüyü kimi, bütün bunlar suvarma sahəsində işlərin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərməkdədir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarının keyfiyyətini, eləcə də dövlət vəsaitindən istifadənin səmərəliliyini artırmaq və dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanmış və buna görə dövlət başçısının ünvanına çoxsaylı minnətdarlıq məktubları daxil olmuşdur. Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Yevlax, Balakən, Beyləqan, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Hacıqabul, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı, Tovuz və Zərdabdan, digər şəhər və rayonlardan olan vətəndaşlar təhsil və səhiyyə müəssisələrinin, hərbi hissələrin ərzaq təminatının yaxşılaşdırılmasına görə cənab Prezidentə təşəkkür edir, bu addımın atılmasının kənd təsərrüfatının inkişafına da təkan verəcəyini bildirirlər.

Minnətdarlıq məktublarının bir hissəsi vətəndaşların əfv olunması ilə bağlıdır. Ölkə Prezidentinin imzaladığı sərəncamlarla son illərdə 3800-dən çox şəxs əfv edilmiş, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox şəxsə şamil olunmuşdur. Bir mühüm məsələni qeyd etmək lazımdır ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü ilə ölkədə cinayət qanunvericiliyinə 300-dən çox dəyişiklik edilmiş, cəzaların humanistləşdirilməsi, liberallaşdırılması və azaldılması üçün mühüm qərarlar qəbul edilmişdir. Bir çox əməllər dekriminallaşdırılmışdır.

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı isə məhbusların və onların ailələrinin böyük sevincinə səbəb olmuşdur. Nərimanovdan O.Alisgəndərov bununla bağlı fikirlərini belə ifadə edir: “Bizlərə şans verməklə yenidən azad həyata qaytarırsınız. Bu sərəncamla neçə-neçə məhbus öz ailəsinə qovuşub sağlam cəmiyyətə adaptasiya olunacaqdır”.

Azərbaycanın səhiyyə sistemində infrastrukturun yaxşılaşdırılması üçün görülən tədbirləri təqdir edən vətəndaş məktublarında bir çox müsbət fikirlər bildirilir. Bu məktublarda ölkəmizdə son illər ərzində yüzlərlə tibb ocağının əsaslı təmir olunmasından və yenilərinin tikilməsindən, onların müasir tələblərə cavab verən tibbi avadanlıqlarla təmin olunmasından söhbət açılır, insanların səhhətinin yaxşılaşdırılması üçün görülən işlər xüsusi alqışlanır. Pirallahıdan S.Xudafirimov, Sabunçunun Zabrat qəsəbəsindən Z.Aslanova, Maştağa qəsəbəsindən M.Həsənov, Şəkidən Ə.Məmmədov, Yevlaxdan şəhid anası X.Lələkişiyeva, Abşeronun Xırdalan şəhərindən İ.Əliyeva, Ağcabədinin Hacıbədəlli kəndindən G.Mehtiyeva, Ağdamdan məcburi köçkün S.İsmayılov, Ağsunun Ağabəyli kəndindən S.Ağayev, Abşeronda məskunlaşmış Xocalıdan məcburi köçkün K.Əsədova, Qobustanın Ərəbqədim kəndindən Ə.Sahibov, Masallının Təzə Alvadı kəndindən S.Məlikova, Şəmkirdən G.Vəliyeva, Saatlının Çolpu kəndindən V.İbrahimov özlərinin və ya ailə üzvlərinin yerli tibb ocaqlarında uğurla əməliyyat edilməsinə, Səbailin Badamdar qəsəbəsindən əmək veteranı Q.Həsənov Müharibə Veteranları Respublika Xəstəxanasında müalicə olunmasına, ona və digər veteranlara göstərilən xoş münasibətə, Şəkidən A.Əkbərov, M.Aslanova və başqaları cənab Prezidentin tapşırığına əsasən əhalinin dövlət hesabına tibbi müayinədən keçirilməsinə, Xaçmazın Gödəkli kəndindən I qrup əlil O.Mahmudov əlil arabası, Ucardan Y.Hacıyev isə protezlə təmin olunmalarına görə minnətdarlıq etmişlər.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli Fərmanı ilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasına başlanılması bu sahədə ilk addımdır. Bu işin əsas məqsədi ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etməkdən ibarətdir. Mingəçevir və Yevlax şəhərlərindən daxil olan bir çox məktublarda icbari tibbi sığortanın tətbiqinə başlanılması alqışlanır və bu işin müsbət nəticələrindən söhbət açılır, vətəndaşlar artıq tibbi sığortadan yararlandıqlarını qeyd edirlər.

Dövlətimizin başçısının təşəbbüsü və tapşırığı ilə IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya həm iştirakçılar, həm də onların valideynləri tərəfindən razılıqla qarşılanır. 2017-ci ildə 7-ci və 8-ci mərhələləri keçirilən tur-aksiya barədə Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Səbail, Suraxanı, Yasamal, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Ağstafa, Babək, Biləsuvar, Daşkəsən, Xızı, Qəbələ, Ordubad, Salyan, Samux, Sədərək, Tərtər, Zərdab, digər şəhər və rayonlardan, respublikanın müxtəlif bölgələrində məskunlaşmış Cəbrayıl, Xankəndi, Xocavənd, Kəlbəcər, Qubadlı, Şuşa, Zəngilan rayonlarının məcburi köçkünlərindən çoxlu sayda minnətdarlıq məktubu daxil olmuşdur. Valideynlər bu tədbirin övladlarında doğma yurda məhəbbət aşılamasından, şagirdlər isə doğma vətənimiz haqqında ətraflı məlumat toplamaqdan və daha geniş təsəvvürə sahib olmaqdan sevindiklərini yazmışlar.

2017-ci ildə Azərbaycan üçün uğurlu qlobal və regional layihələrin icrası üçün görülən işlər də vətəndaşların diqqətindən yayınmayıb. Pirallahıdan, Goranboydan, MasallınınTəzə Alvadı kəndindən, digər şəhər və rayonlardan vətəndaşlar Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni sazişin imzalanmasını, Xətai, Yasamal, Naftalan, Sumqayıt, Abşeron, Neftçala və Sabirabaddan, Beyləqanın Şərq, BiləsuvarınNəsimi, Qubanın Amsar kəndlərindən, digər şəhər və rayonlardan vətəndaşlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasını ölkəmizin həyatında əlamətdar və tarixi bir hadisə kimi qiymətləndirirlər.

Ölkəmizin idman nailiyyətləri ilə hər bir azərbaycanlı fəxr edir. Ötən ilin may ayında Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları yaddaşlarda silinməz izlər buraxdı. Xəzərin Buzovna qəsəbəsindən V.Haşımov dövlətimizin başçısına ünvanladığı məktubda bu barədə yazır: “Sizin dəstəyiniz və respublikamızın birinci xanımı Mehriban Əliyevanın təşkilatçılığı ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə televizor vasitəsilə baxdım və çox böyük zövq aldım. Düşünürəm ki, belə gözəl, məzmunlu və möhtəşəm bir tədbir İslam Həmrəyliyi Oyunlarının tarixində indiyədək olmamışdı. Bu xoş sözləri bir neçə il bundan əvvəl ölkəmizdə keçirilən “Eurovision” və ilk Avropa Oyunları barədə də deyə bilərəm. Əziz Prezidentimiz, belə yüksək səviyyəli təşkilatçılıq həm ölkəmizin, həm də xalqımızın adını ucaldır, zirvələrə qaldırır”. Bundan başqa, Binəqədidən İ.Kərimov futbol üzrə UEFA Avropa Liqasının final matçının 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunmasından, Xətaidən E.Ağayev “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından fərəhləndiklərini qeyd edirlər.

Ölkə Prezidentinin tapşırığı ilə 2013-cü ilin aprel ayından başlayaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən respublikanın şəhər və rayonlarında vətəndaşların qəbullarının həyata keçirilməsi işi də insanları narahat edən məsələlərin aradan qaldırılmasına mühüm töhfədir. Hacıqabulun Birinci Udulu kəndindən M.Hacıyev, E.Rzayev və başqaları öz məktublarında bu işin əhəmiyyətini xüsusi qeyd edirlər: “Siz çıxışlarınızda vətəndaşların hüquqlarının qorunmasını, onların ərizə və şikayətlərinə diqqətin artırılmasını bir vəzifə kimi qarşıya qoyur, hər bir dövlət məmurunun və qulluqçusunun xalqa xidmət etməli olduğunu qeyd edirsiniz… Vətəndaşların bölgələrdə qəbul edilməsi dövlətin xalqla birbaşa ünsiyyətinin nümunəsidir”.

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, onların təkliflərinin diqqətlə öyrənilməsi, sosial məsələlərinin və digər problemlərinin həlli üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı məktublar da çoxdur. Buna misal olaraq, Binəqədidən B.Bilalov, Ə.Əliyev və başqalarının, Mingəçevirdən Q.Mahmudovanın, F.Sadıxovun, GədəbəydənY.Hüseynovanın, Göyçayın Müskürlü kəndindən Ş.Bəyalıyev və M.Məsimovun, Masallının Kalinovka kəndindən Q.Məmmədovun, habelə digər şəhər və rayonların sakinlərinin məktublarını göstərmək olar. Suraxanının Yeni Günəşli qəsəbəsindən X.Əhmədzadə yazır: “Çox məmnunam ki, Sizin məmurlar qarşısında qoyduğunuz tapşırıqlar öz səmərəsini verir, çətinliklə üzləşən vətəndaşlardan qayğı və diqqət əsirgənmir. Qarşılaşdığım problemlə bağlı Prezident Administrasiyasında qəbulda olduğum zaman bunu bir daha hiss etdim. Əziz Prezidentimiz, bir ana olaraq gördüyüm qayğıya görə daim Sizə duaçıyam. Allah Sizi, dövlətimizi, xalqımızı və əzizlərinizi qorusun”.

Minnətdarlıq məktublarının böyük bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladıqları müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədar olmuşdur. Belə məktubların sayı ötən illə müqayisədə 27 faiz artmışdır. Bu, müraciətlərlə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinin, texnoloji yeniliklərin tətbiqinin genişləndirilməsinin və bütün bunların müqabilində müraciətlərə baxılması işinin daha da yaxşılaşdırılmasının müsbət nəticəsidir.

Həmin məktublarda vətəndaşlar əsasən qaldırdıqları sosial problemlərin, ictimai və iqtisadi əhəmiyyət kəsb edən məsələlərin həllindən yaranan sevinc hisslərini bölüşürlər. Bakının Xətai rayonundan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat yoldaşı G.Aznaurova torpaq sahəsi ilə, Nərimanovdan B.Nəcəfov işlə, Nizamidən M.Nuriyeva ünvanlı sosial yardımla təmin olunmalarına, Nəsimidən İ.Qurbanov torpaq sahəsində müasir tipli istixana kompleksinin tikintisinə razılıq alınmasına, Lənkəranın Parakənd kəndindən Bəşirovlar ailəsi övladlarına ipoteka kreditinin ayrılmasına, Şəkinin Qoxmuq kəndindən S.Həsənov sığorta pulunun ödənilməsinə, Ağdaşın Xınaxlı kəndindən M.Şərifov və başqaları drenaj kanallarının lildən təmizlənməsinə və yeni kanalın qazılmasına, Biləsuvarın Ağayrı kəndindən P.Səmədov ünvanlı sosial yardımın təyin edilməsinə, Göyçayın Xəlitli kəndindən M.Əliyev və başqaları rayonda sərnişindaşıma xidmətinin yaxşılaşdırılmasına, kəndlərə işləyən avtobusların yenilənməsinə, Qazaxın Yuxarı Salahlı kəndindən K.Yusibov yaşayış yerindən köçürülməyə görə təzminatın ödənilməsinə, Saatlının Dəllər kəndindən S.Əvəzov pambıq əkini üçün torpaq sahəsi ayrılmasına, Tərtərin Qaynaq kəndindən şəhid atası M.Şükürov və Zərdabın Gödəkqobu kəndindən R.Əliyev suvarma suyu probleminin həllinə görə razılıqlarını bildirmişlər.

Müraciətlərinin müsbət həll olunması ilə əlaqədar minnətdarlıq məktubları, həmçinin Nizami (Bakı), Səbail və Yasamaldan, Gəncə, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki və Yevlaxdan, Ağsu, Balakən, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Hacıqabul, Xaçmaz, Qazax, Siyəzən və Şuşadan, Binəqədinin Biləcəri, Xətainin Əhmədli, Sabunçunun Bakıxanov, Suraxanının Bülbülə, Lənkəranın İstisu, Şirvanın Bayramlı qəsəbələrindən, AğcabədininQaraxanlı, Beyləqanın Birinci Şahsevən, Cəlilabadın Alar, Gədəbəyin Novosaratovka, Qobustanın Poladlı, Qubanın Qəçrəş, Qusarın Bala Qusar, Neftçalanın Şorkənd, OğuzunCalut, Salyanın Kolanı, Zaqatalanın Suvagil, Zərdabın Məmmədqasımlı kəndlərindən, digər şəhər və rayonlardan daxil olmuşdur.

Vətəndaşlar əmək hüquqlarının pozulması hallarına qarşı görülmüş ciddi tədbirlərə görə də razılıq edirlər. Belə minnətdarlıq məktubları Pirallahı, Səbail, Şirvan və Qaxdan, Sabunçunun Zabrat, Abşeronun Masazır qəsəbələrindən, Ağcabədinin Aşağı Avşar kəndindən, digər şəhər və rayonlardan daxil olmuşdur.

Xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olmuş məktublarda AlmaniyadanA.Məmmədov, Ukraynanın Mariupol şəhərindən M.Səidi öz tarixi vətənlərinin inkişafından fərəhləndiklərini, Avstriyanın Vyana şəhərindən opera müğənnisi Y.Eyvazov və İtaliyanınLegnano şəhərindən xoreoqraf M.Nuriyev vətəndən kənarda yaşasalar da, doğma Azərbaycanda onların sənət fəaliyyətinin yüksək qiymətləndirilməsindən və “Əməkdar artist” fəxri adına layiq görülmələrindən razı qaldıqlarını, bu ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan Prezidenti ilə fəxr etdiklərini bildirirlər. Rusiyanın Qatçina şəhərindən E.Əliyev də bu fikirlərə qoşularaq yazır: “Mən əslən Gəncə şəhərindənəm. İndi sözün yaxşı mənasında Gəncəmizi tanımaq olmur. Doğma şəhərim gündən-günə gözəlləşir. Bunları görməyən və internetdə reallıqdan uzaq məlumatlar yazanları başa düşə bilmirəm. Cənab Prezident, hazırda vətəndən kənarda yaşasam da, hər zaman Sizi dəstəkləyirəm”.

Belə fikirlər digər xarici ölkə vətəndaşlarının məktublarında da öz əksini tapır. Rusiya Federasiyasının Novosibirsk şəhərindən Kirill Kudryaşov yazır: “Bu il yayda qısamüddətli turist səfəri çərçivəsində Bakını görmək şərəfinə nail olmuşam. Azərbaycan paytaxtının gözəlliyi və təmizliyi, insanların səmimiyyəti, “Alov qüllələri”nin möhtəşəmliyi, sərin Bakı küləyi və Yanardağın qızmar istisi məni heyran etdi. Bu məktubu yazmaqda məqsədim, sadəcə, Bakıda keçirdiyim səmərəli məzuniyyətə, bakılıların ruslara səmimi münasibətinə, uğurlu siyasətiniz sayəsində ölkələrimiz arasında bu cür əlaqələrin mümkün olmasına görə Sizə öz ehtiramımı və təşəkkürümü bildirməkdir”.

Türkiyənin Ankara şəhərindən Müzəffər Hayta, Bursa şəhərindən Kurtuluş İgdeli düşmənlərimizə qarşı mübarizədə hər zaman Azərbaycanın yanında olduqlarını bildirir, Rusiyanın Moskva şəhərindən Qoqi Canelidze Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə verdiyi dəstəyə və köməyə görə Azərbaycan Prezidentinə təşəkkür edir.

Ölkə vətəndaşlarının məktublarında əksini tapan fikirlər bir daha onu göstərir ki, Azərbaycan sosial-iqtisadi inkişafını, beynəlxalq əlaqələrinin genişləndirilməsini, hərbi, iqtisadi qüdrətinin və nüfuzunun artırılmasını davam etdirməklə yanaşı, öz potensialını daha da gücləndirmək üçün mühüm layihələrə imza atır, məqsədyönlü tədbirlər həyata keçirir. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndindən R.Vəliyevin məktubunda yer alan sözlər əsl mənzərəni bir daha aydın təcəssüm etdirir, xalqın sabaha olan inamını özündə ehtiva edir. O yazır: “Cənab Prezident, Sizi əmin edirəm ki, istər xarici müdaxilələrə, istərsə də daxili sabitliyimizi pozmaq istəyən şər qüvvələrin bütün səylərinə baxmayaraq, Azərbaycan gəncliyi Sizin siyasətinizi dəstəkləyir və gördüyünüz bütün işlərin Azərbaycanın gələcəyinə, xalqın rifahına, vətənimizin inkişafına yönəldiyinə qəti şəkildə əmindir. Tutduğunuz bu yol daimi və hər zaman uğurlu olsun!”.

(Ardı var)