Sumqayıtda ölkə başçısının tapşırığı ilə tikilən bulvar zibilliyə çevrilib

Sumqayıt sakinləri dənizkənarı bulvardakı antisanitar vəziyyətdən şikayət edirlər.
XALQ.AZ oxu.az-a istinadən xəbər verir ki, vətəndaş iddia edir ki, Sumqayıt bulvarının bir hissəsində səliqə yaradılsa da, digər hissəsi baxımsız vəziyyətdədir:

“Kanalizasiya suları dənizə axıdılır, ətrafa məişət tullantıları atılır. Bulvarın bir hissəsi zibil poliqonunu xatırladır. Ərazi neçə müddətdir ki, təmizlənmir. Bu səbəbdən üfunət qoxan bulvarda dayanmaq mümkün olmur. Bulvarın bir hissəsində abadlıq işləri aparılsa da, digər hissəsində işlər tamamlanmayıb”.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə mütəmadi olaraq təmizlik işləri aparılsa da, vətəndaşlar bəzi hallarda qaydalara riayət etmirlər:
“Təəssüf ki, bəzən həmin ərazidə yaşayan, istirahət edən vətəndaşlar tərəfindən Xəzər bağları adlanan əraziyə məişət tullantıları atılır. Bu hallar zaman-zaman müşahidə edilir. Ərazidə mütəmadi olaraq təmizlik işləri aparılır. Məsələ ilə bağlı qısa müddət ərzində yaranan problemin aradan qaldırılması üçün tədbir görüləcək”.

XALQ.AZ