Suraxanıda 31 Mart Soyqırımı Günü qeyd edilib

XALQ,AZ xəbər verir ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib. Tədbirdə bir dəqiqəlik sükutla soyqırımı şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın əziz xatirəsi yad edilib.

Sonra azərbaycanlıların soyqırımı haqqında Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış film nümayiş olunub.

Tədbirdə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülmələrini, repressiyalara məruz qalmalarını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar və qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.

İ.Abbasov vurğulayıb ki, mart hadisələrinin 80-ci ildönümündə – 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Prezident Cənab İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün mötəbər tribunalardan istifadə edir.

İ.Abbasov bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması yönümündə çox ciddi layihələr reallaşdırır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyası öz töhfəsini verməkdədir.

Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.

Tədbirdə məruzə ilə çıxış edən AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov bildirib ki, son illərdə institutun alimləri müxtəlif arxivlərdə araşdırmalar aparmış və azərbaycanlıların soyqırımı ilə bağlı mühüm sənədlər, faktlar tapmış və bütün bunları dünya ictimaiyyətinə çatdırmaqda müəyyən işlər görmüşlər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva və Xocalı rayonundan məcburi köçkün Xəlil Vəliyev ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıblar.

Elgün