“Süründürməçiliyin aradan qaldırılması ilə bağlı işlər aparılır”

“Azərbaycanda 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur”.

XALQ.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hazırda sosial xidmət sisteminin sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır: “Həmçinin nazirliyin 14 bərpa mərkəzi vardır və onlarda fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılmaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

Nazir diqqətə çatdırıb ki, artıq “Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də “Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, “Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, “Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.

S.Babayev qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Nazir Tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində bərpa müalicəsi almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

 

Orxan