Şuşa işğalından 22 il ötür

susa

Azərbaycan mədəniyyətinin mərkəzlərindən olan Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğal edilməsindən 22 il ötür.

Xalq.az-ın məlumatına görə, Ermənistan ordusunun hücumu 1992-ci il mayın 8-nə keçən gecə başlayıb. Hücum əməliyyatı Ermənistan ordusunun Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan tərəfindən imzalanmış əmr ilə başlayıb. Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər “dağlarda toy” adlandırıblar.

Arkadi Ter-Tadevosyan Şuşaya hücum edən Ermənistan hərbçilərinin sayının 3 min 800 nəfər olduğunu desə də, müstəqil ekspertlərin məlumatına görə, Şuşaya hücum edən Ermənistan ordusunun döyüşçülərinin sayı 11 minə qədər çatıb, şəhəri isə cəmi 500 hərbçi müdafiə edib. Ermənilər şəhərə hücum edən zaman şəhərdə cəmi 300 azərbaycanlı döyüşçü qalıb.

Arkadi Ter-Tadevosyan, Valeri Çitçyan, Arkadi Karapetyan, Samvel Babayan, Seyran Ohanyan, Jirayr Sefilyan, Qurgen Dalibaltyan və Razmik Melkumyanın rəhbərlik etdiyi 11 minlik ordu şəhərə hücum edib və təbii ki, iki günlük ağır döyüşlərdən sonra şəhəri alıblar. Şuşanın işğalı nəticəsində ermənilər tərəfindən şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

Şuşanı alan Ermənistan ordusu da şəhəri çox böyük itkilər hesabına ələ keçirib. Arkadi Ter-Tadevosyanın dediyinə görə, itkilər o qədər böyük olub ki, o, qələbəyə sevinməyib. Şuşada verdiyi itkilər hələ 1987-ci ildən Moskvanın himayəsi altında yaradılmış Ermənistan ordusu qarşısına qoyulmuş digər planları yerinə yetirə bilmədi. 1987-ci ildə Vaziani poliqonunda təlimlərə başlamış 80 minlik Ermənistan ordusu Azərbaycanın silahsız olmasından istifadə edərək Qarabağı, Naxçıvanı və Gəncə-Qazax bölgəsini işğal etməli idi. Amma qəhrəmancasına döyüşən Şuşa bu məkrli planın gerçəkləşdirilməsinə imkan vermədi.

Şuşa tarixən Azərbaycana məxsus olub və orada bütün yaşayış məntəqələrini azərbaycanlılar tikib. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində “ş” səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Şəhər XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən bərpa edilib və sonradan Azərbaycan mədəniyyətinin mərkəzlərindən birinə çevrilib. Azərbaycan mədəniyyətinin böyük simaları Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır. Böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulub.

Azərbaycan xalqı bu doğma şəhərini heç vaxt unutmur və onun düşmən tapdağından xilas olacağına inanır. Hələ ki, Qarabağ münaqişəsinin həllini dinc yollarla arayan xalqımız münaqişənin hərbi yolla həlli variantını da yadından çıxarmır. Əgər bu istiqamətdə aparılan diplomatik danışıqlar nəticə verməzsə, gün gələcək, Azərbaycanın müzəffər ordusu Şuşanı və bütün Qarabağı düşmən tapdağından xilas edəcək.