Səbail rayonunda şəhid ailələri ziyarət olundu-Fotolar

YAP Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsi Şəhidləri Şükürlü Nicat Ayaz oğlu, Teymurov Vüsal Zakir oğlu və Budaqov Yusif Ramiq oğlunun ailələri ilə görüşdülər.

XALQ.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Səbail rayonunun Vətən müharibəsindəki 14 Şəhidinin ailə üzvlərini daima xüsusi diqqət mərkəzində saxlayır, Şəhid ailələrini evlərində ziyarət edir, onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə edirlər.


Fevralın 10-da YAP Səbail rayon təşkilatının nümayəndələri Şəhid Şükürlü Nicat Ayaz oğlu, Şəhid Teymurov Vüsal Zakir oğlu və Şəhid Budaqov Yusif Ramiq oğlunun ailə üzvlərini evlərində ziyarət etdilər, Vətən müharibəsində Azərbaycan xalqına Şanlı Zəfər bəxş edən qəhrəman Vətən oğullarının əziz xatirəsini bir daha yad etdilər.
Şəhid valideynləri ilə söhbət zamanı canlarını Vətən uğrunda fəda edən Şəhidlərimizin həyat və döyüş yoluna bir daha nəzər salındı, onların əziz xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulacağı vurğulandı, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.
Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.
Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.
Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!
Şəhid Çavuş Şükürlü Nicat Ayaz oğlu 1991-ci il oktyabrın 23-də Bakı şəhərində anadan olmuşdur. Nicat qazandığı bilik və bacarıqları, sahib olduğu yüksək şəxsi keyfiyyətləri ilə yaşıdları arasında hər zaman seçilirdi. Şükürovların ilk övladı olan Nicat hər zaman valideynlərinin və kiçik bacısının qürur mənbəyi idi. Nicat Vətəni sevməyi hər şeydən üstün tuturdu. O, Tovuz hadisələrindən sonra hərbi komissarlığa adını könüllü olaraq yazdırmışdı və Vətən müharibəsinə yollanan ilk könüllülərdən idi. Hadrut uğrunda gedən döyüşlərdə böyük igidlik nümayiş etdirən və döyüş meydanından bir neçə yaralı əsgər yoldaşını çıxaran Nicat oktyabrın 11-də qəhrəmancasına Şəhid oldu. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Teymurov Vüsal Zakir oğlu 1991-ci il martın 4-də Bakı şəhərində anadan olmuşdur. O, nizam-intizamı, təlim-tərbiyəsi, ətrafındakılara olan səmimi rəftarı ilə hələ uşaq yaşlarında hamının hörmətini qazanmışdı. Təkcə ailəsində yox, hər yerdə onun xətri əziz tutulurdu. Vətən torpağının azadlığı uğrunda döyüşlərə qatılan ilk könüllülərdən idi Vüsal. Oktyabrın 5-də könüllü olaraq döyüşə getmişdi. Bacısı ilə danışanda hər dəfəsində belə deyərdi: “Qardaşın dastan yazacaq. Mənimlə fəxr edəcəksiniz. Şəhid olsam başınızı dik tutarsınız”. Və söz verdiyi dastanı qanı ilə yazdı. Füzuli, Cəbrayıl istiqamətlərində döyüşlərdə böyük şücaətlə iştirak edən Vüsal bir çox yüksəkliklərin alınmasında, Daşaltı uğrunda gedən döyüşlərdə böyük igidliyə imza atdı. Şuşa uğrunda döyüşlərdə sona qədər iştirak etdi və noyabrın 8-də qəhrəmancasına Şəhid oldu. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Budaqov Yusif Ramiq oğlu 1997-ci il oktyabrın 11-də Bakı şəhərində anadan olmuşdur. O, Vətəni hədsiz dərəcədə sevirdi. 2016-cı il Aprel döyüşlərində iştirak edən igidimiz böyük uğurla evə qayıtmışdı və bundan sonra onun hərb sənətinə marağı daha da artmışdı. Son dəfə anası ilə sağollaşanda anasına dedi ki, “Darıxma, ana. Hər şey yaxşı olacaq”. Qəhrəman Yusif sözündən dönmədi, son nəfəsinə qədər savaşaraq torpaqlarımızı düşməndən azad etdi və Vətən uğrunda oktyabrın 21-də Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəldi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

XALQ.AZ