Təəssüf ki, dünya Azərbaycanlı uşaqların qətlinə susur


Qarabağ məsələsində bu günə qədər mövcud olan “ikili standartlar” bu məsələdə də özünü göstərir.
Bir ay ərzində həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdəki dinc əhaliyə qarşı törədilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Erməni terrorçularının dinc sakinlərə hücumu davam etdikcə bu rəqəmlər də dəyişir.
Çox təəssüf olsun ki, 30 ildən bəri davam edən erməni aqressiyası və iddiaları, ədalətsiz müharibənin nəticələri qarşısında ötən müddətdə olduğu kimi, bu gün də bir çox dünya ölkələri, beynəlxalq təşkilatlar, hətta birbaşa bu problemin həlli ilə bağlı məsul olan ATƏT-in Minsk qrupu kimi təşkilatlar, onun həmsədrləri səslərini çıxartmadılar. Bu illər ərzində yalnız bölgəyə turist səfərləri edib növbətçi bəyanatlarını verməklə öz vəzifələrini bitmiş hesab etdilər. Bu gün də 34 gündür ki, erməni təxribatı qarşısında Azərbaycanın əks hücumları böyük uğurla davam edir, zəfərlə irəli addımlayırıq. Bu nailiyyətlərdən təşvişə düşən Ermənistanın siyasi və hərbi rəhbərliyi cavabı münaqişə bölgəsində ordumuza vermək yerinə, cəbhə bölgəsindən çox uzaqda olan tamamilə dinc əhalinin yaşadığı, ölkənin əhəmiyyətli , strateji və qədim şəhərləri olan Gəncə, Bərdə, Mingəçeviri, daha öncədən isə Tovuzu, hətta Naxçıvanın Ordubad şəhərini vurmağa başladılar. Onların içində xüsusən də son günlər Gəncəyə ard-arda ballistik raketlərdən atılan atəşlər və son olaraq Bərdədə bazar mərkəzinə atılan kaset tipli bombalar, onun nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması ilə nəticələndi. Təəssüf ki, ölən və yaralananların içində həyatını itirən, xəsarət alan uşaqlarımız var, hər iki valideynini, valideynlərindən birini itirən uşaqlarımız var. Bu uşaqların hamısının taleyi qırılıb, bundan sonrakı ömürləri böyük bir psixoloji travma ilə keçəcək. Onların uşaqlıqları beşiyindəcə boğulub. Onlar yatdıqları yerdə, evlərində dinc oturarkən qətlə yetiriliblər. Başqa vaxtlarda dünyaya demokratiya dərsi keçən, barmaq silkələməyi bacaraq Avropa beynəlxalq qurumları bu gün ermənilərin yanındadır, ermənipərəst mövqe ortaya qoyurlar. Birbaşa uşaq hüquqları ilə məşğul olan UNİCEF uzun illərdən və son bir aydan sonra ilk dəfə dünən bəyanat yayıb. Lakin təəssüf ki, yenə də heç bir təsir gücünə malik olmayan, növbətçi,, dişsiz bir bəyanat… Bu uşaqlar kimdirlər, hansı ölkəyə aiddirlər, heç ad və soyadları, yaşları qeyd olunmur, hadisənin harada baş verməsi qeyd olunmur. Nədir bu ikili mövqenin səbəbi, haqsızın yanında olmanın səbəbi?
Bu gün beynəlxalq təşkilatların göz yumduğu terror sərhəd tanımır və sabah digər ölkələrə qarşı da törədilə bilər. BMT-nin uşaq hüquqları ilə bağı konvensiyası var. Uşaq hüquqları ilə bağlı konvensiyanın 38-ci maddəsi 15 yaşına qədər uşaqların müharibəyə cəlb edilməsini, onlardan istifadə edilməsini, onların həyatına təhlükə yaranmasını cinayət hesab edir. Ən azı buna əsaslanaraq səslərini çıxartmalıdırlar . Dünya bu qədər səssiz qala bilməz. Anlamalıdırlar ki, bu gün Azərbaycanın, İslamın, türkün gücündən qorxuya düşərək hücum edən Ermənistan və onların havadarları istənilən ölkəni nişan ala bilərlər. Çünki terrorun sərhədi yoxdur, məhdudiyyət tanımır, kimlik tanımır. O zaman bu güllələr, ballistik raketlər digər ölkələrə yönələ bilər. Bütün dünya, xüsusən də özlərini insan hüquqlarının carçısı hesab edən ölkələr duyarlı olmalı, Azərbaycanın haqlı mübarizəsinin yanında dayanaraq öz səslərini qaldırmalı, aqressora ”dur” deməyi bacarmalıdırlar. Dur deyərkən bunu Azərbaycana da şamil edirlər, ancaq Azərbaycan heç kimin torpağına hücum etməyib, öz torpağında savaşır, öz vətəndaşlarını qoruyur və haqlı bir vətən müharibəsi aparır.

Jalə Əliyeva
Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini