“Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq!”

“Dövlət yetəri qədər vəsait ayırsa da, aidiyyəti qurumlar yetərli fəaliyyət göstərmir!”.

XALQ.AZ xəbər verir ki, bunu hazırda karantin rejimində fəalliyyət göstərən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev özünün feysbuk hesabında yazıb.

“Neçə gündür biz bar-bar bağırırıq ki, poliklinikalar, xəstəxanalar və özəl tibb mərkəzləri konkret olaraq yoluxma mənbəyidir! Reaksiya verən yoxdur! Başa düşməyən aidiyyatlı qurumlara ən sadə dildə izah edirəm: əhali arasında ən çox yoluxmuş insanlar yuxarıda adı çəkilən tibb müəssisələrinə müraciət edir və oradakı personalı birbaşa yoluxdurur və bu personal yoluxur və yoluxdurur! Küçələrdəki insanlar içərisində yoluxma tibb müəssisələrinə müraciət edənlər arasındakı yoluxmadan qat-qat azdır! Təcili tədbir görülməsə, yoluxmalar daha da artacaq! Ya bu tibb müəssisələrində çalışan personal hamısı tam qoruyucu paketlə təmin edilməlidir, ya da onlarda xəstə qəbulu dayandırılmalıdır”, – deyə A.Əliyev müraciətində bildirib.