“Tədris proqramını sona qədər yetirmək heçdə ali səviyyəyə yüksəlmək deyil” – MÜSAHİBƏ

Nəzərbəy Hacıağayev: “Avropaya edilən istənilən inteqrasiya ölkəmizin Avropa modelinə keçidi deməkdir. Həm də yeni iqtisadi inkişaf deməkdir.”

Xaricdə təhsil, təhsilimizin hazırki vəziyyəti və valideyinlərin övladına verdiyi “təhsil”i müzakirə etmək üçün Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan “”FONO” Açıköğretim” qurumunun Azərbaycan bölgə müdürlüyünün müdür müavini, Nəzər Media.az informasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayevin İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik.

Təhsilimizin hazırki vəziyyəti ilə bağlı fikirləriniz hansılardır?

Azərbaycan Təhsilində bu gün bir sıra problemlər var. Bunu danmaq məncə düzgün olmazdı. Ancaq problemlərin həlli yolunda dövlətin apardığı təhsil siyasətini dəyərləndirməmək də düzgün olmazdı. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə xüsusi diqqət ayırması və bu sahəyə dövlət büdcəsindən ayrılan investisiyalar bu sahənin inkişafı üçün dövlətin ortaya qoyduğu iradənin əyani sübutudur. Problemlərin əsas səbəblərindən biri ölkəmizin vaxtikən sovet təhsil sistemində olması və bu sistemdən hələdə yaxa qurtara bilməməsidir. Azərbaycan təhsili hal-hazırda keçid dönəmini yaşayır. Təhsilimiz sovet təhsil sistemindən müstəqil modernləşmiş, dünya ilə ayaqlaşan liberal təhsil sisteminə keçiddədir. Bu keçid prosesinin isə qısa zaman ərzində həll olunmasını gözləmək sadəcə sadəlöhvlüyün rəmzidir. 70 il sovet təhsil sistemindən birdən-birə müasir Avropa təhsilinə inteqrasiyanı nə nəzəri olaraq, nə də praktiki olaraq pedaqoji heyətin mənimsəməsi mümkün deyil. Mən ölkəmizdə Distant Təhsil haqqında qanun qəbulunu çox arzulayıram. Bizim hər birimizin arzusu Azərbaycan təhsilinin Avropa və dünya təhsilinə inteqrasiyasıdır. Ancaq bu inteqrasiya prosesi kor təbii şəkildə olmamalıdır. İlk növbədə cəmiyyəti bu prosesə hazırlamaq lazımdır. Biz “Boloniya” sisteminə keçid zamanı Azərbaycan pedaqoji heyətinin və tələbələrin buna hələ hazır olmadığını müşahidə etdik.

“Xaricdə təhsil” əvəzinə ölkəmizə həmin təhsili gətirmək mümkündürmü?

Xaricdə təhsilə bu qədər laqeyd yanaşmanın tam eleyhinəyəm. Sualınıza gəldikdə isə demək istəyərəm ki, xairici tələbələrin Azərbaycana axını üçün xaricdə olan tələbərimizin, hətta xaricdə fəaliyyətdə olan məktəb və universitetlərdəki pedaqoq vətəndaşlarımızında üzərinə böyük yük düşür. Ancaq bu sahədə ən böyük yükü və məsuliyyəti dövlət daşıyır. Bu ilin iyulun 6-da Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “Təhsil Haqqında” qanun bu prosesə xidmət edir. Bu qanunla eyni zamanda xarici dövlətlərin vətəndaşlarının Azərbaycana və Azərbaycan təhsilinə marağı bir qədər də artacaq. Burda iqtisadiyyatımıza da çox ciddi xeyir verəcək. Çünki, ölkəmizin təhsil sektoruna maraq təkcə xarici tələbələr tərəfindən olmayacaq. Eyni zamanda da maddi nemətlər kapitalı üçün ölkəmizə axın edən investorlar artıq təhsil sahəsinə investisiyalar yatıracaqlar. Bu investisiyaların səyəsində artıq büdcəmizdə yeni əmtəə kapitalı formalaşacaq. Nəticə də möhtərəm Prezident İlham Əliyevin ölkəmizin rifahı üçün arzuladığı və çıxışlarında qeyd etdiyi “Biz maddi nemətlər kapitalını, insan kapitalına çevirməliyik” fikri zamanla artıq həyata keçir.

Bundan əlavə universitetlərə qəbulla bağlı olan dəyişikliklərdə istedadlı və fəal gənclərin təhsilə gedən yolu asan olacaq. Ümumiyyətlə, sizin sualınızın cavabını yalnız bu qanunun qəbulu və onun gələcək nəticələrini gördükdən sonra daha ətraflı vermək olar. Ancaq mənim proqnozlarım hadisələrin müsbət nəticələnəcəyini göstərir.

Təhsilimizin inkişafı üçün ayrılan maliyyə sizi qane edirmi?

Bu suala konkret cavab vermək istəyərdim. Hal-hazırda qəbul edilən dövlət büdcəsinə görə təhsilə ayrılan xərclərin həcmi tam qaneedicidir. Çünki, ayrılan vəsait zamanı bütün zəruri tədbirlərin böyük qismi həyata keçirilir. Buna yeni məktəblərin inşası, təmirə ehtiyacı olan məktəblərin təmiri, onların maddi texniki bazasının inkişaf etdirilməsi, ümumiyyətlə, təhsil infrasturukturlarımızın yenilənməsi prosesi Avropa və dünya standartlarına tam cavab verir.

Tələbələr nə üçün xaricdə təhsili bu qədər üstün tuturlar? Əsas fərq nədədir?

Bu tendensiya dünyanın hər bir ölkəsində var. Bu gün amerikalı İngiltərədə, Fransada təhsilini davam etdirə bilər. O demək deyil ki, Amerikanın təhsilində hər hansısa problemlər var. Sadəcə, hər şey gənclərin seçim və arzularıyla bağlıdır. O demək deyil ki, bu gün Azərbaycan təhsil sistemi Almaniya ilə birdir. Problemlər danılmır, ancaq onların həlli də labüddür. Azərbaycan təhsil sistemində zəiflik, boşluqlar var. Bunların həlli üçün yollar da var. Gənclərin xaricə getməsi təhsilimizə xeyirdir. Almaniyada təhsil alıb geri qayıdan şəxs Azərbaycan pedoqoji sisteminə böyük töhfələr verə bilər. Orda gördüyü yenilikləri, bilik və bacarıqları burda tətbiq edə bilər. Türkiyə 1923-cü ildə müstəqilliyə çıxan kimi inkişaf edib deyə bir anlayış yoxdur. Gənclərin xaricə axınını Azərbaycan təhsilinin uğursuzluğu ilə bağlasaq, düzgün olmaz. İnteqrasiya etmək və inkişaf etmək lazımdır. Sovet sistemindən çıxanda fərqinə vardıq ki, necə qapalı bir sistemin tərkibində olmuşuq. Bugün xaricdə tələbələrimizin çox olması yaxşı haldır. Lakin onlar da Azərbaycanla bağlı bir çox məsələlərdə aktiv olurlar. Çünki, biz bilirik ki, Azərbaycanın bir haqq savaşı var. Düşmən öz yalançı təbliğatı zaman xaricdə olan tələbələrindən fəal istifadə edir. Ona görə Azərbaycanlıların xarici təhsil müəsisələrində çox olması həqiqətlərimizin dünyaya çatdırılmasında bizə bir qədər də yardım edəcək.

Azərbaycanda təhsilin inkişafı üçün hansı yeniliklərə ehtiyac var?

Boloniya Təhsil sistemi tam şəkildə mənimsənilməlidir. Distant Təhsil haqqında qanun qəbulu üçün artıq dünya təcrübəsi öyrənilməlidir. Çünki gələcəkdə bu təcrübənin ölkəmizdə tədbiqi üçün bir sıra analizlər aparılmalıdır. Təhsil infrasturukturlarında heç bir problem yoxdu. Ancaq bir iki xırda məsələlər həllini tapmalıdır. Əsas məsələ dərs vəsaitlərinin yenilənməsinə də ehtiyac var. Orta məktəb sahəsində artıq bu işdə uğur əldə etmişik. Tədris proqramlarında məncə nailiyyətlərimiz var. Bu işə bakalavr və magistr təhsil pilləsi sahəsində də diqqət ayırmalıyıq. Bir də xarici tələbələrin Azərbaycana axınını təmin etmək üçün daha çox tədris prosesinin ingilis və rus dillərində olduğu ixtisasları fakültələrdə artırmalıyıq.

Sizin fikrinizcə Azərbaycan təhsili məqsədyönlüdürmü?

Bəli. Azərbaycan təhsili məqsədyönümlüdür. Əsas məqsədimiz Avropaya və dünya təhsilinə inteqrasiyadır. Sadəcə bu prosesdə bir qədər səbirli olmaq lazımdır və düzgün strateji yolla getmək lazımdır. Azərbaycan dövləti prosesi qanunauyğunluğu ilə həyəta keçirir.

Ali təhsil müəssisələri ilə yanaşı orta ixtisas təhsil müəssisələri də faydalıdırmı?

Bilirsiz burada əsas tələbənin bilik və bacarığıdır. Elə insan var onun savad göstəriciləri universitetə qəbul olmaq səviyyədə deyil. Ancaq ondan yaxşı bir sahənin mütəxəssisi ola bilər. Ona görə də orta ixtisas təhsil müəsisələrinin əhəmiyyəti çox böyükdür. Çünki cəmiyyət təkcə ziyalı təbəqədən ibarət deyil. Müəyyən sahələrdə fəaliyyət göstərmək üçün peşə sahiblərinə ciddi ehtiyac var. Bu peşə sahiblərinində peşəkar yetişməsi üçün bu formada olan orta ixtisas təhsil müəsissələrinə, peşə məktəblərinə ciddi ehtiyac var.

Azərbaycanda ali təhsil almaq niyə bu qədər dəb halını alıb?

Üzücü haldır ki, bu tendensiya ancaq ölkəmizdə mövcuddur. Bəzən, burda ən böyük günah valideynindir. Valideyn “qonşudan geri qalma” prinsipini həyata keçirmək istəyir. Ancaq bu da nəticədə gəncin taleyinə mənfi təsir göstərir. Məcburi şəkildə universitetə hazırlaşdırlan gənc sonrada o universitetə daxil olduğu zaman bir tərəfdən ixtisas dərsinin ağırlığı, digər tərəfdən isə bu ixtisasa olmayan maraq, bilik və bacarıq gəncin bu sahədə uğur qazana bilməməsinə səbəb olur. Ancaq valideyn düşünsə ki, onun övladının bilik və bacarığının müəyyən sərhəddi var, o orta ixtisas təhsili üzrə təhsil alsa gələcəkdə öz peşəsinin peşəkarına çevriləcək və maddi rifahını düzənləmək üçün öz peşəsinə və bilik və bacarığına görə iş tapacaq belə problem olmaz. Bəzən deyirlər ki, universiteti bitirən gənclər bazarda alma satır. Bunun əsas səbəblərindən biri həmin gəncin öz ixtisasına düzgün yiyələnə bilməməsi və ali təhsil diplomunun olmasına baxmayaraq savad, bilik və bacarığına görə aliliyə çata bilməməsidir. Tədris proqramını sona qədər yetirmək heçdə ali səviyyəyə yüksəlmək deyil. Məhs buna görə mən ən böyük günahı valideynlərin düzgün olmayan seçimində və övladlarının həyatına yalnış istiqamət verərək müdaxilə etməsində görürəm.

Xaricə axının qarşısını almaq üçün hansı üsullardan istifadə etmək lazımdır?

Məncə buna qətiyyən ehtiyac yoxdur. Əgər, inkişaf etmək istəyiriksə inteqrasiya prosesinin əsas mərhələsi olan tələbə mübadiləsini daha da genişləndirməliyik. Təbii ki, siz deyəcəksiniz ki, ancaq azərbaycanlılar xarici seçir və mübadilə ikitərəfli olmalıdır. Ancaq biz tələbə göndərdiyimiz ölkələrin müstəqillik dövrünə, keçdikləri böyük inkişaf yoluna nəzər salmalıyıq. Mən inanıram ki, gələcəkdə mübadilə prosesində bərabərlik əldə olunacaq. Bu, çox gözəl tendensiyadır. Biz qapalı ölkə deyilik. Təhsil inteqrasiya, inkişaf dövrünü yaşayır və bunun əsas tərəfləri xaricə tələbə göndərməkdir. Onlar öyrəndiklərini burada tətbiq edəcəklər. Bu yalnız pedaqoji sahədə deyil. Tibbdən gələnlər də gözəl həkim ola bilərlər. Onlar gəlib təcrübəsini həmkarlarıyla da bölüşə bilərlər. Avropaya edilən istənilən inteqrasiya ölkəmizin Avropa modelinə keçidi deməkdir. Həm də yeni iqtisadi inkişaf deməkdir.

Hansı xaricdə təhsil proqramlarını tövsiyyə edirsiniz? Hansı proqramlar daha faydalıdır?

Son illər İELTS imtahanları çox inkişaf edib. Elə vəziyyət yaranıb ki, müraciət çox olduğundan onlar Tiflisdə imtahan verməyə gedirlər. Bu, tələbənin dil biliyinin inkişafı ilə yanaşı, həm də xarici universitetlərin bu sənədlərə güvənməsidir. Beynəlxalq proqramların üstünlüyü odur ki, universitetlər tərəfindən daha çox tanınırlar. Hansısa dil bilib imtahan nəticəsi olmayanda, universitetə qəbul çətin olur. Qarşı tərəfi inandırmalısınız ki, siz ingilis dilində danışa bilirsiniz. Bu imtahanların tələbi daha çox miqrantların qərb ölkələrinə axını ilə bağlıdır. Təsəvvür edin ki, artıq yaş məhdudiyyətləri belə müəyyən edilib. Bəzən miqrantlar təhsil adıyla gəlib, ölkədən getmək istəmirlər. Ona görə avropalını tam inandırmalısan ki, sən ora təhsil üçün gedirsən və ölkənə qayıdacaqsan. Mən SAT proqramını da yüksək qiymətləndirirəm. Ancaq keçən il bəzi xoşagəlməz halların olması bu proqramı gözdən salsa da bu proqram yenə də dünyada öndə gedən proqramlardandır. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, məsələn qardaş Türkiyədə tibb təhsili alan gənclərə hər zaman SAT-dan deyil YÖS (Yabancı Öğretim Sınavı) yararlanmağı məsləhət görürəm. Çünki orada SAT balın o qədər yüksək olmalıdır ki, sən dünyada 10-15 nəfərin yığdığı balla rəqabət apara bilməlisən. SAT ilə qəbul zamanı yerlər məhdud, müsabiqə isə çox rəqabətli və çətin olur. Digər proqramlardan TOEFL imtahanını mən hər zaman tələbərə məsləhət görürəm.

 

 

Orxan