Tərtərdə su problemi

 

27

“Məmmədovun işi ancaq parkları, səkiləri yeniləmək, küçələrə daş düzməkdir”

“Tərtər rayonunda sakinlər nəinki təsərrüfatlarını suvarmağa, heç içməyə belə su tapmırlar. Bu gün Tərtər sanki Ərəbistan səhrasını xatırladır”

Bu barədə Tərtər sakinlərinin  ünvanladıqları şikayət məktubunda bildirilir.

Sakinlər bildirirlər ki, sovet dövründə qazılan subartezan quyularının hamısı istismar müddətini başa vurub. Bu isə yeni təyin olunmuş icra başçısı Müstəqim Məmmədovu qətiyyən narahat eləmir: “Cənab Məmmədovun işi ancaq parkları, səkiləri yeniləmək, küçələrə daş düzməkdir. Bir il öncə təmir olunmuş parkları yenidən təmir edir. Buna nə ehtiyac var? Bu işlərdə çalışan şəxslər isə rayonun ziyalı təbəqəsidir. İşçi qüvvəsi kimi hətta müəllimlərdən də istifadə eləyirlər. Bir sözlə, müəllimlər bu gün fəhlə kimi işlədilir. Təmir-tikinti işlərini isə icra nümayəndələri, bələdiyyələr həyata keçirir. Bundan başqa, rayon sahibkarları da bu işlərə cəlb olunur”.

Tərtər sakinlərinin sözlərinə görə, rayonda yaşanan su problemi barədə dəfələrlə icra başçısına  müraciət edilib, ancaq heç bir nəticə yoxdur: “Faktiki rayonda dözülməz şərait hökm sürür. Bu isə Müstəqim Məmmədovu qətiyyən narahat eləmir. Elə bil rayonda baş verənlərin ona heç bir aidiyyatı yoxdur”.

Mövzu ilə bağlı Tərtər rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sorguya heç bircavab ala bilmədik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info