Tərtətdə təhsil işçiləri sentyabr konfransına toplaşdılar

Terter-1

Rayon təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra təhsil şöbəsinin qarşısında şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş və tədbir “Gənclər Mərkəzi”nin zalında davam etdirilmişdir.

Rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev konfransı açıq elan edərək, onları yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək tədbir iştirakçılarını konfransın gündəliyi ilə tanış etmiş, sonra “2013-2014-cü dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etmişdir.

Məruzəçi rayon təhsilini ətraflı təhlil etmiş, qazanılan uğurlarla yanaşı nöqsanları da ətraflı şərh etmişdir.  O, bildirmişdir ki, bu il ali məktəblərə iş verən 356 nəfər məzundan 177 nəfər ali, 46 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. 6 nəfər 600-də, 16 nəfər 500-dən yuxarı bal toplamış, 7 nəfər hərbi məktəbə daxil olmuşlar. Qəbulda şəhər 1, 2 və 6 saylı, Qaradağlı, Umudlu, Hacıqərvənd, Azad Qaraqoyunlu, Gülabatlı tam orta məktəbləri fərqlənmişlər. Təhsil şöbəsinin müdiri metodkabinetin fəaliyyəti ilə bağlı da tənqidi fikirlər söyləmişdir.

Sonra məruzə ətrafında Hacıqərvənd kənd tam orta məktəbin məzunu, tələbə adını yenicə almış Bilqeyis Abbaslı, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, 1 saylı məktəbin direktoru Nəcibə Muradova, şəhər 6 saylı məktəbin müəllimi Tahirə Quluyeva, Qaraağacı kənd tam orta məktəbin müəllimi Rəşad Qarayev, Evoğlu kənd tam orta məktəbinin müəllimi Nubar Rəhimova və başqaları çıxış etmişlər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Ənvər Abbasov təhsil işçilərini maraqlandıran suallara cavab vermişdir.

Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov yekunlaşdırmışdır.