Tahir Mirkişili: “Onlar bir qurbandırlar”

Ermənilər Dağlıq Qarabağda süni məskunlaşdırma siyasətini davam etdirirlər. Belə ki, bu yaxınlarda Qırğızıstan vətəndaşlarını işğal altında olan torpaqlarımıza dəvət edərək, onların məskunlaşmasını təmin edəcəklərini bildiriblər.

Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT-PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili açıqlamasında ermənilərin Dağlıq Qarabağdakı süni məskunlaşdırma siyasətini tənqid edib:

“Həm Dağlıq Qarabağda yaşayan vətəndaşlarımız, həm də məskunlaşmaq üçün kənardan gətirilən insanlar işğalçı Ermənistanın əlində siyasi alətdir, oyundur. Eyni zamanda da onlar bir qurbandırlar. Nə qədər ki, Ermənistanın işğalçı siyasəti davam edir, o qədər də həm Azərbaycan vətəndaşları, həm Dağlıq Qarabağda süni məskunlaşan insanlar, həm də Ermənistanın öz vətəndaşları bundan əziyyət çəkəcəklər. Biz bunu hər zaman gördük”.

Parlamentarinin sözlərinə görə, iqtisadi imkanların olmaması və pandemiyanın sürətlə yayılması ermənilərin çirkin əməllərindən əl çəkməsinə səbəb olmayıb:

“Hesab edirəm ki, işğalçı dövlətin əsas siyasətinin yenidən bu cür oyunlara yönəlməsi və daha çox süni məskunlaşmada digər vətəndaşlardan istifadə etməsi bizdə təəssüf doğurmur. Bu, hər zaman olub. Ermənistanın indiki ağır iqtisadi vəziyyəti, pandemiya ilə mübarizə ən uğursuz ölkələrdən biri olduğunu göstərdi”.

Tahir Mirkişili qeyd edib ki, istənilən hadisədən istifadə etməklə, Ermənistan hakimiyyəti iç üzünü bir daha göstərir:

“Ermənistanda hökumət dəyişsə də, işğalçı siyasət onların xislətində qalır. Bu cür hadisələrin davam etməsi bir daha onu göstərir ki pandemiyadan sonrakı yeni mərhələdə dünyəvi yeni idarəetmə formaları, yeni beynəlxalq şərait formalaşır. Əminik ki, bu cür işğalçılıq və dağıdıcı siyasətlə nəinki regionda, hətta beynəlxalq ictimiyyət qarşısında da əsl kimliklərini nümayiş etdirməkdə davam edirlər”.

Deputat ATƏT PA-nın sonuncu onlayn iclasında bu məsələnin xüsusi qabardılmasını da diqqətə çatdırıb:

“Bu yaxınlarda ATƏT PA-nın onlayn iclası keçirildi. Birinci və üçüncü komitənin insan hüquqları ilə bağlı iclaslarında nümayəndə heyətimiz aktiv iştirak ediblər. Pandemiyadan və konfliktdən əziyyət çəkən insanlar formasında məsələlər geniş müzakirə olundu. Azərbaycanın pandemiyadan təsirlənən insanlara etdiyi köməyin konflikt nəticəsində əziyyət çəkən insanlara edə bilməməsini bir daha önə gətirdik. Bu konflikt olmasaydı, münaqişə zonasında qalan insanların, xüsusilə, erməni əsilli vətəndaşlarımızın da pandemiyadan qorunmasına Azərbaycan dövlətinin gücündən faydalanmaq imkanı yaradıla bilərdi. Bu məsələləri xüsusi qabartdıq. İşğal faktı həm də pandemiya dövründə insanların ikiqat əziyyət çəkməsinə gətirib çıxarır. Burada iki cür əziyyət çəkən insan var. Həm məcburi köçkünlərimiz, həm də işğal zonalarında işğalın girovuna çevrilmiş insanlar… İşğal faktı səbəbindən Azərbaycan hökuməti buradakı pandemiya ilə mübarizə metodlarını oradakı insanlara tətbiq edə bilmədi”.