Tbilisidəki teleqüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Aprelin 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərinin ən hündür parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

XALQ.AZ xəbər verir ki, teleqüllənin işıqlandırılması koronavirusla mübarizədə həmrəylik mesajı məqsədi daşıyır.

Tbilisidə ən hündür parkda – Mtatsminda parkında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıqlandırılıb.

Qeyd edək ki, daha öncə Türkiyənin Ankara şəhərində yerləşən “Ataküle” qülləsində də Azərbaycan bayrağı nümayiş olunmuşdu. Onu da əlavə edək ki, Heydər Əliyev Mərkəzi də müvafiq olaraq Türkiyə və Gürcüstana eyni şəkildə dəstək olub.

Azərbaycan XİN isə Tbilisiyə həmrəylik mesajına görə təşəkkür edib. Nazirliyin “Twitter” hesabında yerləşdirilən paylaşımda həmrəylik mesajına görə Gürcüstana təşəkkür edilib.

“Tbilisidə televiziya qülləsini Azərbaycan bayrağının rəngləri ilə işıqlandıraraq Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirib. Təşəkkür edirik, dost Gürcüstan”, – deyə paylaşımda qeyd edilib.

XALQ.AZ