Tibb dünyasında inanılmaz nəticə

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə Cərrahpaşa Tibb fakültəsinin professoru, həkim Derya Uludüz düz 6 il  45 yaşdan yuxarı 13 mindən çox insan üzərində araşdırma işi aparıb.
Qeyd olunan vaxtda hər gün ayrı-ayrılıqda eyni miqdarda qazlı içki və meyvə şirəsi qəbul edənlər arasında sonda müayinə keçirilib.  Nəticədə  meyvə şirəsi içənlərin 24 faizində erkən ölüm riski yarandığı müəyyən edilib. Bu hal qazlı içki içənlərin isə 11 faizində baş verib.
Meyvə şirələrinin qazlı içkilərdən fərqli olaraq zərərli olmasına səbəb isə şəkər göstərilib. Meyvə və şirələrinin tərkibində bir çox vitamin, mineral olduğundan daha tez enerji almaq mümkün olduğu təsdiqlənib, lakin meyvənin özünü yedikdə doyuruq. Həm də meyvə şirəsindən fərqli olaraq meyvədə 35 faiz daha az şəkər var.
Şirələrin zərərli olmasına bir səbəb də onun lifidir. Meyvəni yedikdə lifi qəbul edirik. Lifli qidalar isə daha uzun müddət tox tutduğu üçün xeyirlidir.
Bundan başqa meyvə şirəsi qəbul etdikdə bir andaca qanda şəkər yüksəlir. İnsulin hormonunun yüksəlməsi nəticəsində isə insanlar daha tez acır. Tez-tez şirə içdikdə bir müddət sonra insulinin yüksəlməsi adiləşir və tədricən diabet xəstəliyi yaranır.
Şəkəri çox  olan qidalar aclıq, toxluq siqnallarını pozur və iştahaya nəzarət etməkdə çətinlik meydana gətirir. Çox şəkərli qidalara meyilli insanların isə daha çox yemək yemələrinə və artıq çəki almalarına səbəb kimi də bu olduğu göstərilir.