Tovuzda yeni məktəb istifadəyə verilib

XALQ.AZ xəbər verir ki, “Bilik günü” bayramında Tovuz rayonunun Ağbulaq kəndində yeni məktəb binasının açılış mərasimi keçirilmişdir. Tədbirdə iştirak edən Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov məktəbin pedaqoji kollektivini, şagirdləri və valideyinləri, kənd sakinlərini bilik günü bayramı və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etmişdir. Cənab M. Məmmədov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Tovuz rayonunda təhsilin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışmış, Ağbulaq kənd sakinlərinin sərhəd bölgəsində məğrurluqla yaşadıqlarını və yeni məktəb binasının tikintisinin onlara əvəzedilməz töhfə olduğunu vurğulamışdır. Cənab M. Məmmədov Ağbulaq məktəbinin uğurlarından danışaraq bundan sonra müəllimlərin və şagirdlərin üzərinə daha böyük məsuliyyət düşdüyünü diqqətə çatdırmışdır.

Məktəbin direktoru Səbuhi Zeynalov, ədəbiyyat müəllimi Rəvanə Verdiyeva, X sinif şagirdi Rəfiqə İsmayılova çıxış edərək Ağbulaq kəndində müasir tipli, gözəl məktəb binası inşa olunduğuna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etmiş, bu gün onlar üçün iki qat bayram olduğunu dilə gətirmişlər. Dövlətin bu qayğısına əməli işləri ilə cavab verəcəklərini, təhsildə yeni uğurlara nail olacaqlarını, müstəqil azərbaycanımız üçün layiqli vətəndaşlar yetirəcəklərini qeyd etmişlər.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab M. Məmmədov  Ağbulaq kənd tam orta məktəbinin yeni binasının rəsmi açılışını göstərən lenti kəsmişdir.
Cənab M. Məmmədov məktəbdə yaradılmış şəraitlə tanış olmuş, bu mövsümdə birinci sinifə qəbul olunan şagirdlərə hədiyyələr vermişdir.

 

 

 

Orxan