“Tovuzla bağlı ciddi addımlar atılacaq” – Qənirə Paşayeva

Millət vəkili Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ilə Tovuzda bu sahələrdə yaşanan bir sıra problemlərlə bağlı müzakirələr aparıb.


XALQ.AZ xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşüb:

“Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovla görüşdüm və geniş müzakirələrimiz oldu. Mədəniyyət sahəsində öz həllini gözləyən bir sıra vacib problemlər, Mədəniyyət komitəsinin iş planında və müzakirəsində olan bir sıra vacib qanun layihələri, bölgələrimizdəki bir sıra tarixi-mədəni abidələrimiz, kino və teatr sahəsindəki vəziyyət, sənət adamlarının müəllif hüquqları ilə bağlı ortaya çıxan problemlər və bir çox məsələlər ətrafında çox geniş, faydalı müzakirələr oldu. Eyni zamanda millət vəkili seçildiyim Tovuz rayonunda bir neçə ay əvvəl tikilərək istifadəyə verilmiş Aşıq Hüseyn Bozalqanlı adına Aşıq muzeyi, Tarix-Diyarşünaslıq muzeyi, Dövlət Rəmzləri muzeylərinin hələ də elektrik enerjisi ilə təmin olunmaması, problemin nazirliklə bu məsələyə cavabdeh qurumlar arasında ciddi müzakirə olunması və həllini tapmasının vacibliyi, həmin muzeylərdə kadr çatışmazlığı problemlərini Anar müəllimin diqqətinə çatdıraraq qısa zamanda bu məsələlərə diqqət göstərməsini xahiş etdim. Hörmətli Anar müəllimə çox təşəkkür edirəm ki, istər mədəniyyət sahəsi ilə bağlı, istərsə də Tovuzla bağlı qaldırdığım məsələləri diqqətlə dinlədi və ciddi addımlar atılacağını bildirdi. Mədəniyyətimizin qorunması, onun inkişafı dövlətimizin, cənab Prezidentimizin siyasətində, birinci vitse Prezidentimiz Mehriban xanım Əliyevanın fəaliyyətində ən vacib məsələlərdən biridir. İnanırıq ki, Mədəniyyət nazirliyində başlayan islahatlar sürətlə davam edəcək, bu sahədə həllini gözləyən problemlərin həlli istiqamətində önəmli işlər görüləcək və bu sahənin inkişafında, mədəniyyətimizin dünyada təbliğinin genişləndirilməsində daha böyük uğurlara nail olunacaq. Anar müəllimi Mədəniyyət nazirinin birinci müavini təyin olunması münasibətilə təbrik etdik, ona uğurlar dilədik və Milli Məclisin Mədəniyyət komitəsi olaraq mədəniyyət sahəsinin inkişafı ilə bağlı bütün məsələlərdə hər zaman dəstək olacağımızı bildirdim.”


Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə də görüşüb:

“Millət vəkili seçildiyim Tovuz rayonunda rabitə, internetlə təminat və nəqliyyat sahəsində yaşanan bəzi problemlərlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdük və geniş fikir mübadiləsi apardıq. COVİD-19 pandemiyası dövründə online təhsilə keçmək məcburiyyətində qalan müəllim və şagirdlərimizin kəndlərimizdə internet təminatı ilə bağlı üzləşdiyi problemlərlə bağlı da müzakirələr aparıldı. Hörmətli Ramin müəllimə çox təşəkkür edirəm ki, Tovuz rayon sakinlərimizin qaldırdığı bir sıra problemlərlə bağlı müraciətlərimizi diqqətlə və həssaslıqla dinlədi, həlli istiqamətində daha sürətli addımların atılacağını bildirdi. Ramin müəllim son dövrlərdə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində görülən işlər, əldə edilən uğurlar barədə də məlumatlar verdi. O bildirdi ki, bölgələrimizdə də rabitə və nəqliyyat sahəsində, eyni zamanda internetlə təminat imkanlarının kənd rayonlarında daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin sayı çoxalacaq.”