Tramp Avropadan ABŞ-a girişi qadağan etdi

ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İngiltərədən başqa bütün Avropa ölkələrindən ABŞ-a girişi qadağan edib.

XALQ.AZ-ın məlumatına görə, məhdudiyyətlər barədə fərman 13 mart gecə yarısında qüvvəyə minib.

İstisnalar lazımi yoxlamalardan keçən amerikalılara şamil ediləcək.

“Bu qadağalar yalnız əhəmiyyətli ticarət həcmlərinə və yüklərə deyil, bir sıra digər şeylərə də təsir edəcək … ABŞ-dan Avropaya daxil olan hər şeyi müzakirə edəcəyik”, -deyə Tramp Ağ Evdən xalqa müraciətində bildirib.

Daha sonra öz tvitter mikrobloqunda “Avropadan 30 günlük səyahət məhdudiyyəti heç bir şəkildə ticarətə təsir etməyəcək” qeydini paylaşıb.

“Qadağa malları deyil, insanları dayandırır”, – deyə o, vurğulayıb. 

Onun sözlərinə görə, Avropa Birliyi ABŞ-dan fərqli olaraq Çin ilə vaxtında əlaqəni dayandırmadığına görə epidemiyanın qarşısının alınması öhdəsindən gələ bilməyib: “Biz əvvəllər Çinə qarşı xilasetmə tədbirləri görmüşdük, indi Avropa ilə eyni tədbirləri görməyə borcluyuq. Biz gecikmədən hərəkət edəcəyik və vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin lazımi səviyyədə qorunması üçün bütün lazımi addımları atacağıq”.

Bununla yanaşı, ABŞ-ın Çin və Cənubi Koreyadakı vəziyyəti izlədiyini qeyd edərək, bu ölkələrdə koronavirusun yayılması ilə bağlı vəziyyət yaxşılaşdıqca Vaşinqtonun mövcud məhdudiyyətləri nəzərdən keçirəcəyini bildirib.

Bundan əlavə, Tramp kiçik müəssisələrə və həssas əhali qruplarına maliyyə dəstəyi, həmçinin koronavirusun ölkə daxilində yayılması ilə əlaqədar vergi güzəştləri elan edib: “Mən kiçik müəssisələrin fəaliyyətinə cavabdeh olan orqanlara, öz imkanları daxilində, koronavirusdan təsirlənən şirkətlər üçün kapital və likvidliyin təmin edilməsi üçün təlimatlar verdim”.

O, vətəndaşları zərərçəkmiş ştatların şirkətlərinə virusun yaratdığı müvəqqəti iqtisadi çətinlikləri aradan qaldırmaq üçün səlahiyyətlilərin aşağı faizli kreditlər verəcəyinə əmin edib: “Konqresdən xahiş edirəm ki, bu proqram üçün maliyyəni əlavə 50 milyard dollar artırsın”.