Tramp Ukrayna ilə bağlı tapşırıq verdi

ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı yoxlamaqla bağlı tapşırıq verib.

XALQ.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri dövlət başçısının administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Amerika lideri ayrılmış vəsaitin Vaşinqtonun maraqları üçün ən yaxşı şəkildə istifadə olunduğundan əmin olmaq istəyir.

Baxış zamanı hərbi büdcəyə pul köçürülməsi prosesi dondurulacaq. Yoxlama ABŞ Müdafiə Naziri Mark Esper və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Con Bolton tərəfindən aparılacaq.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Təsisatlar Komitəsindən bildirilib ki, “bu vacib fondların dondurulması ilə bağlı ciddi narahatlıqlar” yaşanır: “Təcili olaraq administrasiyaya bu qaynaqların ayrılmasını nə üçün gecikdirdiyinə dair sorğu göndərəcəyik”.

Xatırladaq ki, cari ilin iyununda Pentaqon Ukraynanın müdafiəsi üçün 250 milyon dollar ayrıldığını açıqlayaraq qeyd edib ki, Kiyev bu məbləğə hazırkı təlim proqramları, snayper tüfəngləri və qumbaraatanlar, radarlar, rabitə vasitələri və gecə görmə cihazları üçün avadanlıq alacaq.

ABŞ-ın müdafiə idarəsindən keçən pullarla yanaşı, Kiyev 2019-cu ildə Dövlət Departamenti vasitəsilə də 445 milyon dollar qazanacaq. Bu vəsaitləri nəzərə alaraq, ABŞ son beş ildə Ukrayna ordusunun inkişafı üçün təxminən 1,5 milyard dollar ayırıb.