Turistlər Bakını necə dəyişir?

Ölkəni dünyaya açmaq, dünya ilə iqtisadi və mədəni əlaqələri inkişaf etdirmək vacib amildir.

XALQ,AZ xəbər verir ki, bu sözləri Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban qeyd edib. Ekspertin sözlərinə görə, turizm təkcə gələnlərdən qazanc məsələsi deyil, həm də özünün başqalar ilə real rejimdə müqayisəsidir:

“Yəni rəqabətdir. Əvvəlcə uduzduğunu görüb pessimist fikirlərə də qapıla bilirsən. Ancaq öz üzərində çalışıb bir azdan digər xalqların nümayəndələri ilə bu və ya digər sahələrdə bərabərləşdiyini və hətta irəli keçdiyini də nümayiş etdirməyin mümkündür. 2015-ci ildən turistlərin Azərbaycana axını başladı. Başlayan kimi də yerlilər onları neqativlə qarşıladı. Buna baxmayaraq, bu şəxslər turistləri addımbaşı imkan düşdükcə aldadıb xeyli qabağa düşürdülər. Həmin vaxtdan cəmi 3 il keçib. Artıq Fəvvarələr meydanındakı ən bahalı restoranlar girişdə menyu və qiymətlər asmağa başlayıb. Nizami küçəsində də mənzərə eynidir. Bu yerlərə baxdıqda insanlar özlərini Praqada, ya da Türkiyədə zənn edir”.

Ekspert bildirib ki, hazırda Vətən kinoteatrından Qış Bulvarına qədər olan sahə bütünlüklə restavrasiya olunur və cəmi 1 il sonra yeni turizm məkanına çevriləcək:

“Cəmi bir “beşilliyə” bu sahədəki uğurlar iqtisadiyyatın digər sektorlarını kölgədə qoyur. Çünki burada monopoliya o səviyyədə deyil, bir xeyli adam dolanmaq imkanı əldə edir, gəlir bölünür”.

 

Elgün